Ermənistanlı müxalifətçi Andranik Tevanyana qarşı irəli sürülən ittiham casusluqdan dövlət sirrini yaymağa dəyişdirilib. Açıq şəkildə qeyd edilməsə də, Ermənistanın iyun ayında keçirilən parlament seçkilərindən bir neçə gün əvvəl irəli sürülmüş əvvəlki ittiham Tevanyanın Rusiyanın xeyrinə casusluq etdiyini nəzərdə tuturdu və bu iş müstəqillikdən sonra ölkədə Rusiya tərəfindən dəstəkləndiyi iddia edilən casusluqla bağlı ilk istintaq kimi görünürdü.
OC Media yazır ki, ittihamın dəyişdirildiyi Tevanyanın məhkəmə prosesinin sentyabrın 8-də başlamasından təxminən bir həftə əvvəl məlum olub. Məhkəmə prosesi qapalı keçirilir. Məhkəmə bunu iş materiallarında dövlət sirri təşkil edən məlumatların olduğu iddiası ilə əsaslandırıb.
İlk məhkəmə iclası zamanı ermənistanlı müxalifətçinin həbs qətimkan tədbirinin müddəti daha üç ay uzadılıb.
Tevanyan səsli mesajında ittihamın dəyişdirilməsinə münasibət bildirib və işi “saxtalaşdırılmış” adlandırıb. Onun vəkili Aram Orbelyan daha sonra AzadlıqRadiosuna müsahibəsində yeni ittihamı təsdiqləyib.
Dövlət sirrini yaymaqda təqsirli bilinən şəxsi altı ilədək həbs cəzası gözləyə bilər, lakin cəzanın müddəti konkret olaraq hansı hüquqi müddəanın tətbiq olunmasından asılıdır.
Məhkəməyə təqdim edilmiş ən son ittiham aktında İstintaq Komitəsinin Tevanyanın xarici dövlətin xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilməsi barədə əvvəlki iddiası da artıq yer almır. Sözügedən xarici dövlətin Rusiya olduğu geniş şəkildə ehtimal edilirdi. Bunun əvəzinə, ittiham aktında bir ictimai təşkilatdan bəhs edildiyi bildirilir.
Tevanyan əvvəlcə “Rusiya Qafqaz” geosiyasi mərkəzinin direktoru kimi təqdim edilən xarici kəşfiyyat nümayəndəsinin göstərişləri əsasında hərəkət etməkdə ittiham olunurdu. OC Media bu təşkilat barədə açıq mənbələrdə hər hansı məlumat tapa bilməyib.
İttiham aktında Tevanyanın dövlət sirri təşkil edən məlumatları 622 min dollar müqabilində xarici xüsusi xidmət orqanının nümayəndəsinə ötürdüyü barədə iddia da artıq yer almır. Orbelyanın sözlərinə görə, bu məbləğ ilkin istintaq zamanı Tevanyanın rəhbərlik etdiyi şirkətdən götürülmüş qrant üçün büdcə smetasına əsaslanıb. Lakin şirkət həmin məbləği faktiki olaraq almayıb.
Vəkil büdcə smetasının hansı qrant proqramı və ya təşkilat üçün hazırlandığını açıqlamayıb.
İstintaq Komitəsinin may ayında yaydığı bəyanatda Tevanyanın “dövlət sirri təşkil edən məlumatları – konkret olaraq, 2024-cü ilin aprelində parlamentin qapalı və məxfi iclasında keçirilən dinləmələrin gedişi və nəticələri barədə rus dilinə tərcümə edilmiş məlumatları – qanunsuz şəkildə topladığı və ötürdüyü” iddia olunurdu.
Tevanyanın işi çərçivəsində onun “Ana Ermənistan” partiyasının üzvü Areqnaz Manukyan da təqsirləndirilir. O, iyul ayından bəri həbsdə saxlanılır. Manukyan deputat olduğu dövrdə çıxış əldə etdiyi dövlət sirri təşkil edən məlumatları açıqlamaqda və həmin məlumatları Tevanyana ötürməkdə ittiham olunur.
Həm Tevanyan, həm də Manukyan özlərini təqsirli bilmirlər.
Əvvəlki ittihamlar ilk dəfə seçki kampaniyası dövründə Baş nazir Nikol Paşinyan tərəfindən ictimailəşdirilmiş, bundan qısa müddət sonra isə Tevanyana rəsmi ittiham irəli sürülmüşdü.
Tevanyana qarşı iş Rusiya ilə münasibətlərdə gərginliyin artdığı, Moskvanın Ermənistan məhsullarının idxalına tədricən məhdudiyyətlər tətbiq etdiyi bir dövrə təsadüf edib. Bir çoxları bu addımı seçkilərin nəticəsinə təsir göstərmək cəhdi kimi qiymətləndirirdi.
Tevanyan ittihamları rədd edib və işi onun siyasi ittifaqının seçki kampaniyasına mane olmaq cəhdi kimi xarakterizə edib. Tevanyan iyun parlament seçkilərində iri biznesmen və müxalifətçi Qagik Tsarukyanın seçki siyahısında namizəd olub.
İlkin ittihamların açıqlanmasından iki gün sonra Paşinyan mətbuat brifinqində bildirib ki, Ermənistan və Rusiya bir-birinin ərazisində casusluq fəaliyyəti aparmamaq barədə razılaşmaya malikdir. O əlavə edib ki, istintaq həmin razılaşmanın pozulub-pozulmadığını müəyyən edəcək.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.