Qüdrət Həsənquliyev: Uşaqpulu vermirik, heç olmasa uşaq qidalarını ƏDV-dən azad edək

Qəlyan üçün tütünlər və istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər – hər kiloqramına 30,0 manat;

Qüdrət Həsənquliyev. Foto: arxiv


Deputatlar buğda ununa, kino çəkilişinə, mətbəə məhsullarına, uşaq qidalarına ƏDV-ni ləğv etməyə çağırıb

“Dövlətin film çəkmək üçün ayırdığı pul kinostudiyaya çatmamış vergilər 18%-ni kəsib götürür”.

Milli Məclisin iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi zamanı deputat Aqil Abbas belə deyib.

O bildirib ki, hələ film çəkilmədən ayrılan puldan vergi tutulması absurddur:

“Xahiş edirəm, qoyun camaat filmini çəksin, aktyorlar yazıqdırlar. Vergi məsələsinə Nazirlər Kabineti baxır, baxsın, amma burada deyilən məsələləri nəzərə alsınlar”.


“Mətbəə məhsullarından ƏDV götürülsün”

Deputat Qənirə Paşayeva bildirib ki, Kəlbəcər və Zəngilanın işğaldan azad olunmasından sonra Azərbaycanda zərgərlik sahəsinin inkişafı ilə bağlı daha yaxşı perspektivlər yaranır:

“Qızıl-gümüşdən hazırlanan zərgərlik məhsullarının istehsalı üçün dəzgahların istehsalı vergidən azad ediləcək, bunu dəstəkləyirik”.

Deputat Vergi Məcəlləsində kitablar, mətbəə məhsulları üzərində 18 % ƏDV tətbiq edilməsi qaydasının dəyişdirilməsini təklif edib:

“Dünyada belə təcrübə yoxdur. Qardaş Türkiyədə bu 8 % idi, onu da ləğv etdilər. Qonşu ölkələrin hamısında bu faizlər aşağıdır. Vergilər Nazirliyi bununla bağlı açıqlamasında məsələnin hökumət tərəfindən müzakirə edildiyini demişdi. Ölkədə istehsal olunan kitab və dərgilərin sayı bəllidir. Bu dəyişikliklər kitabın daha da geniş yayılması baxımından çox əhəmiyyətli olardı”.

Deputat qəlyan istifadəsi üçün tütünlərə aksiz dərəcəsi tətbiq edilməsini təklif edib: “Bu, digər tütün məhsulları kimi çox zərərli maddədir. Ölkədə qəlyandan istifadənin sayı getdikcə artır. Ona görə də qəlyan üçün tütünləri də istisna etməməliyik”.

unnamed.jpg
Qənirə Paşayeva


“Buğda ununun satışı ƏDV-dən azad edilməlidir”

Deputat Azər Badamov isə təklif edib ki, buğda ununun satışı ƏDV-dən azad edilməlidir.

“Kəpəyin qiymətinin aşağı həddə qalması heyvandarlığın inkişafına şərait yaradır, buna görə Vergi Məcəlləsinə təklif edilən kəpəyin ƏDV-dən azad edilməsi müddətini daha çox götürməliyik”.

Deputat Fazil Mustafa da təklif edib ki, buğda idxalının vergidən azad edilməsi müddəti 1 il yox, daha çox götürülsə, yaxşı olar: “Buğda istehsalının artması üçün bu müddətin 3, 4, 5 ildək artırılması daha məntiqlidir”.


“Qızılı zəngin insanlar alır, niyə ƏDV-dən azad etməliyik?”

Deputat Qüdrət Həsənquliyev xaricdən gətirilən qızılın ƏDV-dən azad edilməsinə qarşı çıxıb:

“Qızılı zəngin insanlar alır. Biz özümüz də qızıl istehsal edirik. Qeyri-neft sektorunda ixracatda bizdə birinci yerdə qızıl dayanır. Mülkiyyət növündən asılı olmayaraq, dövlət şirkəti, xarici şirkət və s. üçün hər hansı üstünlük tətbiq edilməməlidir. Qızılı ƏDV-dən azad etməməliyik. Pandemiya dövründə kifayət qədər insanımız onsuz da əziyyət çəkdi. Qonşu Gürcüstanda uşaq geyimləri, uşaq qidaları ƏDV-dən azaddır. Biz qızıl əvəzinə onları vergidən azad edək. Bizim ölkədə uşaqpulu verilmir. Gənc ailələrə heç olmasa, belə dəstək verə bilərik. Qızıl məsələsində biz ciddi şəkildə düşünməliyik, ya da aidiyyəti dövlət qurumu bu məsələni gəlib Milli Məclisdə əsaslandırmalıdır”.

Deputat Tahir Mirkişili bildirib ki, vergilərin məqsədi pul yığmaqdan ibarət deyil:

“Vergidən azadetmə də müddətlidir və həmin sahə inkişaf edəndən sonra vergilər yığılır:

“Azərbaycanda qızılın istehsalı sikkə, külçə şəklindədir. Edilən dəyişiklik isə həmin sahənin təşviq edilməsi ilə bağlıdır. Məsələn, Azərbaycan istehsalı olan sikkə alacağıqsa, biz bunu xarici məhsuldan 18 %-ə qədər ucuz alacağıq. Burada məqsəd yalnız vətəndaşın rahatlığını təmin etməkdir. 20 qram qızılla bağlı olan dəyişiklik də onun aksiz dərəcəsindən azad olunması ilə bağlıdır. Bu, tamamilə vergidən azadetməni nəzərdə tutmur”.

tahir-mirkişili-1.jpg
Tahir Mirkişili


Vergi Məcəlləsinə dəyişikliklər

Kəlbəcər rayonu ərazisindəki qızıl ehtiyatlarının səmərəli istismar olunması məqsədilə Vergi Məcəlləsinə yeni maddə əlavə edərək, qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı 2021-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azad edilir.

Həmçinin külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışının da vergidən azad edilməsi təklif olunur.

Digər dəyişiklilər Azərbaycanda aksiz dərəcəsi tətbiq edilən malların siyahısı genişləndirilir.

Yeni aksiz dərəcəsi tətbiq ediləcək mallar aşağıdakılardır:

– Qəlyan üçün tütünlər və istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər – hər kiloqramına 30,0 manat;

– qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları – 1000 ədədinə 12,9 manat.

Bu mallara görə aksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin (miqdarının) hasilinə tətbiq edilməklə hesablanır.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Ana səhifəİqtisadiyyatQüdrət Həsənquliyev: Uşaqpulu vermirik, heç olmasa uşaq qidalarını ƏDV-dən azad edək