İyunun 1-də Naxçıvanda Dövlət Sərhəd Xidmətinin daha bir hərbçisi — Natiq Məmmədov müəmmalı şəkildə ölüb.
Hərbçinin atası Namiq Məmmədov Meydan TV-yə bildirib ki, oğlunun ölümü ilə bağlı ona hər hansı rəsmi açıqlama verilməyib. Onun sözlərinə görə, oğlunun ölümünə səbəb hərarətini salmaq üçün vurulan iynə ola bilər.
“Oğlumu otuz yeddi yarım qızdırma ilə tibb məntəqəsinə aparıblar. Orada iynə vurublar. Çox güman ki, iynə şok verib. Sonra hospitala aparıblar. Hospitalda nə qədər çalışsalar da, uşaq dünyasını dəyişib. Heç nə edə bilməyiblər”, — ata bildirib.
Namiq Məmmədov deyir ki, oğlu hərbi xidmətə yollanmazdan əvvəl bütün tibbi müayinələrdən keçib və heç bir sağlamlıq problemi olmayıb.
Onun sözlərinə görə, oğlunun bədənində hər hansı zədə və ya yara izi də olmayıb.
“Sözün düzü, özümü yaxşı hiss etmirdim. Amma qardaşım görüb. Heç bir yerində heç nə yox imiş. Sadəcə ekspertiza üçün analizlər götürüblər. Mənə elə gəlir, Allah bilir, yəni. Atəş izi filan olmayıb. Sadəcə, çox güman ki, həkim səhlənkarlığıdır. Antibiotik vurublar, nəsə uşaq şok keçirib”, — Məmmədov Meydan TV-yə açıqlamasında deyib.
Namiq Məmmədov əlavə edib ki, cənazə gətirilən gün polis əməkdaşları çəkiliş aparmağa icazə verməyiblər:
“Qoymadılar ki, burada çəkiliş olsun. Bilmirəm, nəyə görə belə oldu. Dəfn zamanı telefonları yığışdırdılar”.
Namiq Məmmədov “TikTok” səhifəsində paylaşdığı videoda da oğlunun ölümündən danışıb. Lakin bir neçə saat sonra həmin video onun sosial şəbəkə profilindən silinib.
Bu, son bir ayda Dövlət Sərhəd Xidmətində qeydə alınan beşinci hərbçi ölümü hadisəsidir.
Dövlət Sərhəd Xidməti əsgərlərin ölümü ilə bağlı hələlik hər hansı açıqlama verməyib.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun direktoru Cəsur Məmmədovun araşdırmasına əsasən, 2026-cı ilin may ayına qədər Azərbaycanda azı 20 hərbi qulluqçu qeyri-döyüş şəraitində vəfat edib.
Bu hadisələrin heç biri ilə bağlı Dövlət Sərhəd Xidməti indiyədək açıqlama yaymayıb.