Rusiya Finlandiyanı eksponatlara görə cərimə ilə hədələyir

Rusiya-Finlyandiya. Foto: xtock/shutterstock

Vyaçeslav Volodin: “Qarşı tərəf bu addımına görə cavab verəcək”

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Rusiyaya məxsus eksponatların Finlandiya gömrüyündə saxlanılmasını şərh edib.

Spiker palatanın plenar iclasında bildirib ki, qarşı tərəf bu addımına görə cavab verməli olacaq.

“Finlandiya həbs edilmiş eksponatları Rusiyaya qaytaracaq. Eyni zamanda, Dövlət Dumasının Mədəniyyət, həmçinin Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinə cərimə ödəməli olacaq”, – Volodin deyib.

Eksponatların Finlandiya gömrüyündə saxlanılmasına Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da münasibət bildirib.

“Əslində, bu vəziyyət hüquqi xaos hesab edilir. Rusiyaya məxsus mədəni sərvətlər beynəlxalq hüquq normalarına zidd olaraq saxlanılıb. Eksponatlar Rusiya muzeylərinə məxsusdur. Qeyri-kommersiya əməkdaşlığı çərçivəsində digər ölkələrdə təşkil olunmuş sərgilərdə nümayiş olunmaq üçün müvəqqəti ölkədən çıxarılıb. Biz incəsənət əsərlərimizin Rusiya Federasiyasına tam şəkildə qaytarılmasını təmin etmək üçün Finlandiya rəsmilərinin operativ qərarını gözləyirik”, – Zaxarova deyib.

Finlandiyanın Gömrük nəzarət idarəsinin rəisi Sami Rakşit bildirib ki, sənət əsərlərinin saxlanması Rusiyaya tətbiq edilən sanksiyalarla bağlıdır.

Finlandiya Xarici İşlər Nazirliyinin ixraca nəzarət departamentinin rəhbəri Teemu Sepponen isə deyib ki, hazırda həbslə bağlı vəziyyət Avropa Komissiyası ilə birgə aydınlaşdırılır.

“Bu, müvəqqəti vəziyyətdir. Eksponatların mülkiyyəti dəyişməyib, onlar hələ də Rusiya muzeylərinə aiddir”, – o vurğulayıb.

“Tretyakov”. Foto: Phuong D. Nguyen/shutterstock

Aprelin 2-3-də Rusiyanın bir neçə muzeyinə məxsus eksponatlar Finlandiya gömrüyündə saxlanılıb.

Rəsmlərin saxlanılması Avropa İttifaqının (Aİ) Rusiyaya tətbiq etdiyi sanksiyalarla əlaqədar olduğu bildirilib.
Gömrük məntəqəsinin əməkdaşları yükü müsadirə edib.
Məsələ ilə bağlı ilkin araşdırmalara başlanıldığı deyilir.

Rusiya Mədəniyyət Nazirliyi bildirib ki, saxlanılan sənət əsərləri “Ermitaj”, “Tretyakov” qalereyalarına, “Sarskoye Selo”, “Pavlovsk”, “Qatçina” dövlət muzey-qoruqlarına, Şərq Dövlət Muzeyinə və Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə məxsus eksponatlardır.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Həmin tarixdən etibarən Avropa İttifaqı ölkələri, həmçinin Böyük Britaniya, ABŞ, Kanada və digər ölkələr Rusiyaya müxtəlif sanksiyalar tətbiq edir.

Maliyyə sanksiyaları əsasən oliqarxlara, yüksək rütbəli hərbçilərin hesablarına, dövlət məmurlarına, prezidentə, onun köməkçisinə, nazirlərə qoyulan qadağalardır.

Bütün bu sanksiyaların səbəbi Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsidir.

Məqsəd müharibənin maliyyələşdirilməsinin dayandırılmasıdır. Həmçinin bir sıra beynəlxalq musiqi, film şirkətləri, o cümlədən, teatrlar, kinostudiyalar Rusiya və sənətçiləri ilə əməkdaşlığı dayandırıb.

Ana səhifəMədəniyyətRusiya Finlandiyanı eksponatlara görə cərimə ilə hədələyir