Frank Şvabe Əli Kərimlinin azadlığa buraxılmasını tələb edib

Əli Kərimli – Foto: Meydan TV

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan olan deputatı Frank Şvabe hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin azadlığa buraxılmasını tələb edib.

Almaniyalı deputat bu barədə “X” platformasında paylaşım edib.

Şvabe Avropa İnsan Hüquqları Məhkəməsinin Əli Kərimlinin sağlamlıq durumu ilə bağlı müraciətinə cavab olaraq bunu yazıb. Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətindən AXCP sədri Əli Kərimlinin səhhəti və saxlanma şəraiti barədə məlumat verməsini istəyib.

“Əli Kərimli Azərbaycandakı 300-dən çox siyasi məhbusdan biridir. Avropa İnsan Hüquqları Məhkəməsi indi onun səhhəti ilə bağlı məsələyə reaksiya verir. Ən doğrusu onun dərhal azadlığa buraxılması olardı”, – Frank Şvabe belə yazıb.

Əli Kərimliyə qarşı təzyiqlər

AXCP-dən verilən məlumata görə, iyunun 23-dən etibarən Əli Kərimlinin saxlanıldığı kameraya psixi sağlamlıq durumu yaxşı olmayan məhbus yerləşdirilib. Həmin məhbus gecələr yüksək səslə “zikr” edir, dini ayinlər oxuyur. Bu vəziyyət Kərimlinin gecə yata bilməməsinə və yuxu problemlərinin yaranmasına gətirib çıxarır.

Həmçinin partiyadan bildirilib ki, onun gündəlik iki saat olan gəzinti müddəti bir saata endirilib. 

Bundan başqa avqustun 7-də Əli Kərimli məhkəməyə aparılarkən Penitensiar Xidmətin əməkdaşlarından su istəyib. Ailəsi bildirib ki, Penitensiar Xidmətin əməkdaşları partiya rəhbərinə su verməyib, üstəlik isti hava səbəbindən o huşunu itirib.

Əli Kərimlinin həbsi

AXCP sədri Əli Kərimli 2025-ci il noyabrın 29-dan həbsədir. Onunla bərabər Partiyanın Məclis üzvü Məmməd İbrahim də saxlanılıb. Onlara qarşı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər ittihamları irəli sürülüb.

Hər ikisinin də həbsi sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyev ətrafında aparılan geniş araşdırmalarla əlaqələndirilir.

Müxalifət və tərəfdarları bu həbsin siyasi motivli olduğunu bildirir. Beynəlxalq insan hüquqları təşkilatları və müşahidəçilər bu həbsi siyasi represiyanın nümunəsi kimi qiymətləndiriblər.

Ümumilikdə isə hazırda 20-dən çox AXCP üzvü və fəalı həbsdədir. Partiya onların da siyasi motivlərlə təqib olunduğunu bəyan edir.

Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın son siyahısında 328 siyasi məhbusun adı var.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi motivli həbslərin olması ilə bağlı iddiaları rədd edir. Rəsmi qurumlar bildirirlər ki, həbs olunan şəxslər siyasi baxışlarına görə deyil, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb ediliblər.

Ana səhifəSiyasətFrank Şvabe Əli Kərimlinin azadlığa buraxılmasını tələb edib