“Qəbahət yalnız Hadı Rəcəblidə deyil”

Bəxtiyar Hacıyev: “Onun kimi şəxsləri saxta bülletenlərlə deputat seçən müəllimlərdə, müəllimlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına çalışmayan hakimiyyətdə də qəbahət var”

Etibar Əliyev: “Lənkəranın neçə yaxşı müəlliminə pansionatında 5 gün dincəlmək üçün şərait yaradıb?”

Source:


Bəxtiyar Hacıyev: “Onun kimi şəxsləri saxta bülletenlərlə deputat seçən müəllimlərdə, müəllimlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına çalışmayan hakimiyyətdə də qəbahət var”


Etibar Əliyev: “Lənkəranın neçə yaxşı müəlliminə pansionatında 5 gün dincəlmək üçün şərait yaradıb?”


“Hadı Rəcəblinin söylədiyi fikirlər müəllimləri təhqir etməkdi”.  Bunu “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblinin açıqlamasına münasibət bildirərkən deyib.  Təhsil üzrə ekspert Meydan TV-yə deyib ki, Hadı Rəcəbli statusunda olan adamlar ya müəllimə hansısa güzəştlərin edilməsi, ya dövlət qulluqçusu statusuna çatması, yaxud da onların sosial şəraitinin yaxşılaşdırılması təklifləri vermək əvəzinə, müəllimləri bu şəkildə təhqir edirlər: “Hadı müəllimə sual verirəm: Deyilənlərə görə onun yaxşı pansionatları var,. Əgər o, müəllim qədri bilirsə, Lənkəranın neçə yaxşı müəlliminə həmin pansionatında 5 gün dincəlmək üçün şərait yaradıb? Əslində, deputat müəllimin qayğısına belə qalmalıdır. Yoxsa, “müəllim dolana bilmirsə, gedib fəhləlik etməlidir”, deməsi bu təbəqəyə təhqirdən başqa bir şey deyil”.

Etibar Əliyev Hadı Rəcəblinin mandat aldığı Lənkəran şəhərində təhsilin səviyyəsinin çox aşağı olduğunu xatırladıb: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəticələrindən də bu mənzərə görünür. Deputat təhsilin səviyyəsinin yaxşılaşdırılması istiqamətində hansısa təkliflər irəli sürmək əvəzinə müəllimləri bu şəkildə aşağılayır. Dünyanın heç bir yerində müəllimlər bu qədər aşağı əməkhaqqı almırlar. Bakı şəhərindəki müəllimlərinin məvacibi 30 faiz qaldırıldı, amma regionlarda əvvəlki səviyyə qalır. Sual yaranır, müəllim fəhlə işləyəcəksə, o zaman dərsə necə hazırlaşacaq? Hər bir fənn üzrə müəllim keçdiyi dərsə yaradıcı yanaşmalıdır, bunun üçün öz üzərində işləməlidir. Deputat Hadı Rəcəbli bir nəfər müəllimin bənna işlədiyini deyir, belə çıxır ki, həmin müəllim öz üzərində işləmir, kitab oxumur, boş qalan vaxtını fəhləliklə məşğul olur”.

Mərkəz sədri bildirib ki, Hadı Rəcəbli kimi adamlar təsadüfən parlamentə düşüblər. “Bu səviyyədə olan adam elmlər doktorudur. Onun açıqlamasına görə elmi əsərləri ekspertiza olunmalıdır. Hələ onun Sosial Siyasət Komitəsinə rəhbərlik etməsi anlaşılmazlıqdır. Ümumiyyətlə, Hadı Rəcəbli birinci dəfə deyil ki, bu cür savadsız danışır. Bir müddət əvvəl demişdi ki, işsiz adam 500 manatlıq, mən isə 250 manatlıq kostyum geyinirəm. Sual yaranır, 250 manatlıq kostyum geyinirsiniz, bəs 100 minlik maşına, mülkiyyətə necə sahib olmusunuz?”

İctimai fəal Bəxtiyar Haciyev Hadı Rəcəblinin son açıqlamasını dünyada analoqu olmayan bir açıqlama hesab edir. O, Meydan TV-yə deyib ki, bu xəbəri oxuyanda internetdə kiçik bir axtarış etsə də, sosial siyasətlə bağlı belə bənzəri görülməmiş “möhtəşəm siyasət” tapa bilməyib: “Milli Məclisin Sosial Siyasət Komitəsinin rəhbəri bir ölkədə yüz minlərlə müəllimin həyat səviyyəsinin, rifahının yaxşılaşdırılması haqqında düşünməkdənsə, onlara dərslərdən sonra daş daşımağı, fəhləlik etməyi tövsiyə edir. Düşünürəm ki, bunu şərh etmək belə ağırdır. Hadı Rəcəbli bir müddət əvvəl müsahibələrindən birində demişdi ki, deputat maaşı onun ehtiyaclarını ödəməyə bəs etmir. Halbuki, deputat maaşı müəllim maaşından 8-10 dəfə artıqdır. Müəllim hətta fəhləlik etsə belə, deputat maaşı qədər qazana bilməyəcək. O zaman sual yaranır, Hadı Rəcəbli deputat maaşı ilə dolana bilmirsə, müəllim öz müəllimlik maaşı və fəhləlik gəlirləri ilə necə dolansın? Amma burada qəbahət yalnız Hadı Rəcəblidə deyil. Onu və onun kimi şəxsləri saxta bülletenlərlə deputat seçən müəllimlərdə, onu Sosial Siyasət Komitəsinin rəhbəri təyin edən, müəllimlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına çalışmayan hakimiyyətdə də qəbahət var. Məhz belə yanaşmaya görə ildən-ilə Azərbaycanda təhsilin səviyyəsi aşağı düşür, ali məktəblərə qəbul imtahanında 5 ballıq cədvəl üzrə 2 qiyməti alanların faizi sürətlə artır”.

Bəxtiyar Hacıyev fikrini sualllarla yekunlaşdırıb: “Müəllim dərsdən sonra daş daşıyıb, fəhləlik edəcəksə, dərslərə nə zaman hazırlaşsın, şagirdlərin tapşırıqlarını nə vaxt yoxlasın? Tutaq ki, bunlara da vaxt tapdı, bəs müəllim nə vaxt istirahət etsin? Yoxsa, müəllimləri insan saymır və onların istirahət hüquqlarının, ailələri, övladları, nəvələri ilə vaxt keçirmək hüquqlarının olmadığını düşünür?”

Milli Məclisin Sosial Siyasət Komitəsinin rəhbəri Hadı Rəcəbli “Trend”ə müsahibəsində müəllimlərin qazanc üçün işdən sonra fəhləlik edə biləcəyini vurğulayıb.

Ana səhifəXəbərlər“Qəbahət yalnız Hadı Rəcəblidə deyil”