Ombudsman Səbinə Əliyevanın maaşı 12 min manat olur 

Ombudsman Səbinə Əliyeva – Foto: Azərtac
Milli Məclis Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini nəzərdə tutan dəyişikliyi ikinci səsvermədə qəbul edib. Yeni qaydanın 2026-cı il yanvarın 1-dən tətbiq edilməsi nəzərdə tutulur. Qanun qüvvəyə minənədək Ombudsmana ödənilən vəzifə maaşı, əlavələr, mükafatlar və digər ödənişlərin yeni 12 min manatlıq vəzifə maaşının tərkibinə daxil edilməsi nəzərdə tutulub. Bu barədə məlumatı hökumətyönümlü media yayıb.

Ombudsmanın maaşı ən son 3 il öncə İlham Əliyevin “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununda dəyişikliyi təsdiqləməsi ilə artırılmışdı.

Hazırda isə Ombudsmanın aylıq vəzifə maaşı 12 min manat müəyyən edilir. Bu, Azərbaycanda 400 manat olan minimum əməkhaqqından 30 dəfə, 1 176,7 manatlıq orta aylıq əməkhaqqından isə təxminən 10,2 dəfə yüksəkdir. İndiyədək qanunda Ombudsmanın aylıq vəzifə maaşı 3 060 manat göstərilirdi. İndi isə dörd dəfə artırılacaq.

Müqayisə cədvəli Chatgpt tərəfindən hazırlanıb

Hazırda Ombudsman vəzifəsini Səbinə Yaşar qızı Əliyeva tutur. Onun fəaliyyəti həbsdə olan jurnalistlər və fəallar tərəfindən dəfələrlə tənqid olunub. “Abzas Media” və “Meydan TV” jurnalistləri həbs yerlərində zorakılıq, pis rəftar və saxlanma şəraiti ilə bağlı Ombudsmana müraciət etdiklərini, lakin şikayətlərə yetərli reaksiya verilmədiyini bildiriblər. Ombudsman Aparatı isə həbs yerlərinə başçəkmələrin keçirildiyini və məhbuslarla konfidensial görüşlərin təşkil olunduğunu açıqlayıb.

Səbinə Əliyeva 7 may 1980-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr və magistr təhsili alıb, daha sonra Prezident yanında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq münasibətlər üzrə əlavə ali təhsil keçib. 2016-cı ildə insan hüquqları sahəsində dissertasiya müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2000-ci ildən Konstitusiya Məhkəməsində müxtəlif vəzifələrdə çalışıb, 2015-ci ildən Konstitusiya Məhkəməsi Aparatı rəhbərinin müavini olub.

Səbinə Əliyeva 29 noyabr 2019-cu ildə Prezident tərəfindən Ombudsman vəzifəsinə təqdim edilmiş üç namizəddən biri olub və Milli Məclisdə keçirilən səsvermədə 104 deputatın səsi ilə İnsan Hüquqları üzrə Müvəkkil seçilib.

Səbinə Əliyeva Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının uzunmüddətli funksionerlərindən olan Siyavuş Novruzovun həyat yoldaşıdır. Onun atası Yaşar Əliyev isə Azərbaycan Ali Soveti sədrinin müavini, I və II çağırış Milli Məclisin deputatı və parlament sədrinin müavini olub, daha sonra 2002–2011-ci illərdə Azərbaycanın Çində səfiri işləyib; eyni dövrdə Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustanda da səfir vəzifəsini yerinə yetirib. Yaşar Əliyev 2023-cü ildə vəfat edib.

Ana səhifə ▸ Xəbərlər ▸ Ombudsman Səbinə Əliyevanın maaşı 12 min manat olur