Prezidentin xüsusi nümayəndəlikləri: yeni idarəetmə modeli, yoxsa…

Azərbaycan, idarəetmə orqanı. Foto: Mo Photography Berlin/shutterstock

Hüquqşünas: “Prezidentin xüsusi nümayəndəlikləri yeni idarəçilik forması deyil”

Prezident İlham Əliyev yeni idarəetmə modelinin tətbiq olunacağının mesajını verib.

Bu barədə dövlət başçısı martın 28-də Laçına yeni təyin etdiyi xüsusi nümayəndəsi Məsim Məmmədovu qəbul edərkən danışıb.

İlham Əliyev bildirib ki, bu təyinatdan sonra azad edilmiş əksər rayonlarda onun xüsusi nümayəndələri fəaliyyətə başlayacaq:

“Hələ təkcə Kəlbəcər rayonunda təyin edilməyib, bu da olacaq. Bu ərazilərdə, eyni zamanda, yeni idarəetmə üsulu da tətbiq edilməlidir və edilir”.

Gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Yəni bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcək”, – deyə Əliyev əlavə edib.

İlham Əliyev və Məsim Məmmədov. Foto: “president.az”

2021-ci ilin fevralın 4-də dövlət başçısı Prezidentin xüsusi nümayəndəlikləri haqqında əsasnaməni təsdiqləyib.

Sənəd özündə ümumi müddəalarla birgə xüsusi nümayəndəliyin fəaliyyət istiqamətlərini, vəzifələri və hüquqları, fəaliyyətinin təşkilini əks etdirir.

Fazil Mustafa: “Bu yöndə konstitusiya islahatları həyata keçirilməlidir”

Ölkə başçısının səsləndirdiyi fikirlərlə bağlı Meydan TV-yə danışan Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa deyib ki, prinsipcə prezidentin xüsusi nümayəndəsi təyin olunursa, icra hakimiyyəti strukturu ləğv edilməlidir.

Fazil Mustafa hesab edir ki, bu yöndə konstitusiya islahatları həyata keçirilməlidir:

“Yəni konkret olaraq idarəetmənin yerli hissəsi xüsusi nümayəndələrə verilməlidir. Çünki icra başçıları da birbaşa prezident tərəfindən təyin olunduğundan o da xüsusi nümayəndə statusundadır. Adlandırma fərqli ola bilər, amma xüsusi nümayəndə statusunda olduğuna görə ikili idarəetmə güman ki, ortadan qaldırılacaq. Hər halda referendumda konstitusiyada dəqiqləşdirmə olmalıdır”.

Deputat Naxçıvan Muxtar Respublikasının həm idarəetmə forması, həm də qanunvericilik forması barədə dəqiqləşdirmənin aparılmasını vacib sayıb:

Foto: Meydan TV

Faktiki olaraq, Naxçıvan Ali Məclisi icra funksiyasını həyata keçirir. Ona görə də muxtar respublikada Nazirlər Kabineti formal xarakter daşıyır. Çünki bölgənin sədri yalnız qanunverici orqanın rəhbəri kimi getmir, həm də icra orqanının bütün səlahiyyətləri ona aiddir. Sadəcə, bunu funksional olaraq Nazirlər Kabineti yerinə yetirir. Bax, bu məsələ üzərində də düşünülməlidir. Ümumiyyətlə, Naxçıvanda bir sıra funksiyalar var ki, bir az özbaşına mənimsənilib. Məsələn, orada Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, Ombudsmana, Mətbuat Şurasına nə ehtiyac var? Vahid dövlətin prinsiplərinə uyğun olmayan xeyli strukturlar var ki, orada da mövcuddur. Görünür, ölkə başçısı da onun anonsunu verib, bunun üçün də mütləq referendum keçirilməlidir ki, funksiyalar dəqiqləşdirilsin. Ancaq mənim dediklərim ehtimallardır, çünki tam bilgi sahibi deyiləm”.

F.Mustafa özünün bu istiqamətdə təkliflərinin olduğunu deyib:

“Hələ diqqət yetirilmədiyi üçün səsləndirməyi doğru saymıram”.

O, Azərbaycanda bələdiyyələrin hüquqlarının xeyli mənimsənildiyindən yerli özünüidarəetmənin ölü vəziyyətində olduğunu vurğulayıb:

“Əslində, bələdiyyələri “diriltmək” lazımdır, icra hakimiyyətlərinin də xeyli səlahiyyətləri onlara verilməlidir. Xüsusi nümayəndə təyin olunanda, bələdiyyənin dirçəldilməsi, təsərrüfat-kommunal fəaliyyətlərin onlara verilməsi nəzərdə tutula bilər”.

Partiya sədri: “12 iqtisadi zona yaradılıbsa, hər zona üzrə bir xüsusi nümayəndə təyin etmək olar”

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli idarəetmə islahatlarının əsasən yerli icra orqanlarında aparılmasını vacib sayıb.

Onun fikrincə, xüsusi nümayəndənin daha çox nəzarət funksiyasını yerinə yetirməsi barədə fikirlər çoxluq təşkil edir:

Foto: Amerikanın səsi

Əslində, yerli hakimiyyətləri xüsusi nümayəndəliklər həyata keçirib. Bu baxımdan gələcəkdə icra hakimiyyətlərinin ləğv edilməsi gündəmdə olmalıdır. Onların səlahiyyətlərinin bir hissəsi xüsusi nümayəndəyə, əksər səlahiyyətlər isə bələdiyyələrə verilə bilər. Çünki hər iki orqanın saxlanılması doğru deyil. Sadəcə, xüsusi nümayəndəlik nəzarət səlahiyyətlərinə malik qurum olmalıdır, bu, regional və rayonlar şəklində də ola bilər. Ancaq inzibati ərazi vahidlərində də müəyyən dəyişikliklər edilməlidir”.

Ölkədə 12 iqtisadi zona yaradılıbsa, hər zona üzrə bir xüsusi nümayəndə təyin etmək olar. Onsuz da icra hakimiyyətlərinin ləğvi məsələsi dəfələrlə qaldırılıb, bu da son illərdə bir sıra icra başçılarının həbsindən sonra aktuallaşdı”, – Əlibəyli fikrini yekunlaşdırıb.

Səməd Rəhimli: “Burada yenilik yalnız adda və statusdadır”

Hüquqşünas Səməd Rəhimli isə əksinə düşünür.

Səməd Rəhimli müvafiq əsasnaməyə diqqət yetirməyi vacib sayır:

“Sənədin birinci bəndində xüsusi nümayəndənin adı administrasiyada struktur kimi qeyd olunub. Həmin strukturun çərçivəsində də fəaliyyət göstərirlər. Bəli, əsasnamədə xüsusi nümayəndəliyin səlahiyyətlərilə yerli icra orqanlarının səlahiyyətlərinin bir hissəsi üst-üstə düşür, ancaq səlahiyyət toqquşması yoxdur. Çünki Azərbaycanda icra hakimiyyəti ölkə başçısına məxsus olduğundan, o da konstitusion çərçivədə istədiyi kimi formalaşdıra bilər. Konstitusiya bunu qadağan etmir”.

Səməd Rəhimli
Səməd Rəhimlinin şəxsi arxivindən

İcra başçıları rayonlar üzrə rəhbərliyi həyata keçirir, xüsusi nümayəndələr isə infrastruktur məsələlərlə bağlı əlaqələndirmə işlərinə baxır. Düzdür, effektivlik baxımdan deyə bilərik ki, iki quruma nə ehtiyac var, bunu icra başçısı da gerçəkləşdirər. Bəli, iqtisadi effektuvik baxımından haqlı sualdır. Amma hüquqi baxımdan məsələ ortaya çıxırsa ki, dövlət başçısı xüsusi nümayəndəlik də yaradar, icra hakimiyyətini də saxlaya bilər. Konstitusiyanı dəyişdirmədən ikincini ləğv etmək olmaz. Deməli, prezidentin ikisini də saxlaması onun səlahiyyətlərinə daxil olan məsələdir. O ki qaldı prezidentin bunu yeni yerli idarəçilik kimi görməsi, burada yenilik yalnız adda və statusdadır. Ona görə xüsusi nümayəndəliyi yeni idarəçilik forması kimi görmürəm”.

Səməd Rəhimli referendumun keçirilib-keçirilməməsini siyasi məsələ hesab edir.

 Ancaq hüquqşünas icra hakimiyyətlərinin effektiv qurum olmadığı qənaətini bölüşür:

“Məncə, icra hakimiyyətlərinin səlahiyyətləri azaldılmalı, yaxud sıradan çıxarılaraq bələdiyyələri gücləndirmək lazımdır”.

İyulun 7-də isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayon yaradılması haqqında fərman imzalanıb.

Bu günə qədər prezidentin Şuşa, Cəbrayıl, Qubadlı və Zəngilan, Naxçıvan və Qarabağ iqtisadi rayonu (Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocavənd, Tərtər inzibati rayonları və Xankəndi şəhəri) üzrə xüsusi nümayəndələri təyin olunub.

Aydın Kərimov Şuşa, Emin Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilər, Vahid Hacıyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonları, Fuad Nəcəfli isə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsini daşıyırlar.

Ana səhifəSiyasətPrezidentin xüsusi nümayəndəlikləri: yeni idarəetmə modeli, yoxsa…