Məhkəmə Taleh Bağırzadənin övladlarının vəsatətini təmin etməyib

Taleh Bağırzadə. İllüstrasiya: Meydan TV

Sentyabrın 17-də Xəzər Rayon Məhkəməsində Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin övladlarının növbəti məhkəmə prosesi keçirilib.

Prosesə hakim Vüqar Məhərrəmov sədrlik edib.

Məhkəmədə vəkil Zibeydə Sadıqova vəsatət qaldıraraq Bağırzadənin övladları barədə cinayət işinə xitam verilməsini istəyib. Vəkil bildirib ki, məhkəmə prosesinin davam etməsi qardaşların təhsil həyatına mənfi təsir göstərir:

“Hesab edirik ki, bu iş məhkəmə baxışına çıxarılmadan, bəraətverici əsaslarla xitam verilməlidir. Məktəbə getməli uşaqlar məhkəmə qarşısına çıxarılır”.

Prokuror cinayət işinə xitam verilməsinə etiraz edib. Bundan sonra hakim Məhərrəmov vəsatəti təmin etməyib və cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib.

Məhkəmədə çıxış edən, qardaşların qanuni nümayəndəsi qismində tanınan ana Leyla İsmayılzadə cinayət işinin siyasi sifariş olduğunu deyib. O bildirib ki, baş verən hadisə daha öncədən qəsdən planlaşdırılıb. İsmayılzadə həmçinin qeyd edib ki, zərərçəkmiş kimi tanınan şəxs həmin məktəbin şagirdi olmayıb.

“O uşaqlar Taleh Bağırzadənin övladları olması bu hadisənin baş vermə səbəbidir. Biz əmin idik ki, proseslərin bu şəkildə davam edəcək. Bu hadisədən aylar əvvəl məktəbli övladımın ölkədən çıxışına qadağa qoyulması göstərirdi ki, bu uşaqlara qarşı nəsə planlayırlar. Yoxsa heç bir ictimai-siyasi fəaliyyəti olmayan uşağın çıxışına niyə qadağa qoyulsun?”, – deyə İsmaylızadə qeyd edib.

Məhəmmədhəsən Bağırzadəyə Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Məhəmmədhüseyn Bağırzadə isə Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirləndirilir.

Hadisə bu il aprelin 7-də Bakının Buzovna qəsəbəsində yerləşən 26 nömrəli məktəbin idman meydançasında baş verib.

Ailənin bildirdiyinə görə, mübahisə yuxarı sinif şagirdlərindən birinin nalayiq ifadələr işlətməsi ilə başlayıb. Məhəmmədhüseyn Bağırzadənin onları bundan çəkindirməyə çalışması gərginliyi artırıb. Daha sonra qarşı tərəfin təhqiramiz ifadələr işlətməsi ilə mübahisə əlbəyaxa davaya çevrilib.

Ailənin versiyasına görə, Məhəmmədhəsən Bağırzadə qardaşının iki nəfər tərəfindən döyüldüyünü görərək davaya müdaxilə edib. Hadisə nəticəsində qarşı tərəfdən bir nəfərin burnunun sındığı bildirilir. Ailə bildirir ki, 17 yaşlı oğlunun həmyaşıdı qızın burnunu sındırması ilə bağlı məlumat həqiqəti əks etdirmir.

Ailə hesab edir ki, bu hadisə Taleh Bağırzadəyə və ailəsinə qarşı verilən təhdid mesajıdır.

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə hazırda həbsdədir. O, 2017-ci ildə dövlətin konstitusiya quruluşunu dəyişməyə cəhd və digər ittihamlarla 20 il müddətinə azadlıqdan məhrum edilib.

Bağırzadə ittihamları qəbul etmir, fəaliyyətinin dini azadlıqlar və sosial ədalət uğrunda olduğunu bildirir. Beynəlxalq hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.

Ana səhifəSiyasi işlərMəhkəmə Taleh Bağırzadənin övladlarının vəsatətini təmin etməyib