Rəsmi Bakıya qarşı “Maqnitski qanunu”

Bu yolla rəsmi Bakını götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etmək mümkündür

Source:


Bu yolla rəsmi Bakını götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etmək mümkündür


Azərbaycan beynəlxalq təşkilatlara və Qərbə əzələ nümayiş etdirməkdə davam edir. Rəsmi Bakı beynəlxalq öhdəlikləri yerinə yetirməkdən imtina edir. Belə vəziyyət Azərbaycana qarşı sanksiyaların tətbir edilə biləcəyi ehtimalını yenidən gündəmə gətirir. Odur ki, belə bir sual yaranır – iqtidara qarşı hansı sanksiyalar tətbiq edilə bilər?  Adətən, “cızığından çıxan” hakimiyyətlər üçün ABŞ Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin  “Maqnitski qanunu” adı ilə tanınan “silah”ı mövcuddur.

Son günlər “Maqnitski qanunu”nun Azərbaycana da şamil ediləcəyi barədə fikirlər səslənir.

“Sergey Maqnitski-qanunun aliyiyi və məsuliyyət” adlı qanun layihəsi 2009-cu ildə vəkil Sergey Maqnitskinin həbsxanada ölümü ilə bilavasitə əlaqəsi olan Rusiya rəsmilərinə qarşı sanksiyalar tətbiq edilməsini nəzərdə tutur. Xarici Əlaqələr Komitəsində səsvermə nəticəsində qəbul edilmiş qanun layihəsi ilə Maqnitskinin həbsi və ölümündə bilavasitə əlaqəsi olan Rusiya rəsmilərinə viza verilməsi qadağa edilir və onların ABŞ-dakı hesabları dondurulur.

Xatırladaq ki, 2012-ci ilin dekabrında ABŞ insan hüquqlarının və qanunun aliliyinin pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı fərdi sanksiyalar tətbiq edən “Maqnitski  qanunu”nu qəbul edib.  Qanuna əsasən, istintaq təcridxanasında “Hermitage Capital” İnvestisiya Fondunun auditoru Sergey Maqnitskinin öllümündə əli olduğu ehtimal olunan 60 rus məmurunun və hüquq-mühafizə orqanlarının əməkdaşlarının adı “Maqnitski siyahısı”na daxil edilib. Həmkarları və qohumları hesab edirlər ki, Sergey Maqnitskini 5,4 milyard rubl həcmində büdcə vəsaitinin mənimsənilməsi sxemini aşkar etdiyinə görə həbs ediblər, sonra qətlə yetiriblər. S.Maqnitski həbsindən öncə bildirmişdi ki, pulları güc strukturlarının əməkdaşları oğurlayıblar.

Bu qətldə adı keçən 60 məmurun adları açıqlanmasa da, Rusiya siyasi elitasının bir çox nümayəndələrinə qarşı tətbiq edildiyi bildirilir. Siyahını ABŞ senatoru Bencamin Kardin tərtib edib.  Siyahıya adı düşmüş şəxslərə qarşı fərdi sanksiyalar tətbiq edilir, insan hüquqlarının pozulması ilə əlaqədar onlara ABŞ-a səfər etmək qadağan edilir. “Qara siyahı”ya düşən 60 nəfər Rusiyada Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, Arbitraj Məhkəməsi, Baş Prokurorluq və digər qurumlarda çalışan şəxslərdir.

14 dekabr 2012-ci ildə “Maqnitski qanunu”nu ABŞ prezidenti Barak Obama imzalayıb. Bu qanuna görə, adı keçən məmurlara qarşı maliyyə sanksiyaları da tətbiq edilə bilər.

Uzun müddətdir ki, Azərbaycan hüquq müdafiəçiləri, müxalifət nümayəndələri insan hüquqlarını pozan məmurlar, ədalətsiz məhkəmə qərarları çıxardan hakimlər barəsində də “Maqnitski siyahısının” tətbiq edilməsinin vacibliyini açıqlayırlar. Buna görə də ehtimal etmək olar ki, azərbaycanlı məmurlara qarşı da sanksiyalar tətbiq edilə bilər.

Nəzərə alsaq ki, rəsmi Bakı Rusiyaya doğru reverans edir və açıq anti-Qərb xətti yeridir, ehtimal edə bilərik ki, Azərbaycan məmurları barədə olduqca sərt qərarlar verilə bilər.

“Maqnitski siyahısı” bütövlükdə hakimiyyətin deyil, qanunsuzluq və özbaşınalıqlarda adı keçən məmurların cəzalandırılması anlamına gəlir.

Siyahıya adı daxil ediləcək məmur, hakim və digərlərinin özbaşınalığını sübut edəcək konkret faktlar aşkarlanmalıdır.  Vurğulayaq ki, Rusiyada S.Maqnitskinin qanunsuz həbsində və qətlində adı keçən məmurların günahları konkret faktlarla sübuta yetirildikdən sonra siyahı tərtib edildi.

Bu baxımdan, Azərbaycanda da hazırlıq işi görülməli və konkret məsələlərdə cavabdehliyi sübut edilən simaların adları “Maqnitski siyahısı”na salınmalıdır.

Müqəssir olmaları şübhə doğurmayan məmurların adlarının belə bir siyahıya salınmasından sonra növbəti mərhələlərdə sanksiyaların tətbiqinə də nail olmaq mümkündür.

Son zamanlar yeni siyasi məhbus ordusunun yaranması Azərbaycanla bağlı analoji siyahının ortaya çıxmasını aktual edir.

Əgər Rusiyanın “beşinci kolonu” kimi tanınan, korrupsiyada, ədalətsiz təqiblərdə adı keçən simaların adlarından ibarət bir siyahı formalaşdırılarsa, ABŞ insan haqlarını pozan məmurları xəbərdar belə etmədən sanksiyalara məruz qoya, ABŞ banklarındakı hesablarını və digər aktivlərini dondura bilər.

Qeyd edək ki, Avropa  İttifaqı ölkələrinin Azərbaycandan olan bəzi məmurlara rəsmi qərarla əks edilməyən sanksiyalar tətbiq etdiyinə dair xəbərlər var.

Mətbuatın verdiyi məlumatlara görə, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun və bəzi digər məmurların Avropaya viza ala bilməməsinin səbəbi də elə bu amillə bağlıdır. Bu siyahıya siyasi məhbusların işini aparan hakimlər, korrupsiyada adı hallanan nazirlərin də ola biləcəyi istisna edilmir. Qeyd edək ki, məlum qadağanın tətbiqi özündə həm siyasi, həm də iqtisadi məhdudlaşdırmanı nəzərdə tutur.

Bu günə qədər sözügedən qadağa bir sıra dövlətlərin rəsmilərinə şamil edilib və təhlilçilərin qənaətinə görə, qadağanın tətbiqi digər sanksiyalarla müqayisədə daha böyük faydalar verir.

Çünki bu, həmin qadağaya məruz qalan məmurların xaricə çıxışını, rəsmi səfərlər etməsini əhəmiyyətli şəkildə məhdudlaşdırır.

Eyni zamanda, onların Qərb banklarındakı pul hesablarına böyük təhlükə yaranır. Bu baxımdan, “Maqnitski siyahısı”nın Azərbaycan versiyasının hazırlanması təqdirəlayiq addım hesab edilə bilər. Məhz bu yolla rəsmi Bakını götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etmək mümkündür…

Ana səhifəXəbərlərRəsmi Bakıya qarşı “Maqnitski qanunu”