Silahlı Qüvvələrin tender gizlinləri (Araşdırma – II yazı)

Bəlli deyil, Azərsun Holdinqin Ordu sifarişlərini şəffaf müsabiqə prosedurlarından kənar qazanmasına onun prezident ailəsinə bağlılığı səbəb olubmu?

Source:


“Son on il ərzində hərbi xərclərimiz iyirmi dəfədən çox artmışdır və bizdə orduya, Silahlı Qüvvələrə ayrılmış xərclər Ermənistanın bütün dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur” . Sitat dövlət başcısı İlham Əliyevə məxsusdur.



2014-cü ildə Silahlı Qüvvələrin büdcəsi ötən ilə nisbətən 57 milyon manat artaraq, 2 milyard 967 milyon 831 min manat təşkil edib. Ayrılan vəsaitin əhəmiyyətli hissəsi Müdafiə Nazirliyinin payına düşüb.



Hərbi büdcənin artması əsgərlərin yeməklə təchizatına təsir etməyib.



2014-cü ilin iyununda hərbi xidmətdən qayıdan Elçin Əlizadə deyir ki, əsgərlik dövründə onlara keyfiyyətsiz yemək verilib: “Hərdən bizə konserva verirdilər. Bəzən yeməyin icinə qatırdılar. Posta gedəndə ikiqat ərzaq payı verilmirdi. Yalnız ikiqat yağ verilirdi. Ümumiyyətlə, yeməyimiz pis idi”.



Füzuli rayonunda, cəbhə xəttində xidmət etmiş başqa bir əsgər isə bəzən o keyfiyyətsiz yeməyə də tamarzı qaldıqlarını deyir: “Hərbi hissəmiz Haramı düzündə yerləşirdi. Cox pis yemək verilirdi. Qış aylarında isə elə olurdu ki, günorta yeməyi verilmirdi”.



Ehtiyatda olan polkovnik-leytenant Üzeyr Cəfərov bildirir ki, ordudakı nizamnamədən kənar hərəkətlər həm də korrupsiyanın nəticəsidir: “Orduda baş verən qanunsuzluqlar kompleks şəkildə dəyərləndirilməlidir. Yəni komandir heyətinin pisixoloji durumundan tutmuş korrupsiyaya qədər bütün amillər nəzərə alınmaqla məsələyə qiymət verilməlidir. Nizamnamədən kənar halların baş verməsində, qeyri-döyüş şəraitində əsgərlərimizin həlak olmasında korrupsiyanın və zabit heyətinin yetərincə təmin edilməməsinin payı az deyil ”.



“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar mərkəzinin məlumatına görə isə 2014-cü ilin yanvar-sentyabr ayları ərzində 85 hərbi qulluqçu qeyri- döyüş şəraitində həlak olub.


II Yazı


Azərsun Holdinq

Azərbaycanın qida sənayesi nəhəngi hesab olunan “Azərsun Holdinq” həm də Silahlı Qüvvələrin ən böyük ərzaq təchizadçısıdır. Lakin bu şirkətin həmin sifarişlərin əksəriyyətini hansı yolla qazandığı bəlli deyil. Çünki qanunla müəyyən olunmuş şəkildə, Satınalmalar üzrə Dövlət Agentliyi vasitəsilə keçirilən tenderlər və kotirovkalar reyestrində həmin sifarişlər barədə çox az məlumat var.

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsersumunun (

keçid

) araşdırmasına görə, Azərbaycanın qida sənayesi sektorunda inhisarçı şirkət kimi tanınan “Azərsun Holdinq” dövlət başçısı İlham Əliyevin qızlarına bağlıdır. Bu şirkətin rəsmi sahibi Hasan Gözəl, Leyla və Arzu Əliyevaların Vircin Adalarında qeydiyyatdan keçirdiyi şirkətlərin direktorudur.

Bəlli deyil, Azərsun Holdinqin Ordu sifarişlərini şəffaf müsabiqə prosedurlarından kənar qazanmasına onun prezident ailəsinə bağlılığı səbəb olubmu?

Satınalmalar üzrə Dövlət Agentliyi tərəfindən tərtib edilən 2012-ci ilin reyestr məlumatlarında “Azərsun Holdinq”ə daxil olan “Azərsun Ticarət Dağıtım” MMC-nin MN-nin keçirdiyi 1 müsabiqə üzrə (qatılaşdırılmış südün satın alınması-620000 manat) tenderdə iştirak etdiyi göstərilib. 2013-cü ildə Azərbaycanın qida sənayesi nəhəngi MN-nin keçirdiyi cəmi 4 tender müsabiqəsi üzrə ümumi dəyəri 19850 manat olan sifarişlər qazanıb:



CƏDVƏL

Azərsun Ticarət Dağıtım” MMC

ərzaq məhsullarının satın alınması

850 manat

Azərsun Ticarət Dağıtım” MMC

birdəfəlik qab-qacağın satın alınması

5544 manat

Azərsun Ticarət Dağıtım” MMC

Naxçıvandakı hərbi hissələr üçün portağalın satın alınması

4214 manat

Azərsun Ticarət Dağıtım” MMC

şəkərbura, qoğal, mandarinin satın alınması

9250 manat


Sərhəd Qoşunlarının 2012-ci ildə keçirdiyi tenderlərin siyahısına əsasən holdinqə daxil olan “Azərsun Dagıtım və Ticarət” MMC 10 lot üzrə 2590456 manat və “Qafqaz Ticarət” MMC ət konservasının satın alınması 930000 manat dəyərində müsabiqənin qalibi olub.

Sərhəd Qoşunları 2013-cü ildə keçirdiyi müsabiqələrdə “Azərsun Holdinq”ə daxil olan “Azərsun Ticarət və Dağıtım” MMC- 12 lot üzrə qalıb gəlib. Sərhəd Qoşunları 2013-cü ildə “Azərsun Holdinq”dən 4661661.5 manatlıq məhsul alıb. 2014-cü ildə “Azərsun Holdinq”in silahlı qüvvələrin ərzaqla təchizatına dair hər hansı tenderdə iştirakı göstərilməyib.

Azərsun Holdinq Daxili Qoşunları da ərzaqla təchiz edir. Daxili Qoşunların adının acıqlanmasını istəməyən zabitinin verdiyi məlumata görə, Daxili Qoşunlar “Azərsun Holdinq”in məhsullarından istifadə edir: “Lakin həmin ərzaq məhsullarının birbaşa “Azərsun Holdinq”dən yaxud iknci şirkətin vasitəsi ilə alındığını söyləyə bilmərəm”.

Lakin Satınalmalar üzrə Dövlət Agentliyinin reyestr məlumatlarında 2012-2013-cü illərdə “Azərsun Holdinq”in Daxili Qoşunların təchizatı ilə bağlı aldığı kontraktlar barədə ümumiyyətlə məlumat verilməyib.

Müdafiə Nazirliyinin də “Azərsun Holdinq”ə verdiyi sifarişlər satınalmalar reyestrinə salınmayıb. Əsgərlərsə məhz bu şirkətin məhsullarının rasionda üstünlük təşkil etdiyini deyirlər.

Üzərində “Əsgər payı”, “satışı qadağandır”, Müdafiə Nazirliyi, “Hər şey vətən üçün!” şüarı və “Azərsun Holdinq”in emblemi olan müxtəlif növ ət və yaşıl noxud konservləri MN-nin sifarişi ilə hazırlanıb.


Ehtiyatda olan polkovnik-leytenat Üzeyir Cəfərov da deyir ki, Müdafiə Nazirliyi ən azı 2014-cü ilə qədər “Azərsun Holdinq”in məhsullarını alıb. Onun sözlərinə görə, bu şirkətin təchiz etdiyi mallar arasında turşular, tomat pastaları, cem, pendir və digər ərzaq məhsulları var.

Müdafiə Nazirliyi və Daxili Qoşunlar “Azərsun Holdinq”lə bağlı yazılı sorğumuzu cavablandırmadı. “Azərsun Holdinq” də informasiya sorgusunu cavabsız qoydu.

Hazırda müstəqil ekspertlər təzyiqlərlə üləşdiklərinə görə suallarımızı cavablandırmaqdan çəkinirlər.

Son hərbi təlimlər zamanı, hərbi hissələrə hazır yemək konservaları verilib. Azərsun Holdinqin istehsal etdiyi milli yemək-dolma qablaşdırılarılıb. Bu fakt onu göstərir ki, Azərsun ordunu ərzaqla təmin edən əsas şirkətdir:

Növbəti yazıda Ordunun digər təchizatçıları ilə bağlı bəzi müəmmaları araşdırmağa cəhd edəcəyik.

Ana səhifəAraşdırmaSilahlı Qüvvələrin tender gizlinləri (Araşdırma – II yazı)