“Qarabağ”ın keçmiş mətbuat katibi ilə bağlı qərar ertələndi

Nurlan İbrahimov, Foto: https://www.sportinfo.az/

Nurlan İbrahimov: “Bu, bir daha verilən cəzanın heç də ədalətli olmadığını göstərir”

“Qarabağ” klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun məsələsi ilə bağlı İdman Arbitraj Məhkəməsinin (CAS) qərarı yubanacaq.

Bu barədə Meydan TV-yə məlumat verən Nurlan İbrahimovun sözlərinə görə, əvvəlcə qərarın noyabrın 25-də açıqlanması nəzərdə tutulub. Sonradan isə qərarın dekabrın 22-də açıqlanacağı haqda məlumat verilib. Qərarın dəyişdirilməsinin səbəbinə gəlincə, Nurlan İbrahimov düşünür ki, qərarla bağlı məsələnin uzadılmasının əsas səbəbi prosesinin özünün ağır olması ilə bağlıdır:

“Bu, bir daha verilən cəzanın heç də ədalətli olmadığını göstərir. Qərarın dekabrın 22-də açıqlanacağı gözlənilir, amma tarix yenidən dəyişdirilə, ertələnə bilər. Hər halda, indiki məqamda gözləməkdən başqa, yol yoxdur”.

Ermənistan silahlı birləşmələri ötən il Bərdə şəhərini raket atəşinə tutduqdan sonra Nurlan İbrahimov şəxsi “Facebook” səhifəsində bu hadisədən təsirləndiyini deyib və qarşı tərəf haqqında nifrət nitqi səsləndirib.

Həmin paylaşım haqda UEFA-ya şikayət göndərilib və “Qarabağ” klubunun cəzalandırılması, hətta Avroliqadan uzaqlaşdırılması tələb olunub.

O, sözügedən paylaşımı silərək, Bərdə şəhərində yaşanan faciədən sonra affekt vəziyyətində olduğunu, qucağında ölmüş övladını tutan atanın görüntülərini gördükdən sonra nifrətdolu paylaşım etdiyini qeyd edib.

“Qarabağ” məsələ ilə bağlı bəyanat yayıb və qəddarlıq fonunda duyğusal hisslərini ani idarə edə bilməyən Nurlan İbrahimovun sosial şəbəkədə yazdığı və sonradan doğru olmadığını etiraf edərək sildiyi ifadələrin klubun mövqeyini əks etdirmədiyini, rəhbərlik tərəfindən dəstəklənmədiyini bildirib. Klub rəsmisinin hərəkəti Azərbaycan qanunvericiliyinə əsasən məsuliyyət yaratdığı üçün hüquq-mühafizə orqanları tərəfindən İbrahimova qarşı İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə inzibati iş başlanaraq baxılması üçün məhkəməyə göndərilib və məhkəmə tərəfindən müvafiq cəza tətbiq edilib. O, 500 manat cərimələnib.

UEFA Nurlan İbrahimovu futboldan uzaqlaşdırıb, “Qarabağ” klubu isə 100 000 avro cərimələnib. İbrahimov bu il yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.

Ana səhifəSosial“Qarabağ”ın keçmiş mətbuat katibi ilə bağlı qərar ertələndi