Azərbaycan Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxslər” siyahısına daxil edib. Onların Azərbaycana girişinə qadağa qoyulub.
Bu barədə oktyabrın 21-də Azərbaycan Xarici İşlər Nazirliyinin (XIN) yaydığı məlumatda bildirilib.
XİN-in açıqlamasına görə, qərar həmin şəxslərin sosial şəbəkələrdə və digər internet platformalarında Azərbaycan dövlətinin suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı yönəlmiş açıqlamaları ilə əlaqədardır.
Nazirlik həmin şəxslərin hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar etdiyini, dini radikalizm zəminində zorakılığı, dini nifrət və düşmənçiliyi təşviq edən fikirlər səsləndirdiyini bildirib.
Siyahıya jurnalistlər, blogerlər, siyasi xadimlər, ilahiyyatçılar və media nümayəndələri daxil edilib.
Onların arasında “Yeniden Refah” Partiyasının sədri Fatih Erbakan, Türkiyə parlamentinin deputatı Ömer Faruk Gergerlioğlu, idman şərhçisi və keçmiş futbol hakimi Ahmet Çakar, həmçinin prezident Ərdoğanın rəhbərlik etdiyi partiyanın (AK Parti) Boğaziçi Gənclik Qollarının sabiq sədri (2020–2025) Muharrem Çavuş, jurnalistlər Adem Özköse və Yusuf Kaplan da var. Siyahıda, həmçinin “HÜDA PAR” partiyasının sədr müavini Yahya Uğraş, Marmara Universitetinin professoru Mehmet Boynukalın və müxtəlif Türkiyə media qurumlarında çalışan şəxslərin adları yer alıb.
Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, ümumilikdə 31 Türkiyə vətəndaşı ölkə qanunvericiliyinə uyğun olaraq “arzuolunmaz şəxslər” elan edilib və onların Azərbaycana girişinə qadağa qoyulub.
XİN Azərbaycana qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq müvafiq tədbirlərin davam etdiriləcəyini açıqlayıb.
Türkiyə hökuməti Azərbaycanın qərarı ilə bağlı hələlik açıqlama verməyib.
Bundan bir gün öncə, oktyabrın 21-də Azərbaycan Baş Prokurorluğu məlumat yayaraq Türkiyədə yaşayan və fəaliyyət göstərən yeddi nəfər barəsində cinayət işi açdığını bəyan edib. Qurumun məlumatında qeyd olunub ki, həmin şəxslər Azərbaycanda konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırışlarda, dini zəmində nifrət və düşmənçiliyin qızışdırılmasında, eləcə də dini ekstremist fəaliyyətə çağıran materialların yayılmasında şübhəli bilir.
Bu qərarlar Azərbaycan və Türkiyə arasında dini və ictimai-siyasi məsələlərlə bağlı mübahisələrin gündəmdə olduğu bir vaxta təsadüf edir. Son günlər Azərbaycanda məktəblərdə hicabla bağlı qaydalar və Bakının İsraillə münasibətləri Türkiyədə də müzakirələrə səbəb olub. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan bəzi siyasətçilərin Azərbaycandakı məktəb geyimi qaydalarını tənqid etməsindən sonra hakim Yeni Azərbaycan Partiyası bu açıqlamaları ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirib. Bununla belə, iki ölkə arasında rəsmi təmaslar davam edir. Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 15-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.