Olqa Lyubimova: “Finlandiyada saxlanılan eksponatlar Rusiyaya qaytarılacaq”

Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova. Foto: Alexey Smyshlyaev/shutterstock

“Rusiyaya məxsus muzey eksponatları sanksiyalara məruz qalmır”

“Avropa Komissiyası bildirib ki, Finlandiya gömrüyündə saxlanılan Rusiyaya məxsus muzey eksponatları sanksiyalara məruz qalmır. Əsərlər gələn həftəsonu Rusiyaya qaytarılacaq”.

Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova “Telegram” kanalında belə yazıb.

“Mədəniyyət Nazirliyi artıq kolleksiyaların geri qaytarılmasını təşkil etməyə başlayıb, gələn həftəsonu əsərlərin Rusiya Federasiyasına qaytarılacağı gözlənilir. Xarici İşlər Nazirliyindən, Rusiyanın Finlandiyadakı səfirliyindən və Federal Gömrük Xidmətindən olan həmkarlarımıza birgə əməliyyat fəaliyyətinə görə təşəkkür edirik”, – deyə mədəniyyət naziri qeyd edib.

Aprelin 2-3-də Rusiyanın bir neçə muzeyinə məxsus eksponatlar Finlandiya gömrüyündə saxlanılıb.

Rəsmlərin saxlanılması Avropa İttifaqının (Aİ) Rusiyaya tətbiq etdiyi sanksiyalarla əlaqədar olduğu bildirilib.
Gömrük məntəqəsinin əməkdaşları yükü müsadirə edib.

Məsələ ilə bağlı ilkin araşdırmalara başlanıldığı deyilir.

Rusiya Mədəniyyət Nazirliyi bildirib ki, saxlanılan sənət əsərləri “Ermitaj”, “Tretyakov” qalereyalarına, “Sarskoye Selo”, “Pavlovsk”, “Qatçina” dövlət muzey-qoruqlarına, Şərq Dövlət Muzeyinə və Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə məxsus eksponatlardır.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Həmin tarixdən etibarən Avropa İttifaqı ölkələri, həmçinin Böyük Britaniya, ABŞ, Kanada və digər ölkələr Rusiyaya müxtəlif sanksiyalar tətbiq edir.

Maliyyə sanksiyaları əsasən oliqarxlara, yüksək rütbəli hərbçilərin hesablarına, dövlət məmurlarına, prezidentə, onun köməkçisinə, nazirlərə qoyulan qadağalardır.

Bütün bu sanksiyaların səbəbi Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsidir.

Məqsəd müharibənin maliyyələşdirilməsinin dayandırılmasıdır. Həmçinin bir sıra beynəlxalq musiqi, film şirkətləri, o cümlədən, teatrlar, kinostudiyalar Rusiya və sənətçiləri ilə əməkdaşlığı dayandırıb.

Ana səhifəMədəniyyətOlqa Lyubimova: “Finlandiyada saxlanılan eksponatlar Rusiyaya qaytarılacaq”