Azərbaycan dünyada su çatışmazlığından ən çox əziyyət çəkən ölkələrdən biri olsa da, mövcud su resurslarının səmərəli idarə edilmədiyi müşahidə olunur. Ötən il ölkədəki şirin su mənbələrindən götürülən suyun 27,6 faizi itkiyə gedib. Dövlət Statistika Komitəsinin “Ətraf mühit” statistik məcmuəsindən görünür ki, bu, 2020-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir.
Halbuki 2020-ci ildə ölkədə su böhranı dərinləşəndə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı Dövlət Komissiyası yaradılmışdı. Komissiyanın əsas vəzifələrindən biri səmərəliliyin artırılması məqsədilə monitorinqlər aparmaq, tədbirlər həyata keçirmək və fəaliyyət proqramı hazırlamaq idi. Lakin statistika göstərir ki, görülən tədbirlərdən sonra bu sahədə vəziyyət daha da pisləşib. Prezidentin bu sahə ilə bağlı sərəncamından sonra su itkilərinin 16 faiz artdığını görmək mümkündür.
İtkilər 3,8 milyard kubmetrə çatıb
Hazırda içməli su böhranı təkcə regionlarda deyil, paytaxtda da hiss olunmağa başlayıb. Halbuki Bakının fasiləsiz su ilə təmin olunması məqsədilə Oğuz-Qəbələ-Bakı su kəməri çəkiləndə paytaxtda su təchizatının fasiləsiz olacağı bildirilirdi. Lakin zaman keçdikcə bu alternativin də yeni problemlər yaratdığı üzə çıxıb. Sözügedən boru kəməri suyu Oğuz rayonunun yeraltı su mənbələrindən götürdüyü üçün həmin ərazidə meşə təsərrüfatına susuzluq səbəbindən ciddi ziyan dəyib.
Digər tərəfdən, su itkilərinin qarşısının alınması üçün effektiv tədbirlərin həyata keçirildiyini də demək çətindir.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə 3 milyard kubmetr olan su itkisi 2024-cü ildə birdən-birə 19 faiz artaraq 3,6 milyard kubmetrə yüksəlib. 2025-ci ildə isə bu göstərici 3,8 milyard kubmetrə çatıb. Statistik təhlildən görünür ki, bu itkinin böyük hissəsi — 3,5 milyard kubmetri — kənd təsərrüfatı və balıqçılıq sahələrində yaranır.
Cari il sentyabrın 1-dən etibarən sudan istifadə ilə bağlı yeni qaydalara əsasən ödənişlərin tətbiqi bu sahədə səmərəliliyin necə artırılacağı ilə bağlı müzakirələrə səbəb olub. Belə ki, sənaye məqsədilə Xəzər dənizindən götürülən hər 100 kubmetr suya görə 4 qəpik, çay və göllərdən götürülən hər 100 kubmetr suya görə 4 manat, yeraltı sulardan götürülən hər 100 kubmetr suya görə isə 40 manat ödəniş müəyyənləşdirilib.
Eyni zamanda, tullantı sularının su obyektlərinə axıdılmasına görə də ayrıca ödənişlər müəyyən edilib. Xəzər dənizinə axıdılan hər 100 kubmetr çirkab suya görə 1 manat, çay və göllərə axıdılan eyni həcmdə suya görə isə 4 manat tarif tətbiq olunacaq.
Bununla yanaşı, əhali və enerji istehsalı üçün güzəştlər saxlanılıb. Əhalinin içməli su təchizatı üçün götürülən sular, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən emal edilməmiş su ilə təminat, eləcə də “Azərenerji” ASC tərəfindən elektrik enerjisinin istehsalında istifadə olunan sular bu ödənişlərdən azad edilib.
Qeyd edək ki, 2025-ci ildə təbii mənbələrdən 13,8 milyard kubmetr su götürülüb və onun 9,9 milyard kubmetri istehlakçılara çatdırılıb. Bu suyun cəmi 5,3 faizi məişət və içməli su məqsədləri üçün istifadə olunub.
Azərbaycanda suyun böyük hissəsi — təqribən 7 milyard kubmetri — suvarma, kənd təsərrüfatı və istehsal sahələrinə sərf olunur. Ən böyük itkilər də məhz bu sahələrdə baş verir. Nazirlər Kabinetinin qərarı da əsasən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin istifadə etdiyi suya şamil olunacaq.
Hazırda Sudan İstifadəedənlər Birliyi müəyyən qədər bu funksiyanı yerinə yetirir. Lakin indiyədək dövlətə ödənilən vəsaitlərlə bağlı şəffaf hesabatlılıq olmayıb.Bu birliklər keçmişdə “Meliorasiya və Su Təsərrüfatı” ASC, hazırda isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə müqavilələr bağlayır və aldıqları suyu kənd təsərrüfatı subyektləri arasında bölüşdürürlər. Yeni qaydalara əsasən isə ödəniş tətbiq olunacaq su obyektlərinin əhatə dairəsi daha da genişlənəcək və proses daha mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək.
Bu sahənin ekspertləri deyirlər ki, ölkədə müxtəlif məqsədlərlə su götürülməsi ilə bağlı problemlər çoxdur. Xüsusilə çay və göl sularından istifadə zamanı özbaşınalıqlara rast gəlinir. Böyük balıq təsərrüfatları saxlayan sahibkarlar bu suya görə ödəniş etməkdən yayınırlar. Nəticədə belə təsərrüfatlarda istifadə olunan su itki kimi hesablanır və dövlət büdcəsinə birbaşa və dolayı yolla böyük zərər dəyir. Şirin su hövzələrində sudan istifadə ilə bağlı aparılan monitorinqlər göstərir ki, bəzi balıqçılıq təsərrüfatları və aqroparklar çayların və kanalların qarşısını qanunsuz şəkildə kəsərək suyu öz təsərrüfatlarına yönəldirlər. Qeyri-səmərəli istifadə nəticəsində kiçik təsərrüfatlar və əhali su çatışmazlığından əziyyət çəkir, dövlət büdcəsi isə milyonlarla manat vəsait itirir.
“İtkilərin qarşısı alınsa, mövcud su ehtiyatları ilə özümüzü tam təmin edə bilərik”
Ekoloq Sadiq Həsənov deyir ki, ölkədə su itkilərinin əsas səbəblərindən biri torpaq kanallarının çoxluğudur:
“Azərbaycanda Şirvan və Qarabağ kanalları Mingəçevir su anbarından qidalanır və həmin sudan suvarma məqsədilə istifadə olunur. Buradakı kanalların əksəriyyəti torpaq kanalları olduğuna görə suyun bir hissəsi torpağa hopur və nəticədə kifayət qədər böyük itki yaranır”.
Ekoloq ikinci səbəb kimi suya qənaət etməyə imkan verən damcılı suvarma üsulunun ölkə üzrə geniş tətbiq olunmamasını göstərir:
“Kənd təsərrüfatında əksər sahələr selləmə üsulu ilə suvarılır. Eyni zamanda, əkin sahələrinin hamısını su ilə tam təmin etmək mümkün olmur. Çünki yuxarı hissədə yerləşən əkin sahələri suyu götürür, aşağı hissələrə isə su çatmır. Damcılı və digər müasir suvarma sistemlərinin tətbiq edilməməsi, kanalların əksəriyyətinin torpaqdan olması su itkilərini yüksək səviyyədə saxlayır. Kanallar betonlaşdırılsa, kənd təsərrüfatında damcılı suvarma sistemi geniş tətbiq olunsa, itkiləri xeyli azaltmaq mümkündür. Hazırda ölkə üzrə damcılı suvarma sistemi kənd təsərrüfatı sektorunun 10 faizini belə əhatə etmir. Bununla bağlı Dövlət Proqramı qəbul olunub və bu göstəricinin təxminən 30 faizə çatdırılması planlaşdırılır. Hazırda bu istiqamətdə işlər görülür”.
Sadiq Həsənov əlavə edir ki, içməli su itkiləri isə əsasən boru xətləri və su anbarlarında baş verir:
“Boru xətləri və su saxlama anbarları köhnəlib. Su anbardan çıxdıqdan sonra boru xətlərində sızmalar baş verir. Nasoslar yaxşı işləmir, avadanlıqlar köhnəlib. İçməli sudan sənayedə, o cümlədən avtomobillərin yuyulmasında da istifadə olunur. Halbuki belə sahələrdə daha çox texniki sudan istifadə etmək məqsədəuyğundur. Bu sistem tam işləmədiyinə görə içməli suyun da itkisi baş verir”.
Lakin ekspert düşünmür ki, yeni tarif sistemi su itkilərini ciddi şəkildə azaldacaq:
“Su istifadəçiləri ödəniş edəcəkləri üçün sudan istifadə müəyyən qədər azala bilər. Amma ümumi itkiləri azaltmaq üçün infrastrukturda dəyişikliklər aparılmalı, su anbarları təmizlənməli, nasos stansiyaları yenilənməli, boru xətləri dəyişdirilməlidir. Əgər bu cür itkilərin qarşısı alınsa, mövcud su ehtiyatları ilə özümüzü tam təmin edə bilərik”.