Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yəhyayevin həyat yoldaşı Şahanə Həsənova sosial şəbəkədə paylaşdığı videolara görə Abşeron polisindən zəng aldığını bildirir.
O, oktyabrın 21-də “Facebook” hesabında yazıb ki, polis əməkdaşı ondan məktəbin qarşısında çəkdiyi videoları silməyi tələb edib.
Həsənovanın sözlərinə görə, o, videolarda qanunsuz heç nə olmadığını bildirdikdən sonra zəng edən şəxs yaşadığı ünvanı xatırladaraq telefonu bağlayıb.
Şahanə Həsənova bu hadisədən sonra özünü təhlükəsiz hiss etmədiyini qeyd edib. O bildirib ki, məktəblərdə hicabla bağlı məhdudiyyətlər gündəmə gələndən bəri övladını hər gün məktəbə aparır və uşağın dərsə buraxılmaması ilə bağlı sosial şəbəkədə paylaşımlar edir.
Abşeron Rayon Polis İdarəsindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Ağaəli Yəhyayev 2023-cü il avqustun 31-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, sentyabrın 20-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Ağaəli Yəhyayev Cinayət Məcəlləsinin 234.1-1 maddəsi (satış məqsədi olmadan külli miqdarda narkotik vasitələri qanunsuz əldə etmə, daşıma, saxlama) ilə təqsirli bilinib. O, ittihamı saxta hesab edir və siyasi mövqeyinə, həmçinin dini inancına görə şərləndiyini bildirir. Ağaəli Yəhyayev daha əvvəl, 2015-ci ildə Nardaran hadisələri ilə əlaqədar həbs olunub və 15 il müddətinə azadlıqdan məhrum edilib. 2021-ci ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.
Son həftələr Azərbaycanda bir sıra məktəblərdə hicablı şagirdlərin və müəllimlərin dərsə buraxılmadığı barədə məlumatlar yayılıb. Bu hallar Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində vahid geyim formasının tətbiqi ilə bağlı qərarından sonra gündəmə gəlib. Qərarda hicabın qadağan olunması birbaşa göstərilməsə də, bəzi məktəblərdə sənəd dünyəvilik prinsipinə zidd hesab edilən geyimlərə icazə verilməməsi kimi şərh olunur. Məhdudiyyətlərə etiraz olaraq bir sıra məktəblərdə aksiyalar keçirilib.
Daxili İşlər Nazirliyi vahid geyim qaydalarının tətbiqi ilə bağlı insidentlər zamanı 37 nəfərin saxlanıldığını açıqlayıb. Nazirliyin iddiasına görə, Bakıda bir qrup şəxs təhsil işçiləri ilə münaqişə yaradıb, təhsil müəssisələrinə zərər vurub və məktəblərin normal fəaliyyətinə mane olmağa çalışıb.
Bununla yanaşı, bəzi inanclı fəallar etirazlarla əlaqədar ölkə üzrə 400-ə yaxın şəxsin saxlanıldığını bildirirlər.