Bu gün, noyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Qəzetçi-nin məlumatına görə, qapalı keçirilən məhkəmə prosesində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun qızı Kamilə Əliyeva şahid qismində ifadə veriblər.
Məhkəmə prosesi qapalı keçirildiyindən şahidlərin ifadələrinin məzmunu barədə məlumatlar prosesdən xəbərdar mənbələrə istinadən yayılıb.
Ramiz Mehdiyev məhkəmə iclasına onlayn qaydada qatılıb və divanda uzanmış vəziyyətdə ifadə verib. O, Əli Kərimli ilə heç bir münasibətinin olmadığını bildirib.
“Mən hər hansı bir dövlət çevrilişinə hazırlaşmamışam. Həmin məktub İlham Əliyevə ünvanlanıb və tövsiyələrimdən ibarət olub”, – deyə Mehdiyev vurğulayıb.
Fuad Qəhrəmanlı ilə bağlı video görüntülərə münasibət bildirən Ramiz Mehdiyev onunla heç bir əlaqəsinin olmadığını deyib.
“Mən Eldar Əmirov (köməkçisi- red.) vasitəsilə heç kimə məktub və ya pul göndərməmişəm. Fuad Qəhrəmanlı və Fazil Əliyevlə heç bir tanışlığım, əlaqəm və münasibətim olmayıb”, – Mehdiyev bildirib.
Müdafiə tərəfinin vəkilləri evindən aşkarlanan pulların mənşəyi ilə bağlı sual verəndə Ramiz Mehdiyev həmin vəsaitin özünə məxsus olduğunu deyib.
“1957-ci ildən işləyirəm və pulu yığmışam. Mənə məxsus puldur”, – deyə o vurğulayıb.
Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva da ifadəsində Əli Kərimlini qiyabi tanıdığını, ailəsinin onunla heç bir əlaqəsinin olmadığını bildirib. O, sözügedən məktubun atasının İlham Əliyevə ünvanladığı məktub olduğunu deyib.
Ötən məhkəmə proseslərində olduğu kimi, bu gün də polis Bakı Ağır Cinayətlər Məhkəməsinə gedən yolları nəzarətə götürüb. AXCP fəallarının məhkəmə binası qarşısına buraxılmadığı bildirilir.
Əli Kərimli və Məmməd İbrahim 2025-ci il noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər. Onlar Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi ilə bağlı istintaqa cəlb olunublar.
Hər iki siyasətçiyə qarşı Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə hakimiyyəti zorla ələ keçirməyə və ya zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə iştirak ittihamı irəli sürülüb.
Sonradan Ramiz Mehdiyevin işi ayrıca icraata ayrılıb.
İstintaq dövründə ev dustaqlığında saxlanılan Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Həmin prosesə də jurnalistlər və məhkəmə iclasını izləmək istəyən şəxslər buraxılmayıb.