Dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirməyə yönələn əməllər də daxil olmaqla bir neçə ağır cinayətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə yeni ittiham irəli sürülüb. Bununla bağlı bir neçə hökümətyönlü mediada xəbər gedib.
Yayılan məlumata görə, bu dəfə Mehdiyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma – passiv rüşvətxorluq) maddəsi ilə ittiham olunur. Yeni ittihamla bağlı Mehdiyevin ifadəsinin alındığı bildirilir.
İttihamın rüşvətin hansı məbləğdə olması, hansı dövrü əhatə etməsi və konkret olaraq hansı epizodla bağlı irəli sürülməsi barədə məlumat açıqlanmayıb.
Cinayət Məcəlləsinin 311-ci maddəsi vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün maddi və digər nemət, imtiyaz və ya güzəşt istəməsi və ya alması ilə bağlı cinayət məsuliyyətini nəzərdə tutur.
Mehdiyev 2025-ci ildən ev dustaqlığındadır
Ramiz Mehdiyev barəsində cinayət işi 2025-ci ilin oktyabrında açılıb. Oktyabrın 14-də Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Həmin vaxt Mehdiyevə Cinayət Məcəlləsinin 278.1-ci (dövlət hakimiyyətini zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn əməllər), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham irəli sürülmüşdü. Cinayət işi üzrə istintaq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılır.
Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti sonradan bir neçə dəfə uzadılıb. Sonuncu dəfə 2026-cı il iyunun 10-da Səbail Rayon Məhkəməsi onun ev dustaqlığı müddətini daha beş ay uzadıb.
Mehdiyev nədə ittiham olunur?
DTX 2026-cı il fevralın 12-də Ramiz Mehdiyev və eyni cinayət işi üzrə təqsirləndirilən digər şəxslərlə bağlı geniş məlumat yayıb. Bu məlumatda Mehdiyevlə yanaşı, keçmiş baş nazirin birinci müavini Abbas Abbasov, AXCP sədri Əli Kərimli, partiyanın üzvləri Fuad Qəhrəmanlı və Qənimət Zahidov, Məmməd İbrahim, eləcə də Mehdiyevin köməkçisi Eldar Əmirovun adları çəkilir.
Qurumun iddiasına görə, “Mehdiyev və bir sıra başqa şəxslər xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi və ölkənin konstitusiya quruluşunun dəyişdirilməsinə yönələn fəaliyyət göstəriblər”.
DTX həmçinin iddia edir ki, Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” adlı sənəd hazırlayıb, həmin sənəd Əli Kərimliyə çatdırılıb və daha sonra xarici dövlətin xüsusi xidmət orqanlarının yüksək vəzifəli nümayəndələrinə göndərilib.
Qurumun açıqlamasında, o cümlədən Mehdiyevin 2025-ci il oktyabrın 13-dək cinayət yolu ilə əldə edildiyi iddia olunan 17 milyon manatdan artıq vəsaiti leqallaşdırdığı bildirilir.
Ramiz Mehdiyev kimdir?
Ramiz Mehdiyev uzun illər Azərbaycanın ən yüksək dövlət vəzifələrindən birini tutub. O, 1995-ci ildən 2019-cu ilə qədər – təxminən 25 il – Prezident Administrasiyasına rəhbərlik edib. Mehdiyev bu vəzifədən 23 oktyabr 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə azad olunub.
Elə həmin gün o, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsinə təsdiqlənib. Mehdiyev 2019–2022-ci illərdə Akademiyaya rəhbərlik edib.
Prezident Administrasiyasından ayrıldıqdan sonra Mehdiyev Təhlükəsizlik Şurasının üzvü təyin edilmişdi. Cinayət işi başlanandan bir neçə gün sonra – 18 oktyabr 2025-ci ildə o, Prezidentin fərmanı ilə Şuranın üzvlüyündən azad edilib.
Mehdiyev sovet dövründən dövlət və partiya strukturlarında çalışıb, müstəqillik dövründə isə Heydər Əliyevin və daha sonra İlham Əliyevin prezidentliyi zamanı Prezident Administrasiyasına rəhbərlik edib.
Əli Kərimli və Məmməd İbrahim də eyni istintaqda təqsirləndirilirlər
Ramiz Mehdiyevlə bağlı istintaq çərçivəsində AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim də cinayət məsuliyyətinə cəlb olunublar. Onlar 2025-ci il noyabrın 29-da DTX tərəfindən saxlanılıb, dekabrın 1-də barələrində həbs qətimkan tədbiri seçilib.
2026-cı ildə onların həbs müddəti bir neçə dəfə uzadılıb. Sonuncu dəfə iyunun 10-da Səbail Rayon Məhkəməsi Əli Kərimli və Məmməd İbrahimin həbs müddətini daha beş ay artırıb.