ABŞ-də yaşayan, Rusiya əsilli iş adamı Konstantin Sokolov Ermənistan ərazisindən keçməklə Azərbaycanı onun eksklavı Naxçıvanla birləşdirəcək mühüm “Tramp marşrutu” üçün nəzərdə tutulan 200 milyon dollardan çox vəsaitə “nəzarət etmək” üçün təyin olunub.
Bu barədə “The Guardian” məlumat yayıb. Siyasətdə təcrübəsi olmayan Sokolov Prezident Donald Trampın tamamlanmamış, 350 milyon dollar dəyərində olan Ağ Ev bal zalı layihəsinin donorlarından biri olub. Bu isə onun təyinatının siyasi lütf olması ilə bağlı narahatlıqlara səbəb olub.
“The Guardian” bu barədə çərşənbə axşamı məlumat yayıb və ABŞ Dövlət Departamentinin təyinatı təsdiqlədiyini bildirib.
Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun qısaldılmış adı olan Tramp marşrutu TRIPP – ABŞ-nin Cənubi Qafqazda yeni fəallığının əsas hissəsi və 2025-ci ildə Tramp, Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında Vaşinqtonda keçirilən görüşün mühüm nəticələrindən biridir. Tarixi danışıqlar Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə deyil, paraflanması ilə nəticələnib, həmçinin Tramp marşrutunun əsasını qoyub.
O vaxtdan bəri layihənin təfərrüatları az açıqlanıb. “The Guardian”ın yaydığı məlumatlar Tramp marşrutunun ilk dəfə elan edilməsindən sonra ABŞ-nin təqdim etdiyi ən konkret məlumatlardır.
Dövlət Departamentinin rəsmisi “The Guardian”a bildirib ki, TRIPP+ Fonduna 201 milyon dollar ayrılacaq və fonda “Cənubi Qafqaz və Mərkəzi Asiyada, o cümlədən Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanda özəl sektorun strateji inkişafını təşviq edən kreditlər, kapital investisiyaları və qrantlar ayırmaq” səlahiyyəti veriləcək.
1997-ci ildə, 21 yaşında ABŞ-yə köçən Sokolovun xeyriyyəçilik fəaliyyəti və ABŞ-dəki siyasi partiyalara, əsasən Respublikaçılar Partiyasına ianələr verməsi ilə bağlı uzun tarixçəsi var.
Onun ən böyük ianəsinin 2025-ci ildə Çikaqo Universitetinin 2005-ci ildə məzunu olduğu ‘Booth Business’ Məktəbinə dəstək məqsədilə verdiyi 100 milyon dollar olduğu görünür.
Bundan əlavə, Sokolov bir sıra respublikaçı təşəbbüsləri və namizədləri dəstəkləyib. Buraya Trampın ikinci prezidentlik müddəti zamanı onun super siyasi fəaliyyət komitəsinə verdiyi 11 milyon dollar, eləcə də Ağ Evin bal zalı layihəsinə məbləği açıqlanmayan ianə daxildir.
Sokolov Ermənistanda da tanınmayan şəxs deyil. 2024-cü ilin yanvarında onun çinli investor Çje Çjanq ilə birgə sahib olduğu “Fedilco Group” Ermənistanın ən böyük telekommunikasiya şirkəti “Viva-MTS”də nəzarət səhm paketini əldə edib. Kiprdə qeydiyyatdan keçmiş “Fedilco Group”un Ermənistandakı digər rabitə şirkətlərində də payları var.
“Viva-MTS”in 2024-cü ildə satın alınmasından sonra Ermənistan hökuməti həmin ilin sonlarında təfərrüatları hələ də aydın olmayan qeyri-şəffaf sövdələşmə çərçivəsində şirkətin 20 faizlik payını əldə edib. Şirkət səhmləri hökumətə bağışladığını bildirib.
Ermənistanın araşdırmaçı Hetq nəşri satınalmadan qısa müddət sonra Sokolovun “Viva-MTS”dəki faktiki rolu ilə bağlı bəzi sualların olduğunu və şirkətin idarə olunmasında başqa şəxslərin daha çox iştirak edə biləcəyini yazıb.
Daha yaxın tarixdə isə AzadlıqRadiosu iyulun əvvəlində məlumat verib ki, Sokolov Ermənistanın ən böyük mədənlərindən biri olan Teğut mədənində 50 faizə yaxın payı almaq üçün danışıqlar aparır. O, bu səhmləri Qərbin sanksiyalarına məruz qalmış Rusiyanın dövlət bankı VTB-dən alıb.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.