Sülhməramlıların komandiri Ermənistan hakimiyyətini təxribatda günahlandırıb

“Bu planlaşdırılmış, adi səfər idi”.

Source: Архив


General-leytenant Bakıya səfəri zamanı erməni hərbçilərin azad olunmasının planlaşdırılmadığını əlavə edib

Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradov Ermənistan hakimiyyətini təxribat törətməkdə günahlandırıb.


“News.am”

yazır ki, Ermənistanın “Hraparak.am” saytının əməkdaşı Yerevanda rusiyalı generaldan ötən gün Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin təyyarə ilə qaytarılması məsələsi barədə sual verib.

Jurnalistin “Nə üçün dünən Ermənistan rəsmiləri Azərbaycanla əsirlərin dəyişdiriləcəyi barədə açıqlama vermişdi” sualına general-leytenant Rüstəm Muradov belə cavab verib:

“Bu, çirkin təxribat idi. Onlardan soruşun. Onlar xalqı aldadır. Bu planlaşdırılmış, adi səfər idi”.

O, Bakıya səfəri zamanı erməni hərbçilərin azad olunmasının planlaşdırılmadığını əlavə edib.

Ermənistan mətbuatı aprelin 8-də Azərbaycanın erməni əsirləri təhvil verməməsi barədə xəbər yayıb. “Sputnik Armeniya”nın məlumatına görə, Ermənistanın Baş nazir müavini Tiqran Avinyanın mətbuat katibi Njde Ovsepyan bildirib ki, Azərbaycandan növbəti hərbi əsirlər qrupu Yerevana yola salınıb.

Bakıdan yola düşən təyyarə “Erebuni”yə enib. Lakin “Sputnik Armeniya”nın aeroportda olan müxbiri bildirib ki, “hava gəmisi”nin içində Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov olub.

Tigran Avinyanın verdiyi məlumata əsasən, erməni hərbi əsirlərin qayıtması yenidən Azərbaycan tərəfindən təxirə salınıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl Osaymin ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, hərbi əsirlərin qarşı tərəfə verilməsi həll edilib və bu məsələ artıq bağlanıb.

Ana səhifəSiyasətSülhməramlıların komandiri Ermənistan hakimiyyətini təxribatda günahlandırıb