“Pambıq susuzluqdan yanır, sahə məhv olur”

“Suçu sahənin suvarılması üçün qanunda nəzərdə tutulmuş xərcdən əlavə pul istəyir”

Source: Specify Source


Kəndli suvarma probleminin olduğunu deyir

Sabirabadın Çöl Beşdəli kənd sakini Avtandil Əliyev pambıq sarıdan narahatdır. Onun fikrincə, kəndin ərazisindəki sahələrdə pambıq əkininə üstünlük verən hökumət suvarma məsələsini həll etsə də, su vaxtında verilmədiyi üçün sahələr "külə dönür".

"Bu qədər xərc çəkilir, ortada həm pulumuz gedir, həm əziyyətimiz… Ancaq sahələrə suyu açmaq üçün əlavə pul istənildiyindən, imkanı çatmayanlar da o əlavə pulu verə bilmədiyindən pambıq sahələrimiz yanır. Kimin pulu varsa, əlavə pulunu ödəyir, sahəsini suvarır, mənim kimi imkansız kəndlilərinsə gücü pambıq sahəsinin yanıb məhv olmasına tamaşa etməkdən başqa heç nəyə çatmır”, – kəndli deyir.


“8 ildir ki, bu işdən zərərlə çıxıram”

Avtandil Əliyev 8 ildir ki, pambıqçılıqla məşğul olur. Ancaq hər il bu işdən zərərlə çıxdığını deyir:

“Hər il zavoda borclu qalıram. Səbəbini də qeyd etdim. Bu il martın 19-da yenə 3 hektar sahədə pambıq əkmişəm, bircə dəfə də suvara bilməmişəm, sahəyə baxanda ürəyim ağrıyır. Suvarma suyuna görə qanuni ödəniş nədirsə, ona gücüm çatır, ancaq əlavə istənilən pulları verə bilmirəm. Nəticədə sahə susuzluqdan yanır. Bütün əziyyətim, son qəpiyim sanki havaya sovrulub. Br azdan məhsul yığımı başlayacaq, zavoda pambıq təhvil verməliyəm, ancaq məhsul götürə bilməyəcəm. Suçu sahənin suvarılması üçün qanunda nəzərdə tutulmuş xərcdən əlavə pul istəyir. Pulu verəcəksənsə, sahəyə su veriləcək, məhsul da olacaq, verməyəcəksənsə, o məhsuldan gözünü çək… Gedib deyəndə də deyir, get, traktora 20 manat ödə, gəlsin suyun qabağını açsın. Yəni mənə əlavə pul vermirsənsə, zəhmət çək, get o pulu traktora ver. Heyf bu qədər əziyyətimə…”


“Məhsulsuz qalmaq ailələrin ac qalması deməkdir”

Onun sözlərinə görə, pambıqçılıq ona zərər gətirdiyindən ailəsini də dolandıra bilmir:

photo-2021-06-25-14-40-22.jpg
” Suçu sahənin suvarılması üçün qanunda nəzərdə tutulmuş xərcdən əlavə pul istəyir”

“Kənddə, rayonda iş yoxdur. Gözümüzü əkinə, pambığa dikmişik. Sahənin yanması o sahəyə gözünü dikən bir neçə ailənin ac qalması deməkdir. Adamlar son ümidlərini əkin sahəsinə bağlayır, sonda bütün ümidləri alt-üst olur. Oğlum 10 aydır ki, hərbi xidmətdədir, mən 10 ay ərzində imkansızlıqda ona bircə dəfə baş çəkə bilməmişəm. İtirdiyim zərəri mənə kim ödəyəcək?”

"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Sabirabad Suvarma Sistemləri İdarəsindən Meydan TV-yə bildirilib ki, sahələrin suvarılması üçün kifayət qədər su ehtiyatı var. Sahələr növbəli qaydada suvarılır. Çöl Beşdəli kəndindəki əkin sahələrinə də qaydasında su verilir. Narazılığı olan idarəyə müraciət etsə, araşdırılar, tədbir görülər.


Susuzluq pambıqçılığı yarı yolda qoyub

2016-cı ildən başlayaraq pambıqçılığın inkişaf etdirilməsi hökumətin əsas diqqət ayırdığı sahələrdən birinə çevrilmişdi. Hökumət bu sahəni inkişaf etdirməklə həm yeni iş yerlərinin açılmasını, həm də ölkəyə valyuta axınını artırmağı düşündüyünü bəyan etmişdi. Həmin il prezidentin verdiyi sərəncamla emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə, istehsalçılara 0,1 manat subsidiya verilməsi də qərara alınmışdı. Prezident bildirmişdi ki, 2017-ci ildə pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunacaq. Ancaq bəzi ekspertlər hökumətin pambıqçılığın inkişafına xüsusi diqqət ayırmasını perspektivsiz hesab edirdilər. Onlar deyirdilər ki, pambıqçılığın neftlə müqayisədə əziyyəti çox, gəliri isə azdır. Hökumətin pambıq layihəsindən 5 il keçib və ötən müddət ərzində bu layihə özünü doğrultmayıb. Fermerlər bildirirlər ki, buna əsas səbəb susuzluq olub. Daha dəqiqi, ya quraqlıq üzündən su tapılmayıb, ya da su yalnız məmurların pambıq sahələrinə verilib. Nəticədə, ötən 5 il ərzində kəndlilərə məxsus yüzlərlə hektar pambıq sahələri yanıb.

Ana səhifəBölgə“Pambıq susuzluqdan yanır, sahə məhv olur”