Saatlı sakini: Anamın ölümünə görə dəfn pulunu tam vermədilər

“Biz heç bu pulu da görməmişik”

Foto: arxiv


Dövlət Sosial Müdafiə Fondu isə məbləğin doğru hesablandığını deyir

Saatlının Sarıcalar kənd orta məktəbində uzun illər Azərbaycan dili və ədəbiyyatdan dərs deyən Həmayə Vəlişova iyunun 13-də vəfat edib. Amma onun yaxınları dəfn pulunu ala bilmədiklərini deyirlər.


“Pul haqqında düşünmək vaxtı deyildi”

Həmayə müəllimənin oğlu Anar Vəlişov danışır ki, anasının qırx mərasimi başa çatmamış Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinə müraciət edib. Ona gecikdiyini bildiriblər. Anar Vəlişovun bütün cəhdləri boşa çıxıb:

“Əlbəttə, mənə anam lazım idi, pulu yox. Amma adamı yandırır. Mənə təsir eləyən odur ki, gör neçə adamı aldadırlar. Cəmi 46 manat 10 qəpik verdilər. Guya pensiya alınandan üç gün sonra ölüb deyə, o günləri hesablayıb veriblər. Sosial Müdafiə Fondunun rayon şöbəsinə getdim, dedilər, gərək tez gələydiniz. Necə tez gələydim?! Mənim ölüm ortalıqda idi. Pul haqqında düşünmək vaxtı deyildi. Bir az baş açılandan sonra getdim. Hətta dedim ki, heç olmasa, yarısını verin. Dedilər, düzələn məsələ deyil. Qulaq asan olmadı. Eşitdim ki, 600 manat verilməsi normativi çıxıb. Biz heç bu pulu da görməmişik”.


“Dedilər ki, hesab eləyin, yas xərclərinə kömək eləyirik”

Anar Vəlişov deyir ki, anası əvvəl 968 manat təqaüd alırmış. Sonra məbləğ bir az da artıb. Qadın vəfat edəndə aylıq təqaüdü təxminən 990-995 manat imiş.

“2016-cı ildə həm staja, həm də üç uşağa görə təqaüdə çıxmışdı. 968 manat dəqiq yadımda qalıb. Pensiyanın baza hissəsi 10 ildən bir artır. Onda məbləğ 1000 manata yaxınlaşmışdı. Məktəbdən hesablaşanda da hər şeyi nəzərə almışdılar. Necə lazımdısa, sağollaşmışdılar. Çox vicdanlı davranmışdılar. Hətta artıq verdilər. Götürmək də istəmirdik. Dedilər ki, hesab eləyin, yas xərclərinə kömək eləmişik”, – Anar Vəlişov belə deyir.

Onun sözlərinə görə, vəfat edən şəxsin təqaüdünün üç misli qədər dəfn pulu verilməlidir.


“Elə davranmaq istəmədim, abrımı gözlədim”

Həmayə Vəlişovanın 65 yaşı tamam olubmuş. Amma müqavilə ilə işini davam etdirirmiş. Azı bir il də məktəbdə işləməliymiş: “Hər ay neçə yerə pul ödəyirdi. Bu məsələlərə çox həssas yanaşırdı. İşini vicdanla görürdü. İndi halal pulunu istəyirik, başlarını tuturlar. Deyirlər ki, qanun dəyişib. Eşitdim ki, pensiya fondu məktəbin üstünə atıb. Amma fond üzərinə düşəni eləməliydi. Heç kimdən bizə düşməyən pulu istəmirik. Qanunlar nə deyirsə, o cür olsun”.

Anar Vəlişov anasının yas mərasimləri bitəndən sonra da bir dəfə də Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinə gedib. Rəhbərliklə görüşmək mümkün olmayıb: “İki əməkdaşla görüşdüm. Adları yadımda qalmayıb. Yenə onu eşitdim ki, düzələn məsələ deyil. Adam var, dirənir. Mən elə davranmaq istəmədim. Yəni hansısa mənada abrımı gözlədim. Belə də olmaz. Artıq pul istəmirik axı. Haqqımız çatanı versinlər…”


“Düzgün hesablanıb”

Dövlət Sosial Müdafiə Fondunun Saatlı şöbəsinin rəhbəri Kamal Cəfərov isə Meydan TV-yə bildirib ki, Həmayə Vəlişovanın hüquqi varisinə bank hesabı vasitəsilə ödənilən vəsait düşgün hesablanıb. Onun sözlərinə görə, dəfn pulu şəxsin aldığı təqaüdün məbləğinin üç misli yox, minimum pensiyanın üç misli həcmində hesablanır:

“Minimum pensiya 200 manat civarındadır, dəfn pulu da təxminən 600 manat edir. Əgər şəxs vəfat edərkən həmin ayın pensiyasını alıbsa, o günlərin pulu həmin məbləğdən çıxılır. Həmayə Vəlişovanın aylıq pensiyası 923 manat 15 qəpik olub. O, iyunun 12-də vəfat edib. Həmin vaxt artıq o ayın pensiyasını alıb. Ona görə də ayın qalan günlərilə bağlı hesablama aparılıb, 600 manatdan çıxılıb, qalan məbləğ ödənilib”.

Ana səhifəBölgəSaatlı sakini: Anamın ölümünə görə dəfn pulunu tam vermədilər