Prokurorluq: Müstəntiq sevgilisini ondan ayrılmaq istədiyi üçün öldürüb

Foto: Meydan TV

Hadisə qadının öz mənzilində baş verib

Xəzər Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru Tural Aslanovun xidməti silahla Günay Cabbarovanı qətlə yetirməsi, daha sonra özünü öldürməsi iddiasıyla bağlı prokurorluqda aparılan araşdırmaların ilkin nəticələri var.

1989-cu il təvəllüdlü Tural Aslanovun iki uşaq anası Günay Cabbarova ilə münasibətləri olduğu və son vaxtlar qadının bu münasibətlərə son qoymaq istədiyi bildirilir. Hadisədən əvvəl – Tural Aslanov aprelin 21-dən 22-nə keçən gecə işdə növbədə olarkən onların arasında telefon əlaqəsi zamanı da mübahisə olub. Hadisə isə aprelin 22-də Günay Cabbarovanın yaşadığı, Nərimanov rayonu, Qarabağ küçəsi 26 ünvanındakı evdə baş verib.

Bu mənzil Günay Cabbarovanın valideynlərinə məxsus olub. Əvvəllər evli olmuş Günay Cabbarova 3 və 5 yaşlarında olan iki övladı ilə birlikdə həmin mənzildə yaşayıb. Qonşuların bildirdiyinə görə, onun valideynləri xeyli vaxtdır vəfat edib.

İddiaya görə, Günay Cabbarova Tural Aslanovla qeyri-rəsmi ər-arvad münasibətlərinə son qoymaq istəsə də, qarşı tərəf bununla razılaşmaq istəməyib.

Günay Cabbarova da Daxili İşlər Nazirliyinin Tibb İdarəsində çalışıb. O, uroloq olub.

Tural Aslanov isə Xəzər Rayon Polis İdarəsindən əvvəl Şamaxı və Qaradağ rayon polis idarələrində də müstəntiq vəzifəsində çalışıb. O, subay olub.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci ( özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Bu, son bir ay ərzində ölkədə beşinci haldır ki, şəxs əvvəlcə həyat yoldaşını və ya sevgilisini öldürür, daha sonra özü intihar edir.

Ana səhifəSosialProkurorluq: Müstəntiq sevgilisini ondan ayrılmaq istədiyi üçün öldürüb