Şuşa Bəyannaməsinin ilk imtahanı

Şuşa bəyannaməsi imzalanarkən Foto: Azərtac

Zərdüşt Əlizadə

Türkiyə XİN-i bir deyir, iki deyir, görür ki, təsir etmir…

Son üç ildə möhtərəm siyasətşünaslarımız Şuşa Bəyannaməsi mövzusunda əməlli-başlı bir dastan yaradıblar. Bu siyasətşünasların ən samballısı qət edilmiş bir məsələ kimi elan verir ki, “vahid Azərbaycan-Türkiyə ordusu artıq yaradılıb”. Məne-biçarə acı-acı gülümsünüb özüm özümə sual verirəm ki, “aya, görəsən bu vahid ordunun vahid ali baş komandanının adı nə olacaq: İlham, ya Rəcəb?”

Təbii ki, vahid ordunun yaradılması barədə deyilənləri Şuşa Bəyannaməsinin əhəmiyyətinin şişirdilməsi kimi qiymətləndirirəm. İki ordu arasında sıx əməkdaşlığın gücləndirilməsi heç də “vahid ordu”nun yaradılması deyil. Ordu dövlətin məqsədlərinin gerçəkləşdirilməsinə xidmət edir. Türkiyə dövlətinin məqsədləri heç də hər zaman Azərbaycan dövlətinin məqsədləri ilə eyni ola bilməz. Əyani sübut kimi sual verirəm: əgər Türkiyə tərəfinin dediyi kimi, İsraillə müharibə başlasa, Azərbaycanın ordu hissələri bizim hakimiyyətin can-ciyəri İsrailə hücum haqqında Rəcəb bəyin əmrini icra etməyə hazırdırlarmı?

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Necə deyərlər, Şuşa Bəyannaməsinin mahiyyətini şişirdənlər böylə tühaf mətləbləri nəzərə almırlar. Məncə, Şuşa Bəyannaməsi həqiqətən çox dəyərli siyasi sənəddir, lakin onun mahiyyəti elə onun mətnində əksini tapıb və bu mətndə yazılmayanları uydurmağa nə hacət?

Bəli, Türkiyə Cümhuriyyəti Azərbaycanla təhlükəsizlik məsələlərində həmrəy olmağa hazırdır və bu məqsəd Şuşa Bəyannaməsində ağ kağız üzərində mürəkkəblə yazılıb. Eşq olsun Şuşa Bəyannaməsinə!

Bəyannaməyə uyğun olaraq əsgər və zabitlərimiz birgə təlim keçir, qərargahlarımız birgə nəqşələr çəkir, XİN-lərimiz əlaqələndirilmiş siyasət yürütməyə çalışır.

Çalışır, lakin bəzən alınmır. Niyə? Çünki iki dövlətin xarici siyasət məqsədləri bəzən üst-üstə düşmür və bu, tam təbiidir.

Məsələn, Ermənistanın ağzı 44 günlük müharibədə ovulandan, kimin kim olması barədə təsəvvürlərində lazımi dəqiqləşdirmə aparılandan sonra Türkiyə istəyir ki, bu balaca, lakin hədsiz fəal dövlətlə siyasi münasibətlərini tənzimləsin, elə etsin ki, dəxi başı ağrımasın. Fikirləşir ki, üz-üzdən utanar, diplomatik əlaqələr qurulandan sonra Ermənistan da çalışar ki, normal münasibətdə olduğu dövlətə sataşmasın.

Buna görə Türkiyə XİN-i müttəfiqi Azərbaycanın XİN-inə deyir ki, arkadaş, Ermənistanla münasibətlərinin tənzimlənməsini sürətləndir ki, biz də sizin ardınızca diplomatik münasibətləri tənzimləyək, sərhədləri açaq, artıq çoxdan razılaşdırılmış bir yığın sənədi ratifikasiya edək, müxtəsər, tarixin ədavət səhifəsini çevirib yeni əmin-amanlıq səhifəsini yazaq.

Azərbaycan XİN-i deyir “van minit”, yəni toxta, arkadaş, biz hələ erməni tərəfinin qulağını kifayət qədər burmamışıq. Bizim müzəffər Ali Baş Komandan Ermənistanın baş nazirindən tələb edir ki, vaxtilə elədiyiniz böyük səhvi düzəldin, “tarixi ədalətin bərpası naminə Ermənistanla Dağlıq Qarabağın birləşməsi” barədə cəfəng cümləni hüquqi sənədlərinizdən, ilk növbədə Konstitusiyanızdan çıxarın.

Türkiyə XİN-i deyir ki, dəyərli arkadaşlar, bu cümlə erməni sənədlərində var, ya yox, sizə nə? Siz ki, bu dövləti məğlub edib ərazinizi qaytarmısınız, biz də sizə qahmar çıxmışıq, bundan sonra yüz il keçsə belə, Ermənistan bir daha cürət edib Azərbaycanın üzərinə ayaq açmaz. Boşlayın onların hüquqi sənədərində nə yazılıb, bəlkə onlar vaxtaşırı bu cümləni oxuyub, oxşayıb, sığallayıb ağlamaq istəyirlər? Macal verin biz də fürsətdən istifadə edək, daşdan keçən sənədlər imzalayaq, ermənilərin bundan sonra bizə qarşı istifadə edilmə ehtimalını sıfra endirək, yaşayaq adam balası kimi, qulağımız dinc, başımız səlamət.

O biri yandan bizim sizdən əksik olmayan qərbli müttəfiqlərimiz bizdən xahiş edirlər ki, erməniləri yola verək. Nəzərə alın ki, sizin bizdən ibarət olan bir müttəfiqiniz var, bizim isə NATO üzvü olan 32. Onlar xorla tələb edirlər ki, Ermənistanla əlaqə quraq. Odur ki, bizi çətin duruma salmayın, izin verin işimizi görək.

Türkiyə XİN-i bir deyir, iki deyir, görür ki, təsir etmir. Türkiyə xüsusi elçisi Serdar Kılıç erməni xüsusi elçi Rubin Rubinyanla bir görüşür, iki görüşür, söz verir ki, “az qalıb, məsələ vot-votdadır”, di gəl ki, Azərbaycan XİN-i dirənib ki, qoy Ermənistan səhvini düzəltsin.

Türkiyə XİN-i uşaq deyil, gözəl anlayır ki, fətvanı Rusiya XİN-i verib, xahiş edib ki, məsələni uzadın, qoy Ermənistanın qarnı da, başı da ağrısın, bəlkə ağlı başına qayıdar, daşı ətəyindən töküb yenidən atılar ağuşumuza.

Belə getsə, günlərin bir günü görəcəyik ki, Türkiyə Ermənistanla münasibətlərini bizim xeyir-duamız olmadan səliqə-səhmana salıb və bu tənzimləmə əməliyyatını erməni təbliğatı növbəti tarixi qələbə kimi dünyaya təqdim etdi. Bu zaman qardaş və müttəfiq Türkiyəyə Tənzilə xanım Rüstəmxanlını və Bahar xanım Muradovanı bu razılaşmanı pozmaq tapşırığı ilə göndərməyin xeyri yoxdur. Zəmanə və şərait dəyişib.

Bəlkə iş çatacaq “ölüb-öldürməyə”?

Bu zaman vahid orduya hücum əmrini kim verəcək?

Mən bu sualın cavabını vahid türk ordusu barədə nağılları məsələdən bixəbər dinləyicilərinə danışan siyasətşünaslardan gözləmirəm, zira onlar indiyədək dedikləri yalanların heç birinin məsuliyyətini daşımayıblar.

Ana səhifəMənim FikrimcəŞuşa Bəyannaməsinin ilk imtahanı