“Nə? Harada? Nə vaxt?” yarışının iştirakçısına iki aylıq həbs cəzası

İlya Novikov. Foto: X (Twitter)

İlya Novikovun qiyabi həbs edildiyi bildirilir

“Nə? Harada? Nə vaxt?” (“Что? Где? Когда?”) intellektual televiziya yarışının keçmiş iştirakçısı, vəkil İlya Novikovun Rusiya ordusu haqqında “saxta” məlumat yaydığı üçün qiyabi həbs edildiyi bildirilir.

İlya Novikov “X” platformasında məhkəmə qərarının fotosunu paylaşıb.

Qərara cavab olaraq vəkil sosial şəbəkə hesabında artilleriya mərmisinin fotosunu yerləşdirib.

“Sevgilərlə. 14.02.24. İlya N.” başlığı ilə Rusiya hakimiyyəti ilə “Sevgililər günü mübadiləsi” etdiyini söyləyib.

Sənəddə qeyd edilib ki, vəkil Rusiyada saxlandığı və ya ekstradisiya edildiyi andan iki ay müddətinə həbs olunacaq.

Məhkəmənin qərarına səbəb Novikovun hələ 2022-ci ilin aprelində “Populyarnaya politika” (“Популярная политика”) kanalına verdiyi müsahibə olduğu bildirilir.

Verilişdə o, Rusiya hərbçilərini Buça şəhərinin sakinlərinin qətlində əli olmaqda ittiham edib.

İlya Novikov Rusiya Ukraynada hərbi əməliyyatlar başlamazdan öncə Kiyevə köçüb.

O, Rusiyada həm də siyasi təqiblərə məruz qalan Ukrayna vətəndaşlarının, xüsusən də Oleq Sentsov və Krım tatar fəallarının vəkili kimi fəaliyyət göstərib.

Novikov Kreml əleyhinə sərt bəyanatları ilə də yadda qalıb.

2022-ci ilin iyununda Moskva Hüquqşünaslar Palatası Novikovu vəkillik statusundan məhrum edib.

Noyabrın sonunda isə Rusiya Ədliyyə Nazirliyi Novikovu “xarici agentlər” reyestrinə salıb.

Eyni zamanda məlum olub ki, Rusiya Daxili İşlər Nazirliyi onu axtarışa verib.

2023-cü ilin oktyabrında isə Rusiya Federal Təhlükəsizlik Xidməti Novikova qarşı başqa “Dövlətə xəyanət” maddəsi ilə iş açıb.

Xidmətin məlumatına görə, Novikovun vətənə xəyanəti “düşmən tərəfinə keçməsi” olub.

İlya Novikov hazırda Ukraynada vəkillik fəaliyyətini davam etdirir.

Fevralın 14-də Rusiya Prezidenti Vladimir Putin Rusiya ordusu barədə saxta məlumatlar yayanların əmlakının müsadirə edilməsi haqqında qanunu imzalayıb.

Rusiya Cinayət Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, ordu və dövlətin təhlükəsizliyinə qarşı yönəlmiş ictimai çağırış edənlərin və ya yalan məlumat yayanların əmlakları müsadirə olunacaq.

Ana səhifəMədəniyyət“Nə? Harada? Nə vaxt?” yarışının iştirakçısına iki aylıq həbs cəzası