Sorğu

Azərbaycanda seçki. Foto: PX Media/shutterstock

Zərdüşt Əlizadə

Seçkiyə, deyəsən, seçicilər də lazımdır…

Azərbaycanın siyasi həyatını izləyən mütəxəssislər yaxın vaxtda parlament seçkisinin keçiriləcəyini söyləyirlər. Allahdan gizli deyil, məxluqdan niyə gizli qalsın, Prezident Admisitrasiyasında artıq möhkəm oturuşmuş milli siyasi ənənəyə uyğun olaraq gələcək millət vəkillərinin siyahısı üzərində müntəzəm və gərgin iş gedir. Bu iş milli əxlaq və dəyərlər əsasında həyata keçirilir. Seçimin sınaqdan keçirilmiş meyarları var. Kimlər Milli Məclisə deputat mandatı almağa layiqdir?

Yazar Zərdüşt Əlizadə
Source: Meydan.tv

Bu barədə  En-Di-Ay+Ay-ER-AY agentliyi milli seçki mütəxəssisləri arasında sorğu  keçirib və aşağıdakı ilkin rəylər alınıb.

  • Qohumlar. Etiraf etmək lazımdır ki, onların sırası son vaxtlar seyrəlib. Sovet dövrü yetişib püxtələşmiş deputat qohumların bir hissəsi dünyadan köçüb, bir hissəsi zamanın imtahanından kəsilib çıxdaş olub, orta nəsil qohumlar zırpı-zırpı şirkətlərin sahibi kimi dəxi siyasətlə məşğul olmağı öz şənlərinə sığışdırmır, gənc nəsil qohumları isə siyasət kimi maraqsız sahə əsla cəlb etmir.
  • Yerlilər. Bu tükənməz kadr xəzinəsi iqtidara verdiyini verib, aldığını alıb, indi orada olandan artığını Milli Məclisə salmaq hətta milli meyarlara görə ayıbdır.
  • Şilləvuranlar. Bəli, keçmiş xoşbəxt zamanlarda bu tərz vücudların gəlhagəl dövrü var idi, zorla axurdan qoparılmış ənənəvi müxalifət deputatları axur itkisinin ağrısına dözməyərək bəzən cığallıq edirdi və bu zaman şülləvuranlar kara gəlib dövlətin sarsılmaz sabitliyinə öz töhfəsini verirdi. Fəqət o xoşbəxt zamanlar geridə qalıb, ənənəvi müxalifət nümayəndələri elə ütüləniblər ki, nə sifətlərində, nə də beyinlərində bircə qırış belə qalmayıb, onlar hətta iqtidaryönlü deputatlara örnək ola biləcək siyasi qanacaq sərgiləyirlər. Odur ki, ola bisin, vaxtilə milli parlamentdə geniş təmsil edilmiş şilləvuranlar fraksiyası bu dəfə cəmi bir nəfər əməkdar şilləvuran deputatla təmsil olunacaq.
  • ”Ölülər”. Bu müxalifət blokundan hər dəfə Milli Məclisə hakimiyyətə sədaqətinə heç kəsin şübhə etmədiyi bir və ya iki nəfər deputat salınırdı. Bu deputatlar milli-azadlıq mübarizəsinin şəksiz lideri Şeyx Nəsrullaha öz tükənməz məhəbbətini izhar edə-edə mandat alırdılar. Fəqət zəmanə çox dəyişib, “Ölülər” blokünün əhali arasında hörmətini hətta zərrəbinlə görmək mümkün deyil, buna görə, çox güman ki, şəraitin ilk qurbanı elə bu blokun nümayəndələri olacaq və onlardan heç kim yeni tərkibin siyahısına salınmayacaq.
  • İşbazlar. Bu silkin nümayəndələri Milli Məclisə seçki zamanı mandat eşqi naminə siyahı tərtibçisinə lazımı həcmdə hörmət edirdilər. Fəqət keçmiş dövranın təcrübəsi sübut etdi ki, deputat mandatı onu almış işbazların heç birini bəxtəvərliyə çıxarammadı, hətta borc pul almaq üçün istifadə edilən deputat mandatı öz sahibinə istədiyi məqsədə çatmağa zəmanət verə bilmədi. İşbaz deputatları həbsə də saldılar, pullarını xaricdə müsadirə də etdilər, onlar da bu şillə-şapalaqdan sonra ayılıb anladılar ki, bu qədər xərcə düşməyə dəyməz, mandatın ziyanı xeyrindən çoxdur. Odur ki, işbazlar silki bu dəfə, görünür, seçki təşkilatçılarının gözlədiyi sayda və həcmdə xeyir gətirməyəcəklər.
  • Ziyalılar. Bu zümrənin təmsilçiləri hakimiyyətlə avam kütlə arasında sürtgü yağı vəzifəsini icra edirdi. Xalqın dərdi barədə bəlağətlə danışıb iqtidara sidqi-ürəkdən qulluq edən adlı-sanlı ziyalılar Milli Məclisdə hakimiyyət üçün hədsiz faydalı iş görürdülər.  Onlar sanki “ictimai rəy”i formalaşdırıb camaata izah edirdilər ki, “böyüyün üzünə ağ olmaq” milli əxlaqa və dədə-babalarımızdan bizə miras qalmış müqəddəs adət-ənənələrə asi çıxmaq deməkdir. Bəli, əvvəllər belə idi.  Lakin heç kəs zamanın hökmünü ləğv edə bilməz, sovet dövrü ərsəyə qalxmış adlı-sanlı ziyalılar, demək olar ki, tükənib, öləni ölüb, qalanı kəf-kəf edir və dəxi işə yaramır. Hər necə də olsa, yeni tərkibə salmaq üçün bəlkə də bir nəfər sürtgü yağı kimi yarayan ziyalı tapdılar.
  • Jurnalistlər. Əvvəllər Milli Məclisə çox düşərdilər. Camaat dəxi qəzet oxumur deyə, indi onlardan, cox güman ki, ikisini salacaqlar, çünki onlarsız Azərbaycan mətbuatının günü olmasın, bu iki əməkdar deputat milli medianın ayıq vicdanı, döyünən ürəyi, işləyən böyrəyi və sancan dalağı rolunu ifa edir.
  • Hüquqşünaslar. Bu parlamentdə, ayıb olmasın, nə qədər bəzək xatirinə olsa da, hərdən iclaslarda hüquqla bağlı bir kaç kəlmə demək lazımdır. Milli Məclisin komissiyaları var, onlar iclas keçirib Prezident Administrasiyasından göndərilmiş qanun layihələrini müzakirə etməyə məcburdurlar. Hətta bəzən elə hüquqşünas deputatlar tapılır ki, yuxarıdan gəlmiş qanun layihəsində sıravi vətəndaşa iynə ucu boyda azadlıq təmin edə biləcək hansısa bir hüquqi dəliyi tapıb onu ciddi-cəhdlə tıxayırlar və bununla da Ulu öndərin qurub gələcək nəsillərə ərməğan etdiyi nümunəvi istibdad dövlətinin bəndərgahlarını möhkəmləndirirlər. Bəli, belə hüquqşünas deputatlar var, onların adı hakimiyyətə məlumdur və onların yeri deputat siyahısında pozulmaz mürəkkəblə yazılıb.

Seçkiyə, deyəsən, seçicilər də lazımdır. Bu sarıdan bizdə heç bir qıtlıq yoxdur. Keçən deputat seçkisində əhalinin yarısından çoxu heç bilmədi ki, ölkədə parlament seçkisi keçirilir. Televiziyada nəsə qırıldadırdılar, fəqət bu qırıldamalar xalqın sevimlisi olan aparıcıların hədsiz maraqlı verilişləri ilə müqayisədə dərhal unudulurdu. Təyin olunmuş deputatlardan heç kəs heç nə ummur deyə, bu 125 nəfər deputat sıravi vətəndaşın həyatında ilğım kimi ani görünüb yoxa çıxırlar.

Bundan əlavə, hakimiyyət seçki dairələrini elə tərtib edib ki, bu dairə daxilində təşəkkül tapa biləcək heç bir sakin kütləsi olmasın, bu insanları birləşdirən hansısa ümumi qayğı və maraq tapılmasın. Beləcə, vakuumda atom zərrəcikləri kimi sayrışan və qaynaşan, bir-birindən tam təcrid edilmiş ikiayaqlı dikgəzən məməli məxluqat kütləsi heç bir siyasi istək və arzunun sahibi ola bilməz.

Belələrinə, insafən, parlament heç lazım deyil.

Rus xalqının gözəl məsəli var:

“Heç vaxt yaxşı yaşamamışıq, innən belə nəyimizə lazımdır?”

Yerinə düşür.

Ana səhifəMənim FikrimcəSorğu