Rəsmi Paris: Fransa qondarma Dağlıq Qarabağ respublikasını tanımır

“Fransa Cənubi Qafqazda vəziyyətin sabitləşməsi üçün bundan sonra da səylərini əsirgəməyəcəkdir”.

Source: meydan tv


Hikmət Hacıyev: "Qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil"

Fransa Xarici İşlər Nazirliyi noyabrın 26-da Fransa hökumətini qondarma Dağlıq Qarabağ respublikasını tanımağa çağıran Senatın qətnaməsi ilə bağlı brifinqdə bəyanatla çıxış edib.

Bəyanatda bildirilib ki, səsvermədən əvvəlki debatlar zamanı Fransa və frankafoniyanın Turizm, Xarici ərazilər üzrə Dövlət Katibi cənab Jan-Batist Lemuan Fransa hökumətinin bu məsələ ilə bağlı mövqeyini təsdiqləyib: Fransa qondarma Dağlıq Qarabağ respublikasını tanımır.

“ATƏT-in Minsk Qrupunun həmsədri kimi bizim vəzifəmiz Dağlıq Qarabağ münaqişəsinin həlli, o cümlədən Dağlıq Qarabağın gələcək statusu məsələsi ilə bağlı danışıqlar üzərində işləməkdən ibarətdir və bu danışıqların nəticəsi əvvəlcədən və birtərəfli qaydada müəyyən edilə bilməz. Bu gün bizim prioritetimiz son həftələrdə münaqişə nəticəsində köçürülənlərin təhlükəsiz qaytarılmasının təmin edilməsi olmalıdır. Dövlət katibi də Senata müraciətində bildirib ki, indiyədək heç bir dövlət Dağlıq Qarabağı tanımayıb”, – deyə bəyanatda qeyd olunub.

Eyni zamanda, vurğulanıb ki, Fransa öz dəyərlərinə sadiq, sülhə sadiq olan məsuliyyətli ölkə olaraq, bu çərçivədə münaqişənin möhkəm həllinə nail olmaq, region xalqları üçün təhlükəsizliyin və ləyaqətin təmin olunmasını tələb etmək əzmindədir:

“Fransa Cənubi Qafqazda vəziyyətin sabitləşməsi üçün bundan sonra da səylərini əsirgəməyəcəkdir. O, hələ də Minsk qrupunun həmsədrliyinin müvafiq çərçivəsində atəşkəsin əldə edilməsindən sonra hələ də müzakirə edilməli olan bütün parametrlər üzrə irəliləyişə nail olmağa, o cümlədən münaqişə zamanı açılmış xarici muzdluların tərk edilməsinə və ya regionun tarixi və mədəni irsinin qorunmasına sadiq qalacaq. Biz, həmçinin Fransanın münaqişənin təsirinə məruz qalmış əhalinin mənafeyi naminə həyata keçirdiyi və noyabrın 22-dən Avropa və xarici işlər nazirliyinin kommünikasında təsvir etdiyi strukturlaşdırılmış humanitar yardımı xatırladırıq”.

Noyabrın 25-də Fransa Senatı Dağlıq Qarabağın müstəqilliyini tanımağın zəruriliyi ilə bağlı qətnamə qəbul edib.

Sənəd senatın müxalif “Respublikaçılar” fraksiyasının lideri Brüno Retayo tərəfindən hazırlanıb. Sənədə mərkəzçilərlə bərabər solçu fraksiyaçılar olan sosialistlər və ekoloqlar dəstək verib.

Azərbaycan rəsmi dairələri sənəd barədə münasibətlərini açıqlayıblar.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Fransa Senatının qəbul etdiyi qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil: “Dar siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nın daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurur”.

Ana səhifəSiyasətRəsmi Paris: Fransa qondarma Dağlıq Qarabağ respublikasını tanımır