Rejissor “Apatiya” filmi haqqında: “Bu, janrın tələbi idi”

“Apatiya” bədii filminin yaradıcı heyəti. Foto: Meydan TV

Hikmət Rəhimov qalmaqallı filmindən danışdı

Aktyor və rejissor Hikmət Rəhimovun dram janrında çəkdiyi “Apatiya” bədii filminin bu günlərdə premyerası olub.

Film sevgisiz böyüyən uşaq, onun valideynləri fonunda – cəhalət, psxioloji-fiziki diktə, ailədaxili problemlər və müəmmalı qətl hadisəsi haqqındadır.

Savadsız və işsiz valideynləri tərəfindən məktəbdən çıxarılan və işləməyə məcbur edilən azyaşlı Akif narkotik istifadəçisi olan maşın ustası əmisinin yanında çalışmağa başlayır.

Bütün bu xaosun fonunda evdə baş verən qətl hadisəsi prosesləri dəyişir və fikirləri başqa səmtə yönəldir.

Filmin nümayişindən sonra ictimaiyyətdə fikirlər haçalanıb.

Bir qisim filmi tərifləyir, erkən nikah, ailədaxili münaqişələr fonunda ciddi sosial mesajların olduğunu deyirlər.

Rejissor Hikmət Rəhimov da Meydan TV-yə bildirir ki, filmində əsasən cəmiyyətdə olan sosial problemləri qabartmaq istəyib:

Yaşadığım coğrafiyanın, məmləkətimin insanını tanıyıram. Bizim cəmiyyətin, toplumun həm müsbət tərəfləri, həm də, çatışmayan nöqsanları var. Filmimdə məhz cəmiyyətimizdə olan problemlərə toxunmuşam. Məni narahat edən bir neçə problemə, xüsusən də qız uşaqlarının erkən yaşda ərə verilməsi məsələsinə də yer vermişəm”.

Filmə qarşı insanlarda qıcıq yaradan məqam isə onanizm (cinsiyyət üzvlərinin orqazm prosesi baş verənə qədər stimulyasiyası) səhnələrinin olmasıdır.

Rejissor deyir ki, filmdə belə səhnənin olması janrın tələbidir.

O, səhnələrin aqressiya ilə qarşılanacağını bilib və özünü əvvəlcədən buna hazırlayıb:

Mən bunu səhnə xatirinə çəkməmişəm, psixoloji janr bunu tələb edirdi. Kimsə filmin məhz həmin hissəsinə toxunursa, bu artıq yaradıcı heyətin, yəni bizim problemimiz deyil. Hər kəsin bir düşüncə tərzi var və biz hamının fikrinə hörmətlə yanaşırıq. Çox qəribədir ki, biz xarici filmlərdə seks səhnələrini çox rahatlıqla qəbul edirik, baxırıq. Amma özümüzdə qıcıqlanırıq. Bunun özü ayrı bir film hekayəsidir. Yəqin ki, buna da nə vaxtsa toxunarıq”.

Rejissor bildirib ki, film kinoteatr həyatını tamamlayandan sonra beynəlxalq festivallarda nümayiş olunacaq.

Filmdə Tural Baxış, Şəhla Əliqızı, Azər Aydəmir, Elşən Əsgərov, Məhəmməd Şahməmmədli çəkiliblər.

Quruluşcu operatoru Həsən Aslanov, bəstəkarı Əflatun Abdullayevdir.

“Apatiya” Hikmət Rəhimovun ikinci tammetrajlı bədii filmidir.

O, daha öncə “Adam” (2021) qısametrajlı və “Çılpaq” (2022) tammetrajlı bədii filmləri ekranlaşdırıb.

Ana səhifəMədəniyyətRejissor “Apatiya” filmi haqqında: “Bu, janrın tələbi idi”