Prezident ailəsinə aid olan şirkət Şuşadakı otel üçün 4,4 milyon dəyərində tender udub

Şirkətin gələcək planında daha iki otel də var

“İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC “İdarəetmə məsləhət xidmətləri”nin (Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışından sonra olan fəaliyyətinin təşkili və idarəolunması ilə əlaqədar məsləhət xidmətlərinin) göstərilməsi” tenderinin nəticələrini açıqlayıb.

Tenderin qalibi “Shusha Hotel Company” MMC (VÖEN: 8600217891) olub. Qalib şirkətlə 4 milyon 425 min 067 manat məbləğində müqavilə imzalanıb.

“Shusha Hotel Company” MMC 2023-cü ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Babək Həsənov Xəzaim oğludur. Hüquqi ünvanı AZ5800, Şuşa şəhəri, Aslan Qaraşarov ünvanında yerləşir.

Keçən ilin mart ayında yaradılan şirkətə may ayında “Absheron Hotel Group” MMC tərəfindən baş menecer olaraq Babək Həsənov təyin edilib. Babək Həsənov öz “Linkedin” hesabında yeni vəzifəyə təyin olunduğunu bölüşüb.

O, buna qədər “Absheron Hotel Group”a aid olan digər otel “Baku Marriott Hotel Boulevard”ın Qida və içki departamentinin direktoru idi (Mənbə “Linkedin” hesabı).

2023-cü ilin may ayında İlham Əliyev və Mehriban Əliyeva Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışında iştirak edib. Onları otel kompleksi ilə məhz iqtisadiyyat naziri Mikayıl Cabbarov tanış edib. Şuşa şəhərinin mərkəzində yerləşən otel kompleksində 154 otaq, konfrans və ziyafət zalları, 3 konseptual restoran, hovuz, SPA, fitnes və digər xidmət bölmələri mövcuddur.

Bu arada “Absheron Hotel Group” MMC “PASHA Holding” MMC-nin hotelçilik qolunda fəaliyyətdə olan şirkətlər qrupudur ki, bu da saytlarında qeyd olunub. Şirkətlər qrupunun “Shusha Hotel”dən əlavə keçən ilin noyabrında açılışı İlham Əliyev və Mehriban Əliyeva tərəfindən reallaşan “Şuşadakı “Yasəmən” oteli də mövcuddur.

Bundan əlavə, şirkətin gələcək planında daha iki otel də var. Biri Ağdam şəhərində tikiləcək olan “Aghdam City Hotel”, digəri isə Gürcüstanın paytaxtı Tbilisi şəhərində tikiləcək olan “AC Hotel Tbilisi” otelidir.

Ana səhifəAraşdırmaPrezident ailəsinə aid olan şirkət Şuşadakı otel üçün 4,4 milyon dəyərində tender udub