Ramil Babayev və İlkin Əmrahov: “Məndən çıxsın, kimə dəyir, dəysin”

İllüstrasiya AI ilə hazırlanıb

“Toplum TV işi” üzrə həbs olunan jurnalistlər Ramil Babayev və İlkin Əmrahovun saxlanıldıqları həbsxanadan göndərdikləri yazını olduğu kimi təqdim edirik:

Penitensiar sistemdə idarəetmənin əsas problemlərindən birinin məsuliyyətdən yayınma və təşəbbüskarlığın yoxluğu olduğunu düşünürük. Məqalələrimizin məzmununda yumorun olmasına üstünlük verdiyimiz üçün şahidi olduğumuz tragikomik vəziyyətlərlə mövqeyimizi çatdıracağıq.

Umbakı PM-in istifadəyə verilməsinin heç üç ili tamam olmadan artıq döşəmələri çökür, qapıları açılıb-bağlanmır. Təbii fəlakətlər zamanı qapının açılmamasının törədəcəyi nəticələr və digər problemlər müzakirə mövzusudur.

Fərid İsmayılovun qaldığı kamerada da qapının açılmamasına və açarın ilişib çıxmamasına etiraz olaraq Fərid İsmayılov dedi ki, “Allah qapımızı açsa, Penitensiar Xidmət aça bilməyəcək ki, çıxa bilək”.

Budur Mirsaleh Seyidovun gördüyü iş.

Bunu eşidən nəzarətçi təşvişlə açarı silkələdi, lakin yenə çıxmadığını görəndə baş nəzarətçini çağırıb dilinin altında deyindi: “Məndən çıxsın, kimə dəyir, dəysin”.

Hesab edirik ki, bu ifadə sistemin mahiyyətini ən aydın şəkildə nümayiş etdirən ifadədir.

Şahid olduğumuz digər nümunədə BİT-də məhkəməyə aparılan şəxslərdən biri məhkəməyə getmək istəmədiyini, zorla aparılacağı halda isə özünə xəsarət yetirəcəyini orada həmin an ən səlahiyyətli olan şəxsə bildirdi. O da cavabında dedi: “Yeri, get məhkəməyə, nə hoqqa verirsən, ver, burada oyun çıxartma”.

Halbuki məhkəmədə də bu şəxsə cavabdeh Penitensiar Xidmətin digər bölməsi olan konvoy taborudur. Yəni belə şəxsləri məcburetmə qaydasında məhkəməyə göndərən rəislər təşkilati məsuliyyət və kollektiv məsuliyyət hissinin ciddi çatışmazlığını yaşayırlar.

Təşəbbüskarlığın yoxluğu ilə bağlı isə başqa bir nümunəni misal gətirmək istəyirik. Bu ilin əvvəllərində Ramil Babayev BİT rəis müavini Cavid Güləliyevlə söhbətində təkliflərlə çıxış etmişdi və BİT-in bu təkliflər əsasında Penitensiar Xidmət qarşısında təşəbbüs irəli sürməsini istəmişdi.

Cavid Güləliyev cavabında dedi ki, “biz kimik təşəbbüslə çıxış edək? Təşəbbüslə çıxış edəcəyik, sonra səsim 14-dən gələcək” (rütbəli ədliyyə işçilərinin cəza tədbiri kimi göndərildiyi 14 saylı CÇM-ni nəzərdə tutur).

Vəzifəsini yalnız özündən əvvəlki sistemi davam etdirməkdə görməyin təkcə PX-nin deyil, ölkədəki əsas qurumların problemi olduğunu düşünürük. Axı demişdik, penitensiar sistem kiçik Azərbaycandır.

Məhz buna görə vətəndaşlar problemini dilə gətirəndə dövlət qurumları problemin həllində məsuliyyəti bir-birinin üzərinə atır. Heç biri belə bir təşəbbüslə çıxış etmir:

“Hər birimizin bu məsələdə müəyyən məsuliyyəti olduğu üçün gəlin resurslarımızı birləşdirək, vətəndaşın problemini həll edək”.

Ramil Babayev, İlkin Əmrahov

Ana səhifəHəbsxanadan məktublarRamil Babayev və İlkin Əmrahov: “Məndən çıxsın, kimə dəyir, dəysin”