Smit Kris Rokdan üzr istədi

Foto: Reuters

“Davranışım qəbuledilməz və bağışlanmazdır”

Amerikalı aktyor Uill Smit “Oskar” mükafatının aparıcısı Kris Roka hücum etdiyi üçün üzr istəyib.

“Dünən gecə mərasimdəki davranışım qəbuledilməz və bağışlanmazdır. Kris, səndən üzr istəyirəm. Utanıram, hərəkətlərim olmaq istədiyim insanı əks etdirmir”, – deyə aktyor etiraf edib.

Smit həmçinin Amerika Kino Akademiyasından, şounun təşkilatçılarından və bütün tamaşaçılardan üzr istəyib.

Aktyor həyat yoldaşının səhhətinə görə edilən zarafatın onda emosional reaksiyaya səbəb olduğunu deyib.

“Oskar” kino mükafatının təqdimatı zamanı komediya aktyoru, həmçinin şounun aparıcısı olan Kris Rok səhnədə Uill Smitin həyat yoldaşı Cada Pinkett-Smiti keçəl olduğu üçün “Əsgər Ceyn” filmindəki eyniadlı obrazla müqayisə edib.

Zarafata dözməyən aktyor səhnəyə qalxaraq, Kris Rokun üzünə yumruq zərbəsi endirib, həyat yoldaşının adını çəkməməyi tələb edib.

Uill Smitin həyat yoldaşı autoimmun xəstəlikdən əziyyət çəkir. Cada dəfələrlə müsahibəsində saçlarının töküldüyünü deyib.

Hadisədən sonra Kris Rok polisə şikayət verməkdən imtina edib.

94-cü “Oskar” kino mükafatının təqdimat mərasimi martın 28-də Los-Ancelesdə keçirilib.

Uill Smit “King Richard” filmindəki roluna görə “Ən yaxşı aktyor” mükafatına layiq görülüb.

Ana səhifəMədəniyyətSmit Kris Rokdan üzr istədi