Qətldə təqsirləndirilən qadın işgəncələrə dözməyib ərini öldürdüyünü deyir

Məhkəmə. Foto: Meydan TV

İdmançının 13 yaşlı oğlu: “5-6 yaşımdan o evdə qışqırıq, söyüş eşitmişəm”

“Sərhədçi” idman kompleksində kikboksinq üzrə məşqçi kimi çalışan, 2022-ci il sentyabrın 2-də Əhmədli qəsəbəsində kirayə yaşadıqları evdə qətlə yetirilən 1974-cü il təvəllüdlü Nurani Qalabəylinin həyat yoldaşı onu işgəncə və təhqirlərindən bezib öldürdüyünü deyir.

Həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan 36 yaşlı Əfsanə Qalabəyli hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Onun işinə hakim Siyavuş Hacıyevin sədrliyilə baxılır.

Nurani və Əfsanə Qalabəylilərin birgə nikahdan 4 övladı var. Onları üçü oğlan, biri qızdır.

Əfsanə Qalabəyli ifadəsində bildirib ki, əri illərdir ona əzab verir, döyür, təhqir edir, evə münasibətdə olduğu qadınları gətirməkdən də çəkinmirdi. Bu hərəkətini ona irad tutanda isə evlərində dava düşürdü:

“Biz – mən, uşaqlarım evdə ola-ola evə pozğun qadınları gətirirdi. Bizi bir otağa salırdı. Məni o adamlar üçün əvvəldən yemək bişirməyə, hazırlıq görməyə məcbur edirdi. Deyirdi ki, “qonağım olacaq, hazırlıq gör”. Dəfələrlə uşaqlar da ona irad bildirmişdi. Evdə nə qədər dava, söyüş olar?! Neçə dəfə demişdim ki, uşaqlar böyüyüb, ayıbdır, yığışdır özünü…”.

Onun sözlərinə görə, hadisə günü də Nurani Qalabəyli evə başqa bir qadın gətirib. Eyni məsələyə görə aralarında mübahisə yaranıb və nəticədə bu hadisə baş verib:

“Dedim ona ki, qızından, oğlundan ayıbdır, bəsdir. Söydü məni, qışqırdı ki, əcəb eləyirəm. Daha dözə bilmədim…”.

Təqsirləndirilən şəxsin 13 yaşlı oğlu da məhkəmədə himayəsində olduğu nənəsinin və psixoloqun iştirakıyla dindirilib. O bildirib ki, atası evə yad qadınları gətirir, bacı-qardaşlarını, onu və anasını otağa salıb bağlayır, özü isə həmin adamla digər otaqda qalırdı:

“Mən Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbində oxuyurdum. Həftənin 5 günü orada qalırdım. Evə gəldiyim iki gündə ancaq döyülmək, söyülmək, pozğunluq görürdüm. Atam ailəsilə çox pis davranırdı. 5-6 yaşımdan o evdə qışqırıq, söyüş eşitmişəm”.

Zərərçəkmişin hüquqi varisi qismində tanınan Nurani Qalabəylinin atası məhkəmədə bildirib ki, gəlinindən şikayətçi deyil, heç bir tələbi də yoxdur.

Ana səhifəSosialQətldə təqsirləndirilən qadın işgəncələrə dözməyib ərini öldürdüyünü deyir