“Kərimə dövləti” qurmaqda ittiham edilərək 10 il müddətinə azadlıqdan məhrum olunan Mirvasid Əliyev məhkəmənin qərarı ilə 6 ay müddətinə Umbakı Penitensiar Kompleksinin qapalı tipli həbsxanasına köçürülüb.
Bu barədə Meydan TV-yə onun anası Sənəm Əliyeva məlumat verib.

Ananın sözlərinə görə, Mirvasid Əliyevin saxlanma rejiminin dəyişdirilməsi üçün 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Vüsal Aslanov məhkəməyə müraciət edib. Müəssisə rəhbəri Əliyevin “islah olunmadığını” əsas gətirərək onun 3 il müddətinə qapalı tipli həbsxanaya keçirilməsini istəyib.
Məhkəmə müraciəti qismən təmin edib və Mirvasid Əliyevin 6 ay müddətinə Umbakı Penitensiar Kompleksinin qapalı tipli həbsxanasında saxlanılması barədə qərar çıxarıb. Qərardan sonra Əliyev həmin müəssisəyə köçürülüb.
Sənəm Əliyeva oğlunun bundan əvvəl, iyunun 20-də Umbakı Penitensiar Kompleksindən 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyünü deyir.
Onun sözlərinə görə, Mirvasid Əliyev 2 saylı müəssisəyə gətirildiyi gündən müxtəlif intizam tənbehləri ilə ümumilikdə altı dəfə cərimə kamerasına (“kars”) salınıb və ümumi yaşayış zonasına buraxılmayıb.
“Oğlum iyunun 20-də Umbakı Penitensiar Kompleksindən 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Gəldiyi gündən müxtəlif cərimələrlə ümumilikdə altı dəfə ‘kars’a salınıb. Bu günə qədər də ümumi zonaya buraxılmayıb, müəssisə daxilində qapalı rejimdə saxlanılıb”, – Sənəm Əliyeva bildirib.
Ana müəssisə rəhbərliyinin oğlunun “islah olunmaması” və digər məhbuslar arasında təbliğat aparması ilə bağlı məhkəməyə təqdim etdiyi əsaslandırmalarla razılaşmır.
Onun sözlərinə görə, Mirvasid Əliyev müəssisəyə gətirildikdən sonra əvvəlcə karantində, daha sonra isə cərimə kamerasında və qapalı rejimdə saxlanıldığı üçün digər məhbuslarla geniş ünsiyyət imkanına malik olmayıb.
“Deyirlər ki, səhər və axşam otağın yoxlanılmasına mane olur, mənfi davranışlı məhkumlara meyil göstərir, kitab oxumur, müəssisə əməkdaşları ilə pis rəftar edir. Mirvasid ora gələn gündən əvvəl karantində, sonra ‘kars’da və qapalı rejimdə saxlanılıb. Belə olan halda onun digər məhbuslara təsir göstərməsi barədə deyilənləri necə başa düşmək olar?” – Sənəm Əliyeva deyib.
Onun bildirdiyinə görə, Mirvasid Əliyevin saxlanma rejiminin dəyişdirilməsi ilə bağlı məhkəmə iclası cəzaçəkmə müəssisəsinin ərazisində, qapalı şəraitdə və vəkilin iştirakı ilə keçirilib.
İş barədə
Mirvasid Əliyevə 2023-cü ilin fevralında “Kərimə dövləti” qurmaqda ittiham olunan daha 12 nəfərlə birlikdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.
İş üzrə təqsirləndirilən şəxslərə Azərbaycan Cinayət Məcəlləsinin 170.3-cü (yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə), 234.1-1-ci, 274-cü (dövlətə xəyanət), 28-ci (cinayətə hazırlıq), 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd) və 278.2-ci (dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddələri ilə ittiham irəli sürülüb.