Parlamentdə “uşaqpulu” tələbinə nazir müavini cavab verdi

Nazir müavini: Uşaq pulları aztəminatlı ailələrə verilir

Source: Prezident.az


Deputat: 18 yaşı olan kimi çağırış vərəqəsi verib, əsgərliyə aparırıq, bəs, bu uşağın böyüdülməsinə dövlətimizin yardımı olurmu?

“Nazirimiz deyir ki, “uşaqpulu” verilməsinə 2,5 milyarddan artıq pul lazımdır. Əgər sosial müavinəti məsələsini saxlamaq mümkündürsə, saxlayaq, mümkün deyilsə, ləğv edib yerinə uşaqpulu verək”.

Milli Məclisdə çıxış edən deputat Tahir Kərimli belə deyib.

O bildirib ki, bu sosial müavinət 15-20 faizin xeyrinədir, uşaqpulu isə demək olar ki, bütün ölkə əhalisini əhatə edir.

681d3afaa1769cc72dc25730170a2977.jpg
Tahir Kərimli

“Bu, Qarabağ məsələsi kimi vacib bir məsələdir. Gedib sorğu keçirsək, əhalinin 100 faizi uşaqpulu istəyir. 18 yaşı olan kimi çağırış vərəqəsi verib, əsgərliyə aparırıq, bəs, bu uşağın böyüdülməsinə dövlətimizin yardımı olurmu? Bunu bütün xalqımız tələb edir. Ən kasıb ölkələrdə belə uşaqpulu verilir. Pandemiya nə qədər uzun çəksə də, müvəqqətidir, ötüb keçəcək. Uşaqpulu isə strateji məsələdir. 600 min nəfərə 190 manat verilib. Bu vəsait də azdır axı. Uşaqpulu verilsəydi, daha yaxşı olardı. Bizim valyuta ehtiyatımız var, ildə onun 1 milyardını bunun üçün ayıraq”.


Sabir Rüstəmxanlı: "Uşaqpulunun bərpa olunması çox vacib məsələdir”

Deputat Sabir Rüstəmxanlı da qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, əlaqədar qurumlar ailələrə uşaqpulu verilməsi məsələsini bərpası ilə bağlı addım atmalıdır.

“Sosial təminatla bağlı məsələlər müxtəlif kadrların və müxtəlif idarələrin öhdəsində qalanda bir çox əyrilik meydana çıxır. Bunu inkar etmək olmaz. Bəzi yerlərdə bu haqsızlıqlar və əyriliklər hələ də davam edir. Uşaqpulu verilsə, uşağı olan ailələrin minimum xərclərlə təmin olunduğunu biləcəyik”.

Deputat qeyd edib ki, hazırda bəzi ölkələrdə əkiz övladı və üçəm uşağı olanlara ev və ya digər əlavə mükafatlar verilir:

photo_5487.jpg
Sabir Rüstəmxanlı

“Azərbaycanda da bunlar var idi, amma indi unudulub. Gənc ailələrə yardım mənasında uşaqpulunun bərpa olunması çox vacib məsələdir”.


“Uşaqpulu müavinətinə yalnız ünvanlılıq prinsipi əsasında qayıda bilərik”

Spiker Sahibə Qafarova Əmək və əhalinin sosial müdafiəsi nazirinin Milli Məclisdə uşaqpulu məsələsi ilə bağlı çıxışlarını nəzərə almağa çağırıb.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə bildirib ki, vətəndaşlara 20-yə yaxın sosial müavinət verilir ki, bunlardan 9-u uşaqların sosial müdafiəsi ilə bağlıdır:

„Sovet vaxtından qalan uşaqpulunun məbləği o qədər az idi ki, verilməsə, ondan yaxşı idi. Bu gün uşaqpulu üçün ayrılan vəsaiti ünvanlı şəkildə ehtiyacı olan ailəyə vermək daha məqsədəuyğundur. Uşaqpulu müavinətinə yalnız ünvanlılıq prinsipi əsasında qayıda bilərik. Yəni yalnız ehtiyacı olan ailələrin uşaqlarına uşaqpulu verilə bilər”.

unnamed.jpg
Musa Quliyev

M.Quliyev məsələ ilə bağlı deputatlardan ibarət işçi qrupu yaradaraq hökumətə konkret təkliflər təmin etməyi məqsədəuyğun saydığını deyib.


Nazir müavini: Uşaq pulları aztəminatlı ailələrə verilir

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev da bildirib ki, ölkədə əvvəllər hamıya verilən uşaqpulunun məbləği çox aşağı olub. Ona görə də ünvanlı dövlət sosial yardımı haqqında qanunun qəbulu ilə əlaqədar uşaq pulları aztəminatlı ailələrə verilir:

“84 minə yaxın ailə ünvanlı dövlət sosial yardımı alır ki, bu da təxminən 320 mindən çox insan deməkdir”.

Ana səhifəSosialParlamentdə “uşaqpulu” tələbinə nazir müavini cavab verdi