Bu ilin birinci rübündə Azərbaycanda otellərin 80 faizi boş qalıb

Bakı. Foto: arda savasciogullari/shutterstock

“COP29”-a hazırlaşan ölkə nə qədər qonaq qarşılaya biləcək?

2024-cü ilin ilk üç ayında Azərbaycanda otellərdə gecələmə 17,8 faiz olub. Ölkədəki otellərin 80 faizi boş qalıb.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, rəqəm hələ ötən ilin eyni dövrü ilə müqayisədə 13.4 faiz artıb.

İlin ilk üç ayında otellərdə keçirilmiş gecələmələrin sayı 2023-cü illin eyni dövrü ilə müqayisədə 41,9 faiz artıb – 779,4 min olub.

Ən çox Bakı otelləri bron alıb – 64,7 faiz. Qalan 9,3 faiz gecələmə Qusarda, 4 faiz Naftalanda, 3,9 faiz Qubada, 3,6 faiz Şabranda, 3 faiz Qəbələdə, 1,8 faiz Lənkəranda, 1,1 faiz Gəncədə, 1 faiz Naxçıvan Muxtar Respublikasında və 7,6 faiz digər şəhər və rayonlardakı otellərdə olub.

Dövlət Statistika Komitəsi
Foto: Meydan TV

Turistlər də daha çox Bakı şəhərində qalmağa üstünlük veriblər. Təxminən 80 faizi.
Səyahətçi bloger Azər İsmayıl deyir ki, turistlərin daha çox Bakıya gəlmələrinin səbəbi şəhərin cəlbediciliyidir. Deyir, Azərbaycan böyük ölkə deyil, ən çox tanınan və böyük şəhəri Bakıdır. Həmçinin Bakıda turistlər üçün hər şərait var:

“Bütün növ əyləncələr, köhnə şəhər, şəhərin müasir hissəsi, böyük bazarlar, kafe-restoranlar, müxtəlif qiymətlərə otellər, hostellər, “Airbnb”, “Booking” və s. Turistlərin regionlardan çox Bakını seçmələri normaldır. Üstəlik, regionlarda turistlərin gecələyə biləcəyi keyfiyyətli otellərin sayı da azdır”.

Bloger bölgələrdəki bəzi otellərin baha xidmət verməsindən də danışıb. Deyir, peşəkar insanların idarə etdiyi otellərdə, işçilər təcrübəli, peşəkar olduqlarından yüksək əmək haqqı alırlar. Odur ki, qiymətlər baha olur.

Azər İsmayıl
Foto: Azər İsmayılın şəxsi arxivindən

Müstəqil ekspertlər düşünür ki, Azərbaycan bu il ev sahibliyi edəcəyi “COP29” iqlim dəyişikliyi konfransına otel, gecələməyə yer baxımından hazır deyil.

Azər İsmayıl isə bildirir ki, bundan əvvəl Dubayda keçirilmiş “COP28” qonaqlara gecələmələri üçün yüksək səviyyədə otellər təklif edilib. Onun sözlərinə görə, Azərbaycanda vəziyyətdən aydındır ki, elə yüksək səviyyədə qarşılama olmayacaq:

“Dubaydakı konfransda hətta şahzadə Çarlz nitq söyləmişdi. İştirakçı sayı 80 min olmuşdu. Təbii ki, Bakıda bu qədər adam olmayacaq. Çünki şəhərdə qalmaq üçün o qədər yer yoxdur. Noyabrın statistikasına görə, ümumi Azərbaycanda çarpayı sayı 60 min idi. Deyək ki, bir az artım olub, bu da etsin – 65 min. Heç nədir, azdır. Dubayda təkcə, 203 min otaq var, çarpayı sayını demirəm”.

Azər İsmayıl düşünür ki, Bakıda keçiriləcək konfransa çox adam gəlməyəcək. Odur ki, otel qıtlığı olmayacaq.

Otel qiymətlərinə gəlincə, Azər ismayıl düşünür ki, bu, bazar tərəfindən tənzimlənməlidir, müdaxilə edilə bilməz.

İqtisadçı, deputat Vüqar Bayramov da deyir ki, Azərbaycana gələn turistlərin 80 faizi Bakını seçir. Bu, o deməkdir ki, ölkəyə gələn hər 10 turistdən cəmi 2-si Bakıdan kənara, rayonlara gedir:

Vüqar Bayramov
Mənbə: Meydan TV

“Bölgələr xarici turist cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar. Paytaxtın infrastrukturunu nəzərə aldıqda, bu, normal qarşılana bilsə də, regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək, keyfiyyət isə hələ də standartlardan geri qalır”.

Azərbaycana son illər az turist gəlməsinin bir səbəbi də ölkə sərhədlərinin 4 ildən artıqdır qapalı olmasıdır. Müstəqil ekspertlər daim açıqlamalarında hökumət turizmin inkişafını istəyirsə, bu sahədən gəlir götürməyi planlayırsa, əvvəlcə quru sərhədlərini açımalıdır deyirlər.

Azərbaycanda son zamanlara qədər quru sərhədlərin qapalı qalması COVİD19 pandemiyası ilə əlaqələndirilirdi.

Aprelin 24-də Azərbaycan Prezidenti İlham Əliyev açıqlama verərək bildirib ki, quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra ölkədə təhlükəsizlik güclənib:

“Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb”.

Ana səhifəİqtisadiyyatBu ilin birinci rübündə Azərbaycanda otellərin 80 faizi boş qalıb