SSRİ Xalq artisti: “Kiyevdəyəm, müdafiəçilərimiz üçün dua edirəm”

Sofiya Rotaru. Foto: Review News/shutterstock

“Ukraynaya sülh arzulayıram”

Əksər sənət adamları kimi SSRİ Xalq artisti Sofiya Rotaru da Ukraynadakı hərbi münaqişə ilə bağlı post paylaşıb.

Müğənni ailəsi ilə birlikdə hazırda Kiyevdə olduğunu bildirib.

Bir çoxu kimi o da sülh arzusundadır: “Müstəqillik və Azadlıq çox baha başa gəlir. Amma rus raketlərinin dinc sakinləri, uşaqları məhv etməyinə, Ukraynanın şəhərlərini dağıtmağına dəyərmi? Bu faktlar ürəyimi parçalayır. Mən Kiyevdəyəm. Müdafiəçilərimiz üçün dua edirəm və Ukraynaya sülh arzulayıram”.

“Bu mətni yazan zaman əllərim titrəyir. Ona görə titrəyir ki, indi Ukraynanın hər yerində şiddətli döyüşlər gedir”, – sənətçi postunda qeyd edib.

Fevralın 24-də Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlardan sonra bir çox rus sənətçi və ictimaiyyət nümayəndəsi baş verənlərə səssiz qalmayıb.

Onlar istifadəçisi olduqları sosial şəbəkələr vasitəsilə müharibəyə qarşı çıxdıqlarını elan ediblər.

Əksəriyyət bu vəziyyətdə kimin günahkar olduğuna dair mühakimə yürütmədən sülhə çağırış edib.

Aralarında baş verənlərə görə açıq şəkildə Rusiya rəhbərliyini günahlandıranlar da var.

Fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin separatçıların nəzarətində olan “Donetsk Xalq Respublikası” (“DXR”) və “Luqansk Xalq Respublikası” (“LXR”) adlı qurumları tanıyıb, həmin ərazilərə ordu yeridib.

Fevralın 24-də Rusiya Ukraynanın Donbas bölgəsində genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

Ana səhifəMədəniyyətSSRİ Xalq artisti: “Kiyevdəyəm, müdafiəçilərimiz üçün dua edirəm”