Artıq bir müddətdir ki, neft və qızılın qiymətində müşahidə edilən kəskin bahalaşmanın ardından bu həftə birjalar qəfil ucuzlaşma ilə açılıb. Bazar ertəsi Brent markalı neftin bir barelinin qiyməti 2,82 dollar ucuzlaşaraq 101 dollara düşüb. Nyu-York birjalarında isə neftin qiyməti 3 dollar azalaraq 97,30 dollara geriləyib.
Beynəlxalq analitiklər neft qiymətlərinin enməsini ötən həftə geosiyasi müstəvidə baş verən hadisələrlə əlaqələndirirlər. Belə ki, ABŞ ilə İran arasında danışıqların yenidən başlamasına yönəlmiş diplomatik səylər, habelə ABŞ Federal Ehtiyat Sisteminin (FED) ötən həftə 2023-cü ildən bəri ilk dəfə faiz artımına getməsi neft qiymətlərinə əhəmiyyətli təsir göstərib.
FED-in ilin sonuna qədər əlavə faiz artımına gedə biləcəyinə dair gözləntiləri dolların da digər valyutalar qarşısında dəyərinin artmasına səbəb olub. Güclənən dollar isə neftlə yanaşı, qızılın da qiymətində dalğalanmalar yaradıb.
Azərbaycan iqtisadiyyatının da neft-qaz gəlirlərindən asılı olması ölkəni qlobal bazarlarda baş verən proseslərə həssas edir. Xüsusilə, gəlirlərin 85 faizinin bu sektor hesabına formalaşdığı iqtisadiyyat üçün neftin qiymətinin hər bir dollar ucuzlaşması və ya bahalaşması öz təsirini göstərir.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ilin birinci yarısında neftin bir barelinin orta satış qiyməti 94,5 dollar təşkil edib. İcmal və dövlət büdcəsinin formalaşdırılmasında isə neftin bir bareli 65 dollar qiymətindən hesablanıb.
Hələlik dünya bazarında neftin ucuzlaşmasının ölkə gəlirlərində mənfi təsirləri sezilmir. Lakin digər tərəfdən, yüksək inflyasiya risklərinin qalması idxal inflyasiyası təhlükəsini də gündəmdə saxlayır.
Bu baxımdan bazar ertəsi qlobal bazarda yaşanan dalğalar Azərbaycan üçün maraq kəsb edir.
Amerikadan gələn qərar neft və qızılın qiymətlərində gərginlik yaradıb
ABŞ Federal Ehtiyat Sisteminin (FED) sentyabrın 16-da faiz dərəcəsini 0,25 faiz bəndi artıraraq 4%-ə çatdırmasına baxmayaraq, ABŞ fond indeksləri bu gün yüksəlib. Bununla belə, neft qiymətlərinin ucuzlaşması enerji sektorunun indekslərdən geri qalmasına səbəb olub. İnvestorlar hazırda 2027-ci ilin ortalarına qədər daha üç faiz artımı gözləyirlər. Bunlardan birinin 2026-cı ildə baş verməsi nəzərdə tutulur.
ABŞ-ın ən böyük kommersiya banklarından biri olan U.S. Bank-ın analitikləri bildirirlər ki, ABŞ-İran müharibəsinin başlamasından sonra yaranan enerji şoku və süni intellekt bumundan qaynaqlanan kapital xərclərinin birgə təsiri qiymət təzyiqlərini o qədər güclü saxlayıb ki, FED faiz dərəcəsini dörddə bir faiz bəndi artıraraq 3,75-4,00 faiz aralığına çatdırmağı zəruri hesab edib.
“İran münaqişəsi faiz dərəcələrinə əsasən enerji qiymətləri vasitəsilə təsir edir. Neft axınlarının məhdudlaşdırılması nəqliyyat və istehsal xərclərini artıra bilər. Lakin mövcud neft ehtiyatlarından və inventarlardan istifadə, neft hasilatının artması, alternativ daşınma marşrutları və tələbdəki dəyişikliklər bazarda yaranmış pozuntunu müəyyən qədər kompensasiya etməyə və neft qiymətlərini hazırda yüksək, lakin nəzarət olunan səviyyədə saxlamağa kömək edib. Əgər məhdudiyyətlər davam etdiyi halda bu kompensasiyaedici amillər zəifləsə, neft qiymətlərinin daha uzun müddət yüksək qalması inflyasiya təzyiqini yenidən gücləndirə, istehlak xərclərini azalda və şirkətlərin mənfəətinə mənfi təsir göstərə bilər”, – U.S. Bank-ın məqaləsində qeyd edilir.
Beləliklə, ABŞ-nin sərt pul siyasəti ilə bağlı gözləntilərin dolları gücləndirməsi neft və qızılın qiymətinə təzyiq göstərən səbəblərdən biridir. Dolların ötən həftə 1 faizdən çox bahalaşması neftlə yanaşı, qızılın qiymətinə də təsir edib. Qızıl və neft dollarla qiymətləndirildiyinə görə, güclü dollar digər valyutalardakı alıcılar üçün bu məhsulları bahalaşdırır və tələbi zəiflədə bilir.
Xatırladaq ki, ABŞ-nin İrana hücumundan sonra qlobal bazarlarda qeyri-sabit vəziyyətin yaranması mərkəzi bankların qızıl alışına marağını artırmışdı. Belə geosiyasi gərginlik dövrlərində qızıl əsas təhlükəsiz liman hesab olunur. Nəticədə son bir ildə qızılın qiyməti rekord həddə çatmışdı.
Lakin yüksək inflyasiya təzyiqləri və faiz dərəcələrinin yüksək olması qızılın saxlanma xərclərinin artmasına və faiz gəliri gətirməməsi səbəbindən ona olan tələbin azalmasına səbəb olub.
Beləliklə, bazar ertəsi əmtəə birjalarında qızılın bir troya unsiyasının qiyməti 36,4 dollar azalaraq 4 388,5 dollara qədər düşüb. Gümüşün qiyməti isə 0,62 dollar azalaraq 66,53 dollara enib. Ekspertlər bu ucuzlaşmanın davam edə biləcəyini proqnozlaşdırırlar.
ABŞ və İran razılığa gəlir?
Bütün bunlarla yanaşı neftin ucuzlaşmasına təsir göstərən digər amillərdən biri də ABŞ və İran arasında danışıqların başlamasıdır. Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid əl-Ənsari yerli mediaya verdiyi açıqlamada bildirib ki, təxminən iki həftədir Vaşinqtonla Tehran arasında danışıqların yenidən başlaması üçün müxtəlif ideyalar üzərində iş aparılır.
Bölgədə sabitliyi təmin edəcək bir həllə və Hörmüz boğazı kimi strateji su yollarını qoruyacaq beynəlxalq yanaşmaya ehtiyac olduğunu vurğulayan Ənsari bildirib ki, su yollarının müəyyən bir ölkənin suverenliyinə tabe edilməsi və silah kimi istifadə olunması hər kəs üçün təhlükə yaradır.
Beynəlxalq analitiklərə görə, Vaşinqtonun razılaşma əldə etmək istəyinə dair açıqlamaları ABŞ-İran gərginliyinin azala biləcəyi və regionda tədarük risklərinin aşağı düşə biləcəyi ilə bağlı gözləntiləri gücləndirib. Bu da neft qiymətlərinin aşağı istiqamətdə hərəkətini dəstəkləyib.
Digər tərəfdən, Yəməndə fəaliyyət göstərən husilərin Səudiyyə Ərəbistanının Şərq-Qərb neft boru kəmərinə hücumlarından sonra bazarlarda müəyyən gərginlik yaranmışdı. Bununla yanaşı, Səudiyyə Ərəbistanı neft ixracının həcmini artırıb. Xarici mediada yer alan məlumatlara görə, Səudiyyə Ərəbistanının sentyabr ayında xam neftin gündəlik ixrac həcmi 4 milyon barel təşkil edib. Bu, 2013-cü ildən bəri ən yüksək göstəricidir. Məsələn, avqust ayında bu göstərici gündəlik 2,4 milyon barelə qədər düşmüşdü.