Etnik fəal 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Kamal İsayev, foto: Youtube kanalı

Sentyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində etnik ictimai fəal Kamal İsayevin cinayət işi barəsində yekun məhkəmə prosesi keçirilib.

Hakim Fərid İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində İsayevə hökm oxunub və o 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Prokuror prosesdə çıxış zamanı İsayevin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Kamal İsayev 2025-ci ilin noyabrında Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən Türkiyədə saxlanılaraq Bakıya gətirilib.

İsayev noyabrın 2-də müalicə almaq üçün Moskvadan Türkiyəyə gedib. Noyabrın 7-də Moskvaya qayıdacağı barədə ailəsinə məlumat verib. Lakin sonradan ondan xəbər almaq mümkün olmayıb.

Talış fəal “YouTube” kanalında höküməti tənqid edən materialları ilə tanınır. 

İsayev Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışların bir qrup şəxs tərəfindən törədilməsi), 281-1.2-ci (Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvolların bir qrup şəxs tərəfindən yayılması) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin zor tətbiqi və ya zor hədəsi ilə salınması) maddələri ilə ittiham olunub.

Ana səhifəSiyasi işlərEtnik fəal 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib