Ruslan İzzətli hərbi xidmətə aparılıb

“Hakimiyyət onun istəklərinə tabe olmayan şəxsləri cəzalandırmağa davam edir”

Foto: arxiv


“Hakimiyyət onun istəklərinə tabe olmayan şəxsləri cəzalandırmağa davam edir”

Mayın 25-də D18 Hərəkatının sədri Ruslan İzzətli hərbi xidmətə aparılıb.

Bu barədə məlumatı Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov yayıb. Bildirib ki, Ruslan İzzətli hazırda Beyləqanda N saylı hərbi hissədə xidmət edir. Baxmayaraq ki, səhhətilə bağlı ciddi əsaslara görə dinc dövr üçün hərbi xitmətə yararlı deyildi:

“Hətta bunun rəsmi təsdiqi vardı. Amma buna baxmayaraq onu qanunsuz olaraq hərbi xidmətə apardılar. Niyə? Həmişə olduğu kimi çox sadə səbəbə görə: hakimiyyət onun istəklərinə tabe olmayan şəxsləri cəzalandırmağa davam edir”.

Akif Qurbanov əlavə edir ki, bütün çətinliklərə baxmayaraq Ruslan İzzətli hərbi xidmətdən boyun qaçırmadığını göstərib:

“Onun təhlükəsizliyinə gəlincə, ordunun Ali Baş Komandanı ölkə başçısı İlham Əliyevdir. Ona görə də Ruslan İzzətlinin üzləşə biləcəyi hər hansı bir problemə görə məsuliyyət birbaşa onun üzərindədir. Heç bir yalançı səbəb (hətta hakimiyyət etməsə belə) onu birbaşa ittiham etməkdən bizi yayındırmayacaq”.

Ruslan İzzətli bu il fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkilərində namizəd olub. Onun namizəd olduğu 33 saylı Xətai ikinci seçki dairəsində seçkilərin nəticələri ləğv edilib. Həmin dairədə yenidən seçki keçirilməlidir.

Ruslan İzzətli və bəzi namizədlər həmin dairədə saxtakarlıq olduğunu iddia edərək Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət vermişdilər. Şikayətlər qəbul olunduğundan dairə üzrə nəticələr ləğv edilmişdi.

Ana səhifəXəbərlərRuslan İzzətli hərbi xidmətə aparılıb