Sosial Ədalət Günündə Azərbaycan

20 Fevral Dünya Sosial Ədalət günüdür. Bu gün BMT-nin Baş Məclisi tərəfindən dünya ictimaiyyətini yoxsulluqla mübarizəyə çağırmaq məqsədilə yaradılıb. Hər kəs üçün bərabər iş imkanları; gender bərabərliyi; insan hüquqlarına hörmət – sosial ədalətin əsas göstəriciləridir.

“Qanunu tələb edəndə, deyirlər sən tələbkarlıq, haqsızlıq edirsən. Düzgünlük işləmir. Haqqını tələb edə bilmirsən, istirahət gününü özünə ayıra bilmirsən. Hamı öz vəzifəsindən istifadə edir”.

Siyasi ekspert Erkin Qədirli sosial ədalət üçün lazım olan amillərdən danışır.

“Sağ siyasi baxış belədir ki, fürsət bərabərliyi olsa, yetər. Qanunun aliliyi, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi olarsa, sosial ədalət də olacaq. Bir də var ki, artıq məhkəmə çərçivəsində fürsətlər tıxanıb. Sənin hər nə qədər savadın, bacarığın olsa da, bundan yararlana bilmirsən”.

Vətəndaşlar arasında keçirdiyimiz sorğuda, onlardan sosial ədalətsizliklə qarşılaşıb qarşılaşmadıqlarını soruşmuşuq.

– Mənim oğlum neçə dəfə hakimlik üçün imtahan verib. Qəbul etmirlər. Dərdimizi kimə deyək? Bu uşaq 17 yaşından işləyir. Niyə adını üstündən xətt çəkirsən? İcra hakiminin qızını keçirirsən, bunu yox?! Niyə savadsızı, sənədləri səhv olanı keçirirsən, bunu yox?! Burada necə bərabərlik, təmizlik ola bilər?

– Sosial ədalət demokratik respublikalarda olur. Bizdə hər addımbaşı sosial ədalətsizliklə qarşılaşırsan. Məsələn, mən alimə xanımam. Qeyri-ciddi qəbul edirlər. Qadın nə qədər uğur qazansa da, o, ciddi qəbul olunmur.

– Azərbaycanda sosial statusa görə ayrı-seçkilik ciddi problemdir. 90-cı illərin uşaqları bunu daha yaxşı hiss edirlər. Siyasi görüşlərə görə ayrı-seçkilik var. LGBT icması, onların hüquqları ilə bağlı ciddi problemlər var. Azərbaycan hazırda geniş Avropanın ən homofob ölkəsi hesab olunur.

Hakimiyyət nümayəndləri çıxışlarında yürütdükləri sosial siyasətin gücündən danışırlar.

“Azərbaycan müasir dövlətdir. İqtisadiyyatımız bazar iqtisadiyyatı prinsipləri üzərində qurulub. Eyni zamanda, biz, sosial dövlətik. Sosial dövlət də o deməkdir ki, insan faktoru siyasətimizin mərkəzindədir,”-prezident İlham Əliyev deyib.

Tənqidçilər isə mövcud imkanlara görə hazırkı durumu kafi hesab etmir:

“Sosial dövlət o deməkdir ki, sən qanunvericiliklə müəyyənləşdirirsən ki, vergilərin filan qədər miqdarı ancaq sosial xərclərə yönəldilir. Yəni, bu, artıq hökumətin siyasi baxışı kimi yox, hüquqi öhdəliyi kimi götürülür. Azərbaycanda isə dövlət bütün iqtisadi imkanları əlinə alıb, sonra onu müxtəlif korrupsiya vasitələri ilə paylayır”.

OXFAM humanitar təşkilatı hökumətlərin varlılar və yoxsullar arasındakı fərqi azaltmaq üçün gördüyü işləri qiymətləndirir. Təşkilatın 2018-ci il üzrə hesabatında Azərbaycan 157 ölkə arasında 116-cı yerdə qərar tutub. Qonşulardan Ermənistan 61, Gürcüstan 49, Rusiya 50-ci yerdədir.

Ana səhifəVideoSosial Ədalət Günündə Azərbaycan