Rusiya Xarici İşlər Nazirliyi hadisə ilə bağlı yaydığı açıqlamada gəmilərin Ukrayna dronları tərəfindən hədəfə alındığını bildirib.
Nazirlik hadisəni “terrorçu hücum” kimi qiymətləndirərək bunun “Kiyev rejiminin terror xarakterini bir daha təsdiqlədiyini” bəyan edib.
Rusiya tərəfi insidentlə bağlı araşdırmaların davam etdiyini açıqlayıb. Moskva həmçinin həlak olanların ailələrinə başsağlığı verib, Azərbaycan hakimiyyəti və Bakıdakı səfirliyi ilə sıx əlaqə saxladığını, zəruri yardım göstərməyə hazır olduğunu bildirib.
Ukrayna tərəfi isə dron hücumlarını təsdiqləyib.
Ukrayna dron qüvvələrinin komandiri Robert Brovdinin sözlərinə görə, Mariupol və Berdyansk limanlarında, eləcə də Rusiya nəzarətində olan ərazilərin sahil sularında beş gəmi – quru yük gəmiləri və tanker dron zərbələrinə məruz qalıb.
Brovdi bildirib ki, hədəfə alınan gəmilər “Ukrayna taxılının daşınmasında” və hərbi yük, yanacaq nəqlində istifadə olunurdu. Onun iddiasına görə, gəmilərin adları boyanmış, radar sistemləri isə söndürülmüş vəziyyətdə olub.
Hazırda gəmilərin vəziyyəti, itkilərin dəqiq səbəbləri və hücumun detalları ilə bağlı araşdırmalar davam edir.
Azov dənizinin Taqanroq körfəzində iki yük gəmisinə dron hücumu nəticəsində 5 Azərbaycan vətəndaşı həlak olub, 3 nəfər yaralanıb.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli medianın sorğusuna cavabında bildirib.
XİN rəsmisinin sözlərinə görə, iyunun 5-nə keçən gecə heyətində ümumilikdə 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə hücum edilib.
“Qeyd etmək istərdik ki, sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil”, – deyə Ayxan Hacızadə bildirib.
Nazirlikdən verilən məlumata görə, həlak olan və yaralananlarla bağlı məlumat Rusiya tərəfi tərəfindən təqdim edilib. Yaralananlar Yeysk şəhər xəstəxanasına yerləşdirilib.
XİN bildirir ki, hazırda məsələ ilə bağlı aidiyyəti dövlət qurumları, Azərbaycanın diplomatik nümayəndəlikləri və müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri aparılır.
“Rusiyadakı səfirliyimizin bir neçə nəfər əməkdaşı hadisə yerinə yola düşüblər. Vətəndaşlarımızın vəziyyəti, onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi məsələləri diqqətdə saxlanılır”, – deyə açıqlamada qeyd olunur.
Açıqlamada ölənlərin və yaralıların şəxsiyyəti, dron hücumunun kim tərəfindən həyata keçirildiyi açıqlanmayıb.