İlham Əliyev Şamaxıda ailə üzvlərinə aid holdinqə məxsus hotelin açılışını edib

“Meysari Grand Hotel & SPA” kompleksi – Foto: Azərtac

Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Şamaxıda “Paşa Holdinq”ə aid hotel kompleksinin açılışında iştirak ediblər. Rəsmi sənədlər Prezidentin qızları Leyla və Arzu Əliyevanın holdinqdə paylarının olduğunu göstərir.

Ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 17-də Şamaxı rayonunun Meysəri kəndində yeni tikilmiş “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər.

Prezidentin rəsmi saytının məlumatına görə, kompleks barədə İlham və Mehriban Əliyevalara “Pasha Hospitality” şirkətinin baş icraçı direktoru Mehmet Balçik məlumat verib.

Kompleks dəniz səviyyəsindən 1050 metr yüksəklikdə yerləşir. Burada əsas hotel binası, kotteclər, restoranlar, SPA və sağlamlıq mərkəzi, konfrans mərkəzi, idman meydançaları və helikopter meydançası yaradılıb.

Hotel binasında 88, kotteclərdə isə 116 otaq var. Beləliklə, kompleks ümumilikdə 204 otaqdan ibarətdir. Ərazidə ayrıca üç villa, üç hovuz, tennis və padel kortları, futbol meydançası da yerləşir. Prezident Administrasiyasının məlumatında kompleksdə 320 iş yerinin yaradıldığı bildirilir.

Hotel “PASHA Holding”-in biznes portfelindədir

Kompleks “PASHA Real Estate Group”un rəsmi saytında şirkətin hotel layihələrindən biri kimi göstərilir. Hotelin ümumi ərazisinin 63 min kvadratmetr olduğu qeyd edilir.

“PASHA Holding”in hotel biznesi “Absheron Hotel Group” vasitəsilə idarə olunur. Holdinqin rəsmi məlumatına görə, “Absheron Hotel Group” “PASHA Holding”in törəmə şirkətidir və Azərbaycanda bir sıra lüks hotellərin sahibi və ya idarəçisidir. Bunların arasında “Four Seasons Baku”, “JW Marriott Absheron Baku”, “The Ritz-Carlton Baku”, “Baku Marriott Hotel Boulevard”, “Bilgah Beach Hotel” və digər hotellər var.

Holdinqdə Əliyevlər ailəsinin payı

“PASHA Holding”in açıqlanan son səhmdar strukturuna əsasən, holdinqin 37,5 faizi “Bless LLC”yə, digər 37,5 faizi “Reveri LLC”yə məxsusdur. Arif Paşayevin payı 15 faiz, Mir Camal Paşayevin payı isə 10 faizdir. Bu struktur “PASHA Bank” Türkiyənin 2025-ci il üzrə fəaliyyət hesabatında da göstərilir.

Türkiyənin Bankçılıq Tənzimləmə və Nəzarət Agentliyinin (BDDK) rəsmi sənədlərində isə Prezident İlham Əliyevin qızları Leyla Əliyeva və Arzu Əliyevanın “PASHA Holding”də dolayı pay sahibi olduqları qeyd edilib.

BDDK-nın 2020-ci il fəaliyyət hesabatına görə, həmin il aparılmış struktur dəyişikliyindən sonra Leyla və Arzu Əliyevaların holdinqdəki dolayı payları hər biri üçün 50 faizdən 37,5 faizə endirilib. Eyni sənəddə “Bless Limited” və “Reveri Limited” şirkətlərinin də “PASHA Holding”də hər birinin 37,5 faiz birbaşa paya sahib olduğu göstərilir.

Burdan aydın olur ki, İlham Əliyevin bu gün açılışında iştirak etdiyi “Meysari Grand Hotel & SPA” onun qızlarının dolayı paylarının sənədləşdirildiyi “PASHA Holding”in biznes portfelinə daxil olan layihələrdən biridir.

Ana səhifəXəbərlərİlham Əliyev Şamaxıda ailə üzvlərinə aid holdinqə məxsus hotelin açılışını edib