Tbilisidə 70 mərtəbəli “Trump tower” tikiləcəyi bildirilir

Erik və Tramp, foto: Reuters

Tramp Təşkilatı Gürcüstanın paytaxtında 70 mərtəbəli göydələn – “Trump Tower Tbilisi” tikmək planlarını açıqlayıb. ABŞ Prezidenti Donald Trampa məxsus olan təşkilat bildirib ki, layihə dörd gürcü şirkəti – “Archi Group”, “Biograpi Living”, “Blox Group” və “Finvest Georgia”, həmçinin ABŞ-də yerləşən inkişaf etdirici və əvvəllər Tramp Təşkilatının tərəfdaşı olmuş “Sapir Organisation” ilə birgə həyata keçiriləcək.

OC Media yazır ki, tamamlandığı təqdirdə, “Trump Tower Tbilisi” Qafqazda ən hündür göydələn olacaq və hazırda ən hündür bina sayılan Azərbaycanın Bakı şəhərindəki Baku Tower-dən xeyli yüksək olacaq.

Layihə barədə ilk məlumatı şənbə günü The Wall Street Journal yayıb, daha sonra isə Tramp Təşkilatı bunu sosial mediada təsdiqləyib.

Təşkilatın bildirdiyinə görə, bina “lüks yaşayış sahələri, ticarət, restoranlar və həyat tərzi xidmətlərini birləşdirən çoxfunksiyalı məkan” olacaq.

“Tbilisidə Trump Tower şəhərin əsas biznes mərkəzinə və Şərqi Avropa ilə Asiyada beynəlxalq biznes üçün qapıya çevrildiyini, həmçinin lüks daşınmaz əmlakın qlobal alıcıları arasında nüfuzunun artdığını göstərir”.

Binanın şəhərin Saburtalo rayonunda, hazırda uzunmüddətli, lakin tamamlanmamış yenidənqurma işləri fonunda baxımsız vəziyyətdə olan Mərkəzi Parka baxan ərazidə tikilməsi planlaşdırılır. Həmin ərazidə bir neçə digər iri layihə də həyata keçirilir.

Təşkilat yazır ki, “bu qüllə Tbilisinin Şərqi Avropa ilə Asiyanın kəsişməsində beynəlxalq investisiya, mədəniyyət və yüksək həyat səviyyəsi mərkəzinə çevrilməsində mühüm rol oynamağa hazırdır“.

Donald Trampın ikinci oğlu və Tramp Təşkilatının icraçı vitse-prezidenti Erik Tramp bildirib ki, “Tramp adı dünyanın ən lüks daşınmaz əmlak layihələri ilə sinonimdir və ‘Trump Tower Tbilisi’ bu irsin davamıdır”.

“O, əlavə edib: ‘Bu qlobal səviyyədə tanınan keyfiyyət standartını Gürcüstana gətirməkdən qürur duyuruq və bu layihədə belə nüfuzlu və peşəkar inkişaf etdiricilərlə əməkdaşlıq etdiyimiz üçün xüsusilə məmnunuq’”.

Təşkilat həmçinin Tbilisi və ümumilikdə Gürcüstan haqqında bir sıra təriflər səsləndirib, ölkəni “beynəlxalq investorlar və ikinci ev almaq istəyənlər üçün xüsusilə cəlbedici”, şəhəri isə “qonaqpərvərlik və həyat tərzi imkanları genişləndikcə Lissabon və erkən mərhələdəki Dubay kimi inkişaf edən lüks istiqamətlərlə müqayisə olunan” bir məkan kimi təsvir edib.

“Güclü investisiya cəlbediciliyindən əlavə, Gürcüstan zəngin mədəni irsi və şərabçılığın beşiyi kimi geniş tanınan, əsrlərə söykənən şərab istehsalı ənənəsi ilə seçilir. Tarixi memarlıq, dinamik kulinariya səhnəsi və sürətlə inkişaf edən qonaqpərvərlik sektoru ilə birlikdə ölkə getdikcə gələcəyin şəhəri kimi mövqelənir”.

“Trump Tower Tbilisi” Trampın Gürcüstanda həyata keçirməyə çalışdığı ilk daşınmaz əmlak layihəsi deyil – o, daha əvvəl 2012-ci ildə Batumidə oxşar adlı “Trump Tower” tikmək planını açıqlamışdı. Tikintinin növbəti il başlaması nəzərdə tutulsa da, proses dayandı və Tramp 2017-ci ildə seçildikdən sonra maraq toqquşmasının qarşısını almaq üçün layihədən çəkildi. Daha sonra layihə Gürcü Arzusu partiyasının qurucusu Bidzina İvanişvilinin dəstəklədiyi Gürcü Birgə İnvestisiya Fondu tərəfindən davam etdirildi və “Silk Tower” adı ilə yenidən brendləndi. Tikintinin onilliyin sonuna qədər başa çatdırılması planlaşdırılır.

Eyni dövrdə Trump Təşkilatı Azərbaycanın paytaxtı Bakıda Trump markalı otel tikintisində də iştirak etmişdi, lakin 2016-cı ildə – yenə də seçkidən sonra — layihə ilə əlaqəsini kəsmişdi.

“Trump Tower Tbilisi” layihəsinin maraq toqquşması baxımından necə fərqlənəcəyi isə aydın deyil – Tramp 2017-ci ildə şirkətin idarəçiliyini formal olaraq başqalarına həvalə etsə də, onun Tramp Təşkilatından şəxsi maliyyə baxımından necə faydalandığı ilə bağlı suallar qalmaqdadır.

Şirkət son illərdə ABŞ-də bir sıra hüquqi problemlərlə də üzləşib. Bunlara 2024-cü ildə Nyu-Yorkda keçirilən mülki fırıldaqçılıq məhkəməsindən sonra şirkətə kəsilən 355 milyon dollarlıq cərimə də daxildir. Daha sonra bu məbləğ 175 milyon dollara endirilsə də, qərar təşkilat üçün həmin vaxt “korporativ ölüm hökmü” kimi qiymətləndirilmişdi. Nəticədə Trump Təşkilatının Nyu-Yorkda biznes aparmaq imkanları ciddi şəkildə məhdudlaşdırılıb.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərTbilisidə 70 mərtəbəli “Trump tower” tikiləcəyi bildirilir