Peskov: “Rusiyanı tərk edənləri düşmən hesab etmirik”

Dmitri Peskov, Foto: ID1974/shutterstock

“İnsanlara böhtan atıb “5-ci kolon” siyahısına yazmaq lazım deyil”

Kreml sözçüsü Dmitri Peskov hərbi münaqişə ilə əlaqədar Rusiyanı tərk edənləri dövlətin düşmən hesab etmədiyini deyib.

“Hərə bir cür reaksiya verdi. Kimlərsə qorxdu, kimlərsə baş verənləri anlamadı. Adamlar var ki, bu hadisələr başlayanda qorxuya düşdülər. Kimlərsə uzunmüddətli məzuniyyətə çıxdıqlarını bildirib, ölkədən getdilər. Onlar buna görə dövlətin düşməni deyillər”, – Peskov deyib.

O, Rusiya-Ukrayna münaqişəsi başlayandan sonra teleaparıcı İvan Urqantın Rusiyanı tərk etməsi məsələsinə də münasibət bildirib.

“İvan Urqant çox vətənpərvərdir. İnsanlara böhtan atıb “5-ci kolon” siyahısına yazmaq lazım deyil”, – Kreml sözçüsü bildirib.

Teleaparıcı, aktyor İvan Urqant martın əvvəllərində Rusiyanı tərk edib. Onun ailəsi ilə birlikdə İsrailə getdiyi bildirilir.

İvan Urqant martın 11-də “İnstagram” hesabında fotosunu paylaşaraq,“Təlaşa gərək yoxdur. Məni məzuniyyətə buraxıblar. Bir də gördünüz ki, geri qayıtmışam”, – qeydini yazıb.

Fevralın 24-də Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlardan sonra bir çox rus sənətçi və ictimaiyyət nümayəndəsi baş verənlərə səssiz qalmayıb.

Onlar istifadəçisi olduqları sosial şəbəkələr vasitəsilə müharibəyə qarşı çıxdıqlarını elan ediblər.
Əksəriyyət bu vəziyyətdə kimin günahkar olduğuna dair mühakimə yürütmədən sülhə çağırış edib.
Urqant da “Müharibəyə yox!” deyənlər siyahısında yer alıb.

Fevralın 25-də isə onun Rusiyanın “Birinci Kanal”ında yayımlanan “Veçernıy Urqant” verilişinin nümayişi dayandırılıb.

Rusiya mətbuatında verilişin bağlanmasını Urqantın “İnstagram”dakı paylaşması ilə əlaqələndiriblər.
“Birinci Kanal”ın mətbuat xidməti xəbəri təkzib edib.

Yayım cədvəlində əyləncəli verilişlərin ictimai-siyasi proqramlarla əvəz olunduğu bildirilib.
Hərbi münaqişə başlayandan sonra əksər sənətçilər Rusiyadan gedib.

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatı dəstəkləməyən mədəniyyət xadimlərinə öz postlarını tərk etməyi təklif edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə mədəniyyət xadimlərini Vladimir Putinin ətrafında birləşməyə çağırıb.

Fevralın 22-də Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Fevralın 24-də isə Ukraynada hərbi əməliyyatlara başlamaq əmri verib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəMədəniyyətPeskov: “Rusiyanı tərk edənləri düşmən hesab etmirik”