Oğlu İŞİD-lə əlaqədə ittiham olunan ana: DTX-dan Mehriban xanımın şəklini çəkib göndərmişdi…

Esmira Məmmədova deyir ki, oğlunu 2019-cu ilin mayında, Ramazan bayramında gecə saat 3-də gəlib yataq paltarında götürüb aparıblar.

Source: Specify Source


"Nə oyundur, hələ mən də baş aça bilmirəm…”

Fevralın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar ülgüclə qollarını və boğazlarını kəsərək, özlərinə xəsarət yetiriblər. Onlar bildiriblər ki, artıq haqsızlığa dözə bilmirlər. Çünki iki ilə yaxındır ki, heç bir mötəbər sübut olmadan terrorçuluq, İŞİD-ə maliyyə yardımı kimi ağır cinayətlərdə ittiham edilib, həbsdə saxlanılırlar.


“Onun pulu hardadır ki, İŞİD-ə göndərsin?”

Bu cinayət işi üzrə təqsirləndirilən şəxslərdən biri də Tovuz rayonundan olan 41 yaşlı rəssam Babək Məmmədlidir.

40 ilə yaxındır Tovuzda həkim işləyən anası Esmira Məmmədova Meydan TV-yə danışır ki, əgər oğlunun cinayət törətdiyini təsdiqləyən sübut-dəlilləri ortaya qoysaydılar, onu indiki qədər yandırmazdı. Düşünərdi ki, cinayət törədib, cəzasını da çəkməlidir: “Bu adamın ailəsi, üç uşağı ata-anasının maaş və pensiyasının hesabına dolanır. Onun pulu hardadır ki, İŞİD-ə də göndərsin?”


“Buna görə adama “terrorçu” adı qoyub zülm eləyərlər?”

Esmira Məmmədovanın sözlərinə görə, Rəssamlıq Akademiyasının məzunu olan oğlu bir neçə il Türkiyədə öz sənəti üzrə işləyib. Xocalı faciəsinin ildönümü ilə əlaqədar orada sərgi keçirib, satılan rəsmlərindən toplanan vəsaiti ehtiyaclı azərbaycanlılara, uşaqlara paylayıb. Bir sıra tanınmış ictimai-siyasi xadimlərin portretlərini çəkib: “Türkiyənin tanınmış siyasətçisi Möhsün Yazıçıoğluna çəkdiyi portreti təqdim etdiyi yerdə fotosu da var. Dövlət Baxçalının da rəsmini çəkmişdi. Mənim oğlum millətçi, türkçüdür. Eyni zamanda, müsəlmandır, namaz qılıb, oruc tutur. Buna görə adama “terrorçu”, “İŞİD-çi” adını qoyub zülm eləyərlər? DTX-nın təcridxanasından Mehriban xanımın portretini çəkib göndərmişdi. Bundan terrorist olar? Bu dövlətə bundan düşmən ola bilər? Nə oyundur, hələ mən də baş aça bilmirəm…”

Untitled design (2).png
Esmira Məmmədova


“Parnikdə işləyib, günəmuzd qazandıqları pula türməyə yemək göndərirlər”

Esmira Məmmədova deyir ki, oğlunu 2019-cu ilin mayında, Ramazan bayramında gecə saat 3-də gəlib yataq paltarında götürüb aparıblar. Bu hadisələr də 5 yaşlı nəvəsinin gözü qarşısında yaşanıb. Uşaqda o vaxtdan yaranan travma hələ də qalır.

Babək Məmmədlinin atası da uzun illər Təhlükəsizlik Komitəsinin işçisi olub, bir müddət əvvəl təqaüdə çıxıb. Həm də Qarabağ müharibəsi veteranıdır: “Təhlükəsizlik xidmətinin təqaüdçüsünün oğlunu təhlükəsizlik xidmətinin əli ilə tuturlar. Müharibə veteranının oğlunu Qələbə bayramında (9 may), oruc tutan adamı Orucluq bayramında gəlib aparırlar. Bilmirəm qərəzdir, kin-küdurətdir, qisasdır… Bu işdə təqdirləndirilənlərin səkkizi Tovuzdandır. Onların da üçü ermənilərlə sərhəddə yerləşən Əlibəyli kəndindən. Bunların uşaqlığı ermənilərin atdığı güllələrin, qradların altında keçib. Hansı birindən bir silah tapmısınız ki, adlarını “terrorçu” qoymusunuz? Terrorla mübarizə görüntüsü yaratmaq üçün camaatın günahsız balalarını bədbəxt eləyirlər. Tutulanlar yetim-yesirdir. Birinin uşağı serabral iflicdir. Bir çoxunun ailəsi Şəmkirdə pomidor-xiyar parniklərində günəmuzd işləyir. Bilmirlər ki, o zülmlə qazandıqları pula özləri dolansın, yoxsa türməyə yemək daşısın. Bu zümləri Allah götürməz…”


“Soyundurub “karsa” salıb, aclığı dayandırmağı tələb ediblər”

Esmira Məmmədovanın narazı olduğu məsələlərdən biri də dövlət orqanlarına ünvanladıqları müraciətlərin nəticəsiz qalması, səlahiyyət sahiblərinin onları qəbul edib, şikayətlərini dinləməməsidir. Deyir ki, məktub-teleqramlara nə qədər xərc çəkirlər, amma dövlət orqanları şikayətləri araşdırmadan bir-birinə ötürürlər.

Babək Məmmədli və daha 10 nəfərin məhkəməsi 2020-ci ilin yayından başlayıb. Təqsirləndirilən şəxslər bundan əvvəlki məhkəmə iclasında aclıq aksiyasına başladıqlarını bildiriblər. Anasının sözlərinə görə, onlar Bakı İstintaq Təcridxanasına aparılandan sonra aclıq aksiyasına görə təzyiqə məruz qalıblar: “Sorundurub, “karsa” salıblar, hədələyiblər. Aclığı dayandırmağı tələb ediblər. Bu uşaqların özləri də, ailələri də zülm çəkir. Hər gün ölüb-dirilməkdənsə, birdəfəlik ölmək istəyirlər. Ona görə də özlərinə xəsarət yetiriblər”.

Bu cinayət işi üzrə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 167-3.1 (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma), 218.2 (cinayətkar birlikdə, mütəşəkkil dəstələrin birliyində iştirak), 214-1 (terroru maliyyələşdirmə) maddələrilə ittiham irəli sürülüb.

photo-2021-02-24-11-36-36.jpg
Babək Məmmədlinin əsəri
Ana səhifəSiyasətOğlu İŞİD-lə əlaqədə ittiham olunan ana: DTX-dan Mehriban xanımın şəklini çəkib göndərmişdi…