APA-nın hökumətdən asılılığının səbəbi – Vüsalə Mahirqızının ailə biznesi

Vüsalə Mahirqızı, foto: Meydan Tv

Agentlik rəhbərinin ailəsinə məxsus sərvət

Son aylar Azərbaycanda müstəqil mediaya qarşı təzyiqlər artıb. Hakimiyyətin diktəsi ilə hərəkət etməyən jurnalistlər həbs olunur, media resurslarının ofisləri qapadılır və onların fəaliyyətləri məhdudlaşdırılır. Hazırda Azərbaycan həbsxanalarında 24 media işçisi var. Onların əksəriyyəti “xarici valyuta qaçaqmalçılığı”nda ittiham edilir.

Hakimiyyət bu müstəqil media qurumlarına qarşı ictimai fikir formalaşdırmaq üçün özünə bağlı media resurslarından yararlanır. Yəni hakimiyyətə yaxın olan informasiya agentlikləri və media resursları həbs edilən həmkarlarına qarşı qaralama kampaniyası aparır. Həbs olunanlar araşdırma adlandırılan materiallarda “çirkli məzmun” yaymaqda, “antimilli ovqat” sərgiləməkdə, “erməni şəbəkəsinin revanşist hərəkətləri”nə haqq qazandırmaqda, hətta “lokal təxribatlar” törətməkdə ittiham olunurlar. Və bütün bunlar heç bir əsas, sübut və dəlil olmadan həbsdəki jurnalistlərə şamil edilir.

Bu tip məqalə və araşdırmaları tirajlayan və iddia edənlərdən başlıcası isə APA İnformasiya Agentliyidir.

 “APA GROUP” öz əməkdaşları üçün peşə davranış kodeksini saytlarında dərc edib. Həmin kodeksin ikinci bəndində yazılıb:

“Jurnalist yalnız fakta əsaslanan məlumatı yaymalı, onu gizlətməməli və ya əldə etdiyi informasiyanı saxtalaşdırmamalıdır”.

Altıncı bənddə isə vurğulanır:

“Aşağıdakılar jurnalist üçün ciddi peşə xətaları hesab olunur: plagiat, böhtan, qərəzli əldə edilmiş informasiyanı yaymaq, yaxud yaymamaq qarşılığında pul almaq, şəxsi həyata müdaxilə”.

Lakin agentlik özü dərc etdiyi peşə davranış kodeksini pozaraq həmkarlarına qarşı böhtan, yalan dolu materiallar dərc edir, jurnalistika prinsiplərini pozur.

Bəs ölkədə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova yaxınlığı ilə tanınan, onun kurasiyasında olduğu iddia olunan APA İnformasiya Agentliyinin rəhbəri Vüsalə Mahirqızını ona göndərilən bu materialları dərc etməyə sövq edən nədir?

Meydan TV bununla bağlı araşdırma aparıb. Görünən odur ki, ölkənin aparıcı media agentliyinin rəhbərini hakimiyyətdən asılı vəziyyətə salacaq qədər şəxsi biznesi var. Onun əldə etdiyi bütün varidatı məhz APA-nın yaranmasından (agentlik 2004-cü ildə yaradılıb) sonrakı dövrə təsadüf edir.

Bundan əlavə, Vüsalə Mahirqızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və həmçinin Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şuranın tərkibində təmsil olunur.

  • Qısa haşiyə: Vüsalə Abışova 90-cı illərin sonlarından etibarən Azərbaycan mətbuatında Vüsalə Mahirqızı imzası ilə tanınıb. O dövrün ən tirajlı qəzetlərindən olan “Bu gün”də siyasi məqalələrlə çıxış edib. Sonradan qısa müddət müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin media üzrə köməkçisi olub. 2001-ci ildə AXCP-də parçalanma baş verib və Əli Kərimlinin köməkçisi, hazırkı deputat Qüdrət Həsənquliyevlə tərəfdaşları bu siyasi təşkilatın sıralarını tərk edib. Həmin tərəfdaşlar arasında Vüsalə Mahirqızı da olub. Bundan sonra Həsənquliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını (BAXCP) yaradıb, Vüsalə Mahirqızı isə partiyanın mətbu orqanı olan “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru təyin edilib. Qüdrət Həsənquliyev 2003-cü ildən (əlavə parlament seçkisi -red.) deputatdır, partiya hakimiyyətyönümlüdür. 

“Xalq Cəhbəsi“ qəzetindəki postunu itirəndən bir müddət sonra Vüsalə Mahirqızı APA-nı yaradıb. O vaxta qədər jurnalist ailəsi ilə birlikdə Zabrat qəzəbəsində kirayədə yaşayıb. Agentliyin ilk illərində Vüsalə Mahirqızının ailə üzvləri – atası, qardaşı, bacısının həyat yoldaşı, eləcə də yaxın qohumları burada çalışıb.

45 yaşlı Vüsalə Mahir qızı Abışovanın hazırda idarə etdiyi rəsmi media qurumları:

–      “APA Holdinq” MMC (VÖEN: 1801888091)

–      “Azeri-Press Agentliyi” MMC (VÖEN: 1800128561)

–      “APA Servis MMC” (VÖEN: 1801789681)

–      “LENT.AZ İnformasiya Agentliyi” MMC (VÖEN: 1801148001)

–      “EKONOMIST” MMC (VÖEN: 1801141111)

–      “APA Sport” MMC (VÖEN: 1801145891)

–      “Vesti.AZ İnformasiya Agentliyi” MMC (VÖEN: 1801142291)

–      Onlayn Xəbər Agentliyi (ONA.AZ) MMC (VÖEN: 1804312321)

–      “APA ADVERTİSEMENT PR” MMC (VÖEN: 1503139481)

–      “APA Holdinq”in tərkibində APA TV, Kulis.az onlayn resursları.

Vüsalə Mahirqızının qardaşı, 39 yaşlı Kamil Mahir oğlu Abuşovun idarə etdiyi şirkətlər:

–      “Limak” sürətli poçtdaşıma və kuryer şirkəti – rəsmi adı “LİMAK VM” MMC (VÖEN: 1305680061) (Şirkətin adı Kamil sözünün tərs oxunuşudur).

–      “Pin travel” turizm şirkəti – rəsmi adı “PİN TRAVEL TURAGENT” MMC (VÖEN: 1506110401)

–       Moldovanın paytaxtı Kişnauda kafe-restoran

Vüsalə Mahirqızının həyat yoldaşı, Türkiyə vətəndaşı olan Edip Nabikoğlu isə “Tarqovu”da, Natəvan heykəlinin qarşısında və metronun “Memar Əcəmi” stansiyasının çıxışında yerləşən “Chef Baku” restoranlarını, “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığındakı “Kunəfə evi” restoranını işlədir. Həmin restoranlar rəsmi olaraq “Nabikoğlu” MMC (VÖEN: 1802163471) kimi qeydiyyatdadır.

Edip Nabikoğlu Vüsalə Mahirqızı ilə ailə qurduqdan sonra bir müddət APA-da kameraman kimi fəaliyyət göstərib.

Edip Nabikoğlu ilə Kamil Abuşov Türkiyədə də ortaq biznes açıb. Onlar 460.000,00 TL (14 113,59 dollar ) sərmayəsi olan logistika şirkətini – LİMAK TAŞIMACILIK DIŞ TİCARET LİMİTED ŞİRKETİ-ni (Sicil NO: 165465-5) ortaq işlədiblər.

Belə ki, 2021-ci ilin iyul ayının 1-də Edip Nabikoğlu öncə şirkətin 50 faiz hissəsini Kamil Abuşova transfer edib. Şirkətin ünvanı dəyişdirilib, Kamil müdir seçilib. Türkiyədəki sənədlər göstərir ki, daha sonra şirkətin digər 50 faizi də Kamilə transfer edilib.

Həmçinin onların Qazaxıstanda, Rusiyada “Limak” adlı çatdırılma şirkətləri də mövcuddur.

Kommersiya hüquqi şəxslərin reyestr məlumatlarına görə isə 2018-ci ildə qeydiyyatdan keçən MKD.az Daşınmaz Əmlak Agentliyi, rəsmi adı ilə “MKD CONSTRUCTION” MMC (VÖEN: 1804020061) şirkətinin rəsmi təmsilçisi Vüsalə Mahirqızının atasıdır. 

Agentlik rəhbərinin ailə üzvləri səhiyyə sahəsində də özlərini sınayıb. Belə ki, səhiyyə və tibb sahəsi üzrə xidmət göstərən “E-tibb.az” layihəsi Vüsalə Mahirqızının bacısı Nüşabə Mahir qızı Xəlilovanın həyat yoldaşı, APA Holdinqin maliyyə meneceri Zaur Arif oğlu Xəlilova məxsusdur. (VÖEN: 1008280301). Layihənin rəsmi “Facebook” səhifəsi də, demək olar ki, daha çox APA Qrupun tərkibinə daxil olan Lent.az saytından xəbərlər paylaşmağa üstünlük verir. 

“Norma” Hüquq Mərkəzi MMC-nin də Vüsalə Mahirqızına aid olduğu bildirilir. Ancaq MMC rəsmi olaraq Mahirqızının yaxın dostu hesab edilən Şamil Paşayevin adınadır.

Paşayev uzun müddət Respublika Prokurorluğunun müxtəlif strukturlarında prokuror köməkçisi, prokurorun böyük köməkçisi vəzifələrində çalışdıqdan sonra karyerasını 2019-cu ildən 2021-ci ilə qədər “APA Group”da hüquqşünas kimi davam etdirib. Paşayev rəsmi Linkedin hesabında özünü “Norma” şirkətinin təsisçisi kimi qeyd edib.

Lakin 2012-ci ildən kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar kommersiya sirri hesab edildiyi üçün şirkətin sahibinin əslində kim olmasını sübut etmək mümkün olmayıb.

Media patronunun hazırda Zabrat qəsəbəsi, Oktyabr küçəsində 3 mərtəbəli malikanəsi, “Port Baku”da geniş bir mənzili, Nərimanov rayonu mərkəzindəki H.Əliyev Mərkəzinə yaxın, Ələşrəf Əlizadə küçəsində mənzili, Binəqədidə bir evi olduğu bildirilir.

Vüsalə Mahirqızı gülür, APA-çılar isə narazıdır

Vüsalə Mahirqızı Meydan TV əməkdaşının ona  ünvanlanan suallarına “Siz bolşeviksiniz?” deyə cavab verib və gülüb. 

Azərbaycan hökumətinin maliyyə dəstəyini alan, üstəlik reklam gəlirləri və abunəlikdən də qazanan APA-nın əməkdaşlarının tez-tez işdən çıxma halları da müşahidə edilir. Həmin şəxslər bunu əsasən aldıqları maaşın onları qane etməməsi ilə əsaslandırırlar.  

İşini itirmək qorxusu ilə adının açıqlanmasını istəməyən APA əməkdaşının Meydan TV-yə verdiyi məlumata görə, onların maaşı rəqabətdə olduqları digər qurumlardan – “Report” agentliyindən və “Qafqazinfo”dan azdır. Jurnalistin sözlərinə görə, bu barədə iradlarına isə Vüsalə Mahirqızının bir cavabı olur:

“Heç kim mənə maaş artımı ilə bağlı müraciət etməsin. Kim bəyənmir gedə bilər”.

“Hakimiyyətdən maliyyələşən digər media qurumlarında təkcə maaş artıq deyil, həm də əksəriyyətində maliyyə hesabatlılığı şəffafdır. Aldıqları pul tam olaraq bank kartına göndərilir. Bizdə proses fərqlidir, əgər sən 800 manat maaş alırsansa, ölkədəki minimum əmək haqqı qədər məbləğ (ölkədə hazırda minimum əmək haqqı 345 manatdır) karta oturur, yerdə qalanı isə sənə nəğd şəkildə verilir. Üstəlik o nəğddən vergi və digər sosial ödənişlər çıxılır. Ştatda az adam var- redaktor və s, digərləri müqavilə əsasında çalışır”, – başqa bir APA əməkdaşı deyib. 

Ana səhifəAraşdırmaAPA-nın hökumətdən asılılığının səbəbi – Vüsalə Mahirqızının ailə biznesi