Rusiya-Ukrayna müharibəsinin mədəniyyətə təsiri: kampaniyalar, imtinalar, qadağalar…

Rusiya-Ukrayna müharibəsi. Foto: David Benito/shutterstock

Deputatlar rus musiqilərinə qadağalar təklif edirlər

Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlar siyasət, iqtisadiyyat, digər sahələr kimi mədəniyyətə də təsirsiz ötüşmür.

Demək olar ki, hər gün dünyamiqyaslı sənətçilər, musiqi və kino şirkətləri müharibəyə münasibət bildirir, Ukraynaya maddi və mənəvi dəstək olmağa çalışır, müharibəni pisləyirlər.

Bəs müharibə mədəniyyət sahəsinə hansı təsirləri göstərib?

Meydan TV Rusiya-Ukrayna hərbi münaqişəsi zəminində son bir neçə gündə baş verən mədəniyyət xəbərlərini təqdim edir:

Ukrayna radio və televiziyalarında rus musiqisinə qadağa

Ukraynalı deputatlar radio və televiziyada rus musiqisinin qadağan edilməsini təklif ediblər.

Rus mahnılarının radio və televiziyalarda, əyləncə məkanlarında, ictimai nəqliyyatda (dövlət və özəl daşıyıcılar), təhsil müəssisələrində, mədəniyyət və istirahət məkanlarında, mehmanxana və restoranlarda, kinoteatrlarda, ictimai yerlərdə səsləndirilməsinin yığışdırılması istənilib.

Eyni zamanda, musiqili radiostansiyaların və musiqi telekanallarının efirində Ukrayna musiqisinin kvotasını – 50%-ə qədər artırmaq təklif olunub.

Amerikalı aktyor ukraynalı qaçqınlara “borş” bişirib

Amerikalı aktyor, rejissor və prodüser Liv Şrayber “World Central Kitchen” xeyriyyə layihəsi çərçivəsində ukraynalı qaçqınlar üçün yemək hazırlamağa kömək edib. Bunun üçün Şrayber Ukrayna-Polşa sərhədindəki Pşemısl şəhərinə gəlib.

Liv Schreiber. Foto: “celebritynetworth.com”

Aktyor bununla bağlı “İnstagram” hesabında video paylaşıb.

O, 1500 nəfərlik borş bişirdiyini yazıb.

Şrayberin anası yəhudidir, onun əcdadları Polşa, Ukrayna və Almaniyadan köçüb.

“Backstreet Boys”dan Ukraynaya maddi dəstək

Sosial şəbəkələrdə keçirilən “Stand Up For Ukraine” onlayn mitinqi zamanı “Backstreet Boys” qrupunun üzvləri Ukraynanı dəstəklədiklərini bəyan ediblər.

Qrup üzvləri pərəstişkarlarını Ukraynaya kömək etmək üçün ianə verməyə çağırıblar.

“Backstreet Boys” “European DNA World Tour 2022” çərçivəsində verdikləri konsertlərdən əldə olunan gəlirin bir hissəsini Ukraynaya bağışlayacaq.

Şon Penn yenidən Ukraynaya gedəcək

Amerikalı aktyor Şon Penn yenidən Ukraynaya gedəcəyini deyib.

Hazırda özünün “CORE” qeyri-kommersiya təşkilatı ilə birlikdə Polşada ukraynalı qaçqınlara yardım edən aktyor yenidən münaqişə bölgəsinə yollanmaqdan çəkinmədiyini bildirib.

Şon Penn, Andrea Raffin/shutterstock

Prezident Volodimir Zelenski fevralın 24-də Şon Pennlə Rusiyanın Ukraynanı demilitarizasiya etmək üçün keçirdiyi xüsusi əməliyyat fonunda görüşüb.

Şon Penn Rusiyanın Ukraynaya qarşı apardığı müharibə ilə bağlı sənədli film çəkir.

Selin Dion dünya liderlərinə müraciət edib

Kanadalı müğənni Selin Dion “İnstagram” səhifəsində Ukrayna bayrağı fonunda dünya liderlərinə və hərbi əməliyyatlardan zərər çəkmiş insanların taleyi ilə maraqlanan hər kəsə müraciət edib.

“Mən Ukraynanı və bütün dünyada qaçqınları dəstəkləmək istəyirəm. Dünya liderlərini evlərini tərk etmək məcburiyyətində qalan insanlara kömək etməyə çağırıram”, – müğənni deyib.

Müharibə könüllüləri olan ukraynalı məşhurlar

“Ukraynada hərbi münaqişə başlayandan bir çox məşhur fəaliyyətlərini kəskin şəkildə dəyişib – bəziləri evlərini müdafiə etməyə və döyüşməyə gedib. Digərləri isə imkanları daxilində könüllü olaraq fəaliyyətə başlayıblar”,- “Unian” saytının məlumatında deyilir.

Ukraynalı model Daşa Astafyeva orduya köməyə gedənlərdəndir.

O, cazibədar açıq-saçıq geyimlərini çıxarıb, rahat paltar geyinib və günlərlə kartof soyub, Ukrayna hərbçiləri üçün yemək hazırlamağa kömək edib.

Teleaparıcı Lesya Nikityuk Xmelnitski bölgəsində oxuduğu məktəbdə qaçqınlara kömək mərkəzi təşkil edib.

Müğənni İrina Fedişin özünün xeyriyyə fondu vasitəsilə ordunun ehtiyacları üçün pul yığmaqla yanaşı, kamuflyaj torları toxuyur.

Müğənni Melovin də (Konstantin Nikolayeviç Boçarov) müharibə başlayandan könüllü fəaliyyətə başalyıb.

“Müharibə təkcə silah saxlamaq və cəbhə xəttində olmaqdan ibarət deyil. Bu, həm də informasiya müharibəsidir, ona görə də biz sosial şəbəkələrdə vuruşuruq – real faktları yayırıq”, – Melovin deyib.

Kanada və Ukrayna əsilli aşpaz, “MasterChef” layihəsinin aparıcısı, iş adamı Ektor Himenes-Bravo da könüllülər arasındadır.

Hər gün Hektorun özü və restoran şəbəkəsinin əməkdaşları tərəfindən hərbçilər, qaçqınlar və ərazi müdafiəsi döyüşçüləri üçün minlərlə yemək hazırlandığı bildirilir.

Rusiyalı istifadəçilər “Netflix”i məhkəməyə veriblər

Moskvanın Xamovniçeski Məhkəməsinə edilən müraciətdə “Netflix” yayım xidmətindən 60 milyon rubl (700 min ABŞ dollarından çox) təzminat istənilib.

Səbəb kimi “Netflix”in hərbi əməliyyatlar fonunda Rusiyada xidmət göstərməkdən birtərəfli imtinası göstərilib.

Foto: By kamarulzamanganu/Shutterstock

İddiada bildirilir ki, bununla rusiyalı istifadəçilərin hüquqları pozulub.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Həmin tarixdən etibarən Avropa İttifaqı ölkələri, həmçinin Böyük Britaniya, ABŞ, Kanada və digər ölkələr Rusiyaya müxtəlif sanksiyalar tətbiq edir.

Maliyyə sanksiyaları əsasən oliqarxlara, yüksək rütbəli hərbçilərin hesablarına, dövlət məmurlarına, prezidentə, onun köməkçisinə, nazirlərə qoyulan qadağalardır.

Bütün bu sanksiyaların səbəbi Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsidir.

Məqsəd müharibənin maliyyələşdirilməsinin dayandırılmasıdır.

Həmçinin bir sıra beynəlxalq musiqi, film şirkətləri, o cümlədən teatrlar, kinostudiyalar Rusiya və sənətçiləri ilə əməkdaşlığı dayandırıb.

Ana səhifəMədəniyyətRusiya-Ukrayna müharibəsinin mədəniyyətə təsiri: kampaniyalar, imtinalar, qadağalar…