Martın 6-da həbs olunan dini inanclı Məmmədəli Nurlu ailəsi və vəkili ilə telefon danışığına qadağa qoyulmasından şikayət edir. O, narkotik ittihamı ilə həbs olunub, lakin həbsinin əsl səbəbinin dini inancları olduğunu deyir.
Azərbaycanda dini inanclı şəxslərin narkotikdən istifadə və satışı ittihamı ilə həbsləri son illərin repressiya siyasətinin bir hissəsi kimi dəyərləndirilir. Həbs edilənlərin əksəriyyəti məhkəmədə istintaq zamanı işgəncəyə məruz qaldıqlarını dilə gətirib. Məmmədəli Nurlu da onlardan biridir.
Təqsirləndirilən şəxs Meydan TV-yə danışır ki, həbsi yaşadığı evin qarşısında həyata keçirilib.
“İftar üçün evə qayıdanda polislər özlərini təqdim etmədən qollarımı arxaya burub qandalladılar və başıma torba keçirdilər. Nə qədər ailəmə xəbər verməyə cəhd etsəm də, məni maşına basıb apardılar. Sonradan bildim ki, mənə qarşı əməliyyatı Nəsimi Rayon Polis İdarəsi keçirib”, – M. Nurlu deyir.
Onun 25 yaşı var. 2001-ci il aprelin 25-də Lənkəranda doğulub, sonradan Bakıya köçüb, orta təhsilini də paytaxtda alıb. Siyasi mənsubiyyəti yoxdur. İranın Qum şəhərində dini təhsil alan M. Nurlu Xanım Zəhra məscidində çalışırmış.
“Sanksiya məhkəməsində hakim dedi ki, İrandan gətirdiyin Qurani-Kərimin içində narkotik maddə olub. Bu dəhşətdir, başqa söz tapa bilmirəm”, – deyən inanclı şəxsin sözlərinə görə, elə həmin məhkəmədə də öyrənib ki, valideynlərini və vəkilini yanına buraxmırlar. Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib:
“Düz 2 aydır yaxınlarımla telefon əlaqəsi saxlaya bilmirəm”.
M. Nurlu deyir ki, Nəsimi Rayon Polis İdarəsində işgəncəyə məruz qalıb:
“Polislər məni döyərək tələb edirdilər ki, narkotikdən istifadə etdiyimi, satdığımı boynuma götürüm. Razılaşmayıb dedim ki, mən heç siqaret çəkmirəm, içkidən də uzağam. Dəyənəyi göstərib şalvarımı çıxarmaq istəyəndə dedikləri ilə razılaşmaq məcburiyyətində qaldım. İşgəncə məni elə vəziyyətə salmışdı ki, ətrafımda nələr olduğunu anlamağa çətinlik çəkirdim. Yalnız bunlar yadımdadır ki, 2 bükülünü cibimə qoyub, sonra çəkiliş etdilər. Sonra da mənə “Slavyanka” suyu içirtdilər. Hər şey bundan sonra başladı, ürəyim bulandı. Sonra məni maşına mindirib, harasa apardılar.
Yolda bir neçə dəfə qusdum. Onu xatırlayıram ki, Narkoloji Dispanserdə məndən analiz götürdülər. Bunu da ağ xalatlı adamlar mənə dedilər. Məlum oldu ki, “metamfetamin” psixotrop maddəsindən istifadə etmişəm”, – M. Nurlu danışır.
Onun sözlərinə görə, bütün bunları həbsxana yoldaşlarına danışanda həmin maddənin nəyə qadir olduğunu öyrənib:
“Onu da deyim ki, idarədə tələblə razılaşanda da video çəkiliş etmişdilər”.
Haqsız yerə həbs olunduğunu iddia edən inanclı müdafiə hüququndan da məhrum edildiyini bildirir.