Sumqayıtda: Yataqxana sakinləri binanın dezinfeksiya edilməsini istəyir

Sakinlər deyirlər ki, yataqxananın otaqları o qədər kiçikdir ki, bura hər şeyi sığdırmaq mümkün deyil.

Source: Specify Source


“Dəfələrlə yataqxananın dərmanlanması, dezinfeksiya olunması üçün aidiyyatı qurumlara müraciət etmişik, vecinə alan olmayıb”

Sumqayıtın Kimyaçılar qəsəbəsinin sakinlərinin şikayəti var. Onlar Səməd Vurğun küçəsidəki 7-ci binada yaşayırlar. Deyirlər ki, binaları yataqxana tiplidir və ümumi istifadədə olan yerləri var. Məsələn, hamam, ayaqyolu, mətbəx kimi… Bu ümumi yerlərdən 13 ailə istifadə edir. Onlar Cəbrayıl və Zəngilandan olan məcburi köçkünlərdir.

Sakinlər bildirirlər ki, koronavirusun yayıldığı zamanda bu, çox təhlükəlidir. Xəstələnən insanlar olur və ortaq yerlərdən istifadə zamanı yayılma təhlükəsi var.

“Dəfələrlə yataqxananın dərmanlanması, dezinfeksiya olunması üçün aidiyyatı qurumlara müraciət etmişik, vecinə alan olmayıb”, – sakinlər bildirilər.

28 ildir yataqxanada yaşayan Zəngilan köçkünü Maral Babayeva da şikayətçidir. Deyir, koronavirus birgə yaşayış yerlərində daha çox yayılır. Odur ki, hamı kimi o da narahatdır. Qorxur ki, yataqxanada bir nəfər virusa yoluxsa, hamıya keçirəcək:

“Burada nə az, nə çox – düz 51 nəfər yaşayırıq. Onlardan da 12-si uşaqdır. Bu yaxınlarda qonşumuzun 18 yaşlı oğlu Şuşa uğrunda gedən döyüşlərdə şəhid oldu. Ailəyə baş çəkənlər, yəni gələn-gedən olur. Nəticədə təhlükə də böyüyür. Hamımızın təhlükəsizliyi üçün istəyərdim ki, yataqxananı dərmanlasınlar. Bunu bir dəfə yox, vaxtaşırı, heç olmasa 10 gündən bir etsələr, yaxşı olar”.

Untitled design (15).png
“Məsələn, hamam, ayaqyolu, mətbəx kimi…”

Yataqxananın bir hissəsində məcburi köçkünlər məskunlaşıb, bir hissəsi isə bağçadır. Sakinlər deyirlər ki, 1-ci mərtəbənin yarısı, 2-ci mərtəbə isə bütövlükdə uşaq bağçasıdır.

“Bizə çətindir, qorxuruq. Əksəriyyəti məcburi köçkün olan sakinlərin çoxu işsizdir. 60 manat çörəkpulu ilə birtəhər dolanırlar. Yəni bu insanlar pul yığıb yataqxananı dərmanlada bilməz. Buna imkanımız çatmaz”.

Sakinlər deyirlər ki, yataqxananın otaqları o qədər kiçikdir ki, bura hər şeyi sığdırmaq mümkün deyil. Odur ki, hamam, mətbəx və ayaqyolu bir dənədir, ümumidir.

Elə buna görə də yataqxanada koronavirusun yayılmasının qarşısını almaq çox çətindir. Bəlkə də artıq gecdir. Belə ki, son günlər bu yataqxanda kütləvi yoluxma müşahidə olunsa da, sakinlərin imkanları olmadığına görə test də verə bilmirlər”, – Maral Babayeva bildirir.

Sakinlər isə deyirlər ki, yataqxana pandemiya dövründə bir dəfə də olsun dezinfeksiya olunmayıb. Bu, təhlükəlidir:

“Sumqayıt Şəhər İcra Hakimiyyətindən, sanitar epidemoloji idarədən xahiş edirik ki, bu barədə bir tədbir görsünlər. Əks təqdirdə yataqxana bütünlüklə infeksiya mənbəyinə çevriləcək. Bu da bizim həyatımız üçün təhlükədir”.

Meydan TV problemlə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edib. İcra hakimiyyətindən bildiriblər ki, həmin yataqxana artıq bir dəfə dərmanlanıb. İkinci dəfə dərmanlanması üçün də göstəriş verəcəklər:

“Bir dəfə də dərmanlayarlar, problem deyil. Elə bu gün göstəriş verəcəyik”.

Untitled design (16).png
Sakinlər deyirlər ki, yataqxananın otaqları o qədər kiçikdir ki, bura hər şeyi sığdırmaq mümkün deyil.
Untitled design (19).png
Mətbəx
Untitled design (17).png
Dəhliz
Ana səhifəBölgəSumqayıtda: Yataqxana sakinləri binanın dezinfeksiya edilməsini istəyir