Adil Əliyevdən şikayət edən şəhid atası sonradan üzr videosu yayıb

İllüstrasiya: Meydan TV

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevdən şikayət edən şəhid atası Hüseyn Qasımov daha sonra sosial şəbəkədə əvvəlki iddialarından imtina etdiyi video yayıb.

Qasımov sosial şəbəkələrdə yayılan ilk videoda Hövsan qəsəbəsində ona məxsus əkin sahəsinin Adil Əliyev tərəfindən ələ keçirildiyini iddia edib və buna etirazını bildirib.

Görüntülərin yayılmasından sonra onun başqa bir videosu ortaya çıxıb. Bu dəfə Hüseyn Qasımov əvvəl söylədiklərindən geri çəkilərək çəkiliş zamanı sərxoş olduğunu deyib.

“Mən ümumiyyətlə telefondan istifadə edə bilmirəm. O video necə çəkilib, necə paylaşılıb, xəbərim yoxdur. Video çəkiləndə də bir az sərxoş idim”, – Qasımov ikinci videoda bildirib.

Adil Əliyev 8 iyul 2024-cü ildə İlham Əliyevin sərəncamı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub və hazırda bu vəzifəni tutur.

Şikayətdən sonra yayılan üzr videoları

Azərbaycanda dövlət qurumlarının və ya məmurların fəaliyyətindən şikayət edən şəxslərin qısa müddət sonra əvvəlki fikirlərindən imtina etdiyi, üzr istədiyi və ya “şikayətim yoxdur” dediyi videoların yayılması ilk dəfə deyil.

Meydan TV 2026-cı ilin iyununda yayımladığı “Üzr videoları: Azərbaycanda narazılıq necə susdurulur?” materialında son illərdə baş vermiş bir sıra belə halları araşdırıb.

Bu nümunələrdən biri Cəbrayıla köçürülmüş sakinin başına gəlib. O, yaşadığı evin keyfiyyətindən narazılığını sosial şəbəkədə bildirdikdən cəmi bir gün sonra yeni video yayıb. Bu dəfə sakin heç kimdən şikayətinin olmadığını və əvvəlki çıxışından peşman olduğunu söyləyib.

Bənzər hadisə 2022-ci ildə Heydər Əliyev prospektini yük maşınları ilə bağlayan iki TIR sürücüsü ilə bağlı yaşanıb. Sürücülər daşıdıqları məhsulların xarab olduğunu və maddi ziyana düşdüklərini bildirərək Dövlət Avtomobil Nəqliyyatı Agentliyinə etiraz etmişdilər.

Etirazdan bir gün sonra onların üzr videoları yayılıb. Daha sonra hər iki sürücü 30 sutka inzibati həbs cəzası alıb.

Elə həmin il Qarabağdakı döyüşlərdə həlak olmuş Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun da üzr videosu yayılmışdı.

Sənan Əhmədov bundan əvvəl qardaşından komando briqadasına qəbul olunmaq üçün 6 min manat rüşvət alındığını bildirmişdi. Bir neçə gün sonra isə əvvəlki açıqlamasına görə üzr istədiyi videoda görünüb.

Hüquqşünas: “Qanunvericilikdə məcburi üzr nəzərdə tutulmur”

Hüquqşünas Emin Abbasov Meydan TV-yə bildirib ki, Azərbaycan qanunvericiliyində şəxsin məcburi şəkildə üzr istəməsi kimi prosedur nəzərdə tutulmayıb.

Onun fikrincə, bu tip videolar təzyiq altında çəkildiyi hallarda şəxsi nüfuzdan salmaq, ictimai şəkildə alçaltmaq və eyni davranışı təkrarlamaq istəyən digər insanlara xəbərdarlıq etmək vasitəsinə çevrilə bilər. Abbasov hesab edir ki, vətəndaşın yaydığı məlumatda hüquq pozuntusu varsa, məsələ kamera qarşısında üzr istətməklə yox, qanuni prosedurlar, sübutlar və məhkəmə vasitəsilə həll edilməlidir.

Ana səhifəSosialAdil Əliyevdən şikayət edən şəhid atası sonradan üzr videosu yayıb